“Torpaqlarımızım işğal altında saxlanılması təbii resursların talanması və digər cinayət əməlləri ilə yanaşı, həmin ərazilərdə fauna və floraya külli miqdarda ziyan vurulmasına, bitki zərərvericililəri ilə mübarizə tədbirlərinin aparılmamasına gətirib çıxarıb”.
APA-nın məlumatına görə, bunu "Bitki sağlamlığı və elmi tədqiqatlar" mövzusunda regional videokonfransda çıxışında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA) Qoşqar Təhməzli bildirib. Onun sözlərinə görə, rəşadətli Azərbaycan Ordusu tərəfindən Ermənistanın təcavüzünə qarşı keçiriıən əks-hücum əməliyyatları nəticəsində işğaldan azad olunan ərazilərdə çəkilən kadrlar, Ermənistanın ekoloji terroru nəticəsində həmin ərazilərdə bitki örtüyünün necə məhv etdiyi bir daha bariz nümayiş etdirilib.
AQTA sədri qeyd edib ki, BMT Baş Assambleyası tərəfindən 2020-ci ilin beynəlxalq bitki sağlamlığı ili olunmasının əsas məqsədi bitki sağlamlığının təmin edilməsi üçün görülən tədbirlər, eləcə də bitki aləminin əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandırmaqdır:
“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, dünya əhalisinin istifadə etdiyi qida məhsullarının 80%-i, yer kürəsinin 95 faizə qədər oksigeni bitki aləmi tərəfindən formalaşır ki, bu da bitki sağlamlığının qorunmasının zəruriliyinin ifadəsidir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, dünya əhalisini ərzaq məhsulları ilə təmin etmək üçün 2050-ci ildə kənd təsərrüfatı məhsulları 60 faizə qədər artırılmalıdır. Lakin hazırda dünyada baş verən qlobal iqlim dəyişikliyi bitki sağlamlığına ciddi ziyan vurur, məhsulun keyfiyyətini azaldır. Qlobal istiləşmə su ehtiyatlarının azalmasına, quraqlığa səbəb olmaqla yanaşı bitki və patogen orqanizmlər arasında münasibətlər də dəyişir. İqlim dəyişkənliyi səbəbindən zərərli orqanizmlər mövcud olmadıqları ərazilər üzrə yayılaraq öz arealını genişləndirir və yeni ərazilərdə inkişaf etməyə başlayır.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, dünya üzrə müxtəlif zərərli orqanizmlərin təsirindən kənd təsərrüfatında bitkiçilik məhsullarının illik itkisi təxminən 40%, onların ticarətindəki itkilər isə dəyər istifadəsində 250-300 milyard ABŞ dolları təşkil edir. Ona görə də bitki sağlamlığının qorunması üzrə birgə əməkdaşlıq səylərinin artırılması bəşəriyyət qarşısında duran aktual məsələlərdən biridir”.
Q.Təhməzli deyib ki, Azərbaycanda yabanı bitkilər də daxil olmaqla 4500-dən artıq bitki növü var:
“Bu da bütün Qafqazda mövcud olan bitki örtüyünün 70%-dən çoxunu təşkil edir. Ölkəmizdə bitki örtüyünə ziyan vuran karantin və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri dövlət vəsaiti aparılır və görülən səmərəli tədbirlər nəticəsində ilbəil məhsul itkisi, həmçinin zərərli orqanizmlərin yayılma arealının genişlənməsinin qarşısı alınır. Aparılmış fitosanitar tədbirlər nəticəsində Azərbaycandan ixrac olunan bitkiçilik məhsullarının zərərvericilərin aşkarlanması səbəbindən idxalçı ölkələr tərəfindən imtina halları əhəmiyyətli şəkildə azalıb. Azərbaycanın ixrac olunan qeyri-neft məhsulları içərisində bitkiçilik məhsulları sırasında birini yeri pomidor, pambıq, fındıq ləpəsi, giləmeyvələr və kartof məhsulları təşkil edir ki, bu məhsulların ixrac həcminin və coğrafiyasının genişlənməsi həyata keçirilmiş fitosanitar tədbirlər nəticəsində mümkün olub”.