Qonaq: Şahbaz Xuduoğlu
Qarşılayan: Günel Mövlud
Qonaq dost olanda, bu, ikiqat qonaqlıq olur. Hətta həmin aralar dostla aranızda gərginlik baş alıb gedirsə. Şahbaz bəyi dəvət eləməkdə hansısa ictimai, mədəni məqsədim yox idi. Eləcənə, uzun müddətdi ki, səhər yeməyini işimdən uzaq adamlarla yediyimdən, bir kitab adamı üçün darıxmışdım. Bu aralar Şahbaz bəylə demək olar ki, küsülü olduğumuza görə, onu dəvət etmək bir az naqolay iş idi. Amma dostluqlarının ictimai çəkisi olan adamlar arasında münasibətlərin bir özəlliyi var – bu, istənilən şərtlər altında o dostluğu hələ də hiss etmək özəlliyidir.
Yanılmamışdım. Dəvətimi əvvəl zarafata saldı, sonra günü-günə satmadan, yubandırmadan durub, gəldi. Beləliklə, qonağım “Qanun” Nəşrlər Evinin sahibi, naşir Şahbaz Xuduoğludur.
Pəncərənin qarşısında oturub, gözlədiyim yerdə, baxdım ki, tələsə-tələsə yaxınlaşır. Baxdığımı görüb, gülümsəyərək əl elədi və söhbətin şux notlarla müşayiət olunacağını bəri başdan təmin elədi.
Görüşəndə mən də zarafata saldım:
- Naşirim, siz lap, sevgi görüşünə gəlirmiş kimi tələsirdiz...
Gödəkçəsini soyuna-soyuna gülür:
- Sən mənim sevgi görüşünə necə tələsdiyimi harda görmüsən, yazarım?
- Təxmin eləyirəm...
Keçib əyləşirik. Söhbətə özü başlayır:
- Səhər yeməyinə dəvət almağın özündə çox xoş olan bir şey var. Bizdə axşamlar qonaqlıqlar olur, işgüzar yeməklər-filan. Amma səhər yeməyi ənənəsi yoxdur. Evdə insanlar özləri də səhər yeməyini şirin çayla, pendir-çörəklə yola verirlər. Bunu ənənəyə çevirməkdən də ki, heç söhbət gedə bilməz. Mənim səhər yeməyi ilə bağlı xoş xatirəm var. Bir dəfə dostum Xədicə İsmayılla axşam bir redaktə eləməliydik. İşimiz çox, vaxtımız az idi. Redaktəni ən qısa müddətdə çatdırmalıydıq. Bütün gecəni oturub, işlədik. Səhər də gedib restoranlardan birində səhər yeməyi yedik. İndi həmin iş, çəkdiyimiz zəhmət mənim yadımda deyil. Yadımda qalan odur ki, Xədicə ilə xoş bir səhər yeməyi yedik.
Xoş sözlərin üzərinə hərəmiz bir qəhvə sifariş verdik. Nə yeyəcəyimizi düşünənə qədər, qəhvələrimizi içə-içə söhbətimizi davam elədik. Şahbaz bəy bir günü o biri gününə, bir ovqatı o biri ovqatına uymayan adamdır. Məclisdə söhbətcil də ola bilər, qaraqabaq da. Çox iştahalı da ola bilər, çox həvəssiz də. Amma indi, görüşümüz onun həm iştahalı, həm də söhbətcil vaxtına düşmüşdü. Və biz hələ də səhər yeməyini müzakirə eləyirdik:
- Naşirim, öz aramızdı, siz də belə burjua ənənələrinə meylli adamsız. Restoranda səhər yeməyi-filan...
- Bunun burjuaya məxsus olub-olmaması vacib deyil. Əsas odu ki, çox xoş bir şeydi. Biri var, səhərini adi qida ilə açasan, biri də var, qarşına menyu gələ, gözəl bəzənmiş yeməklərdən seçəsən. Amma sənə bir şey deyim ki, yeməklərin xarici görünüşü də çox vaxt adamı aldadır. Baxırsan ki, üzdən çox cəlbedici görünür. Amma mahiyyətində elə də maraqlı bir şey yoxdur.
- Siz elə aldanmağa da meyllisiz...
Gülür:
- Əzizim, aldatmaq istəyində heç də həmişə məkrli şeylər olmur. Bəzən aldatmaq istəyən bunu bir şuxluq, xoş şeylər yaratmaq üçün eləyir. Əgər belə anlarda sənin aldanmağın bu şuxluğa xidmət eləyirsə, o xoş məqsədə kömək eləmiş olursa, niyə də bilə-bilə aldanmayasan?
- Naşirim, siz aldanmağa meylli olduğunuz kimi, mən də təsirlənməyə meylliyəm ha. Məni təsirləndirirsiz... Nə gözəl danışırsız, heç sizdən gözləməzdim.
- Niyə e, yazarım, niyə mənə həmişə belə haqsız yanaşırsan?
- Bəlkə, yeməyimizi zəhərə döndərməzdən əvvəl, sifariş eləyək, sonra davam eləyərik?
Gülüb, razılaşır və xidmətə müntəzir dayanmış ofisiantımız, eyni zamanda oxucumuz Taleh yaxınlaşıb, sifarişlərimizi götürür.
Taleh uzaqlaşır və söhbət qəfildən bu günlərdə ATV-dən uzaqlaşan sənətşünaslıq elmləri namizədi Elçin Əlibəylidən düşür. Şahbaz bəy onun televiziyadakı, ictimai, mədəni proseslərdəki xidmətlərindən danışır:
- Elçinin verilişi bir nəfəslik idi. Yeganə veriliş idi ki, insanlar hər bazar ertəsi oturub, gözləyirdilər ki, bu dəfə “El içində” hansı mövzunu müzakirə edəcəklər. Elçin fərqli düşüncələrdə, fərqli siyasi baxışlarda olan insanları bir araya gətirib, onların fikirlərini cəmiyyətə çatdırmağa cəhd eləyirdi, dəyərli insanları xalqa təqdim etməyin yolunu axtarırdı.
- Elə sizi də onun verilişlərindən sonra daha çox tanıdılar.
- Razıyam. Onun verilişlərinə çıxandan sonra elə-belə, məqsədsiz İrana getmişdim. Sərhədi adlayan kimi, sərhədçilər mənə yaxınlaşdılar ki, sizi tanıyırıq. ATV-də görmüşük. Bir tərəfdən pis olurdum ki, axı mən o verilişə çıxana kimi nə qədər proseslərdən keçmişəm, insanların hüquqlarını müdafiə etməkdən tutmuş, kitab nəşrinə qədər necə işlər görmüşəm, amma məni bir verilişə görə tanıdılar. Bir tərəfdən də sevinirdim ki, deməli insanlar bizə baxır, tanıyır, yadda saxlayır. Həm də İranda bizdəki kimi deyil, burada baş verənlər bizə sıradan gəlir, amma onlar açıq sözə, açıq söhbətlərə acdılar. Azərbaycandan gələn adam görəndə belə, sevinirlər.
- İrana məqsədsiz getmişdiniz?
- Hə.
- Sizi tanıyandan bu xasiyyətinizə təəccüblənirəm. Yaxşı mənada bir avaralığınız var elə bil. Məqsədsiz harasa gedə bilirsiniz, səfərlərə çıxırsız. İşgüzar da ola bilirsiniz, saatlarla işləyə də bilirsiniz. Lazım gələndə rəsmi də ola bilirsiniz. Bu nə xasiyyətdi?
- Əzizim, adam hərdən məqsədsiz də nəsə eləməlidi də. Bizdə standart məqsədlər var: dağın başına qalxırıqsa, orada mütləq kabab çəkməliyik. Bağa gediriksə, orada mütləq qonaqlıq təşkil eləməliyik. Dəniz kənarına gediriksə, yenə bir məqsədimiz olmalıdı. Amma hərdən dağın başına elə-belə də qalxmaq lazımdı. Dəniz kənarına məqsədsiz getmək lazımdı. Sadəcə baxmaq, duymaq, müşahidə eləmək üçün. Mən hərdən Bakı, Sumqayıt ətraflarına çıxıram, “ölü yerlər” kimi bilinən ərazilərdə insanların necə yaşadığına, sovet vaxtından oralarda qalan texnikaya – köhnə avtobuslara, estakadalara baxıram...
Söhbət qızışdı, gənc ofisiantımız yarızarafat, yarıciddi söhbətlərə gülümsəyə-gülümsəyə qulluqpərgarlığını nümayiş elətdirdiyi ərəfədə, mövzumuz hardan fırlanıb, Milli Kitab Mükafatının üstünə gəldi, bilmədim. Kiçik bir xatırlatma eləyim ki, Şahbaz bəylə AYO-çu yazarların, o cümlədən də mənim münasibətlərimizi gərginləşməsinə bu il onun MKM-in münsiflər sırasına qoşulmağı səbəb olmuşdu.
- Şahbaz bəy, aramızdakı münasibətlərin bu həddə gəlib çıxmağı yəqin ki, hamını üzdü. Eyni dəyərləri paylaşan adamlar onsuz da azdır, üstəlik, bir-birimizi də itirməli oluruq. Təbii ki, hansı müsabiqənin münsiflərinə qoşulmağınız sizin öz işiniz idi. Amma bizim aramızda bir dəyərlər dostluğu da var axı. Buna görə, məncə siz o qərarı verməzdən əvvəl, bizimlə söhbət edə bilərdiniz. Ehtimallarınızı bölüşə bilərdiniz, deyə bilərdiniz ki, məncə, münsiflər sırasında olmağım ədəbiyyatın xeyrinədir. Ola bilər ki, razılaşmazdıq, amma hər halda belə gözlənilməz olmazdı. Bu müsabiqə barədə eyni fikirdə olduğumuzu düşündüyümüz anda, siz qəfildən belə qərar verdiniz...
- Günel, sən günün iyirmi dörd saatını yazı ilə məşğul olan adamsan. Dostlarının çoxu da eləcə. Mən də günün iyirmi dörd saatını kitabla məşğul olan adamam. Siz yazı ilə bağlı mənimlə məsləhətləşmirsiz ki. Mən də bu qərarı verəndə özüm kimi, günün iyirmi dörd saatını kitabla məşğul olan adamlarla məsləhətləşdim. Və özümə, qərarıma qarşı elə bir aqressiya gördüm ki, bu qədərini gözləmirdim. Mən çox çalışdım ki, münasibətləri qaydasına salım. Danışaq, hamımıza uyğun bir yol tapaq. Amma bu məsələdə dostlar çox aqressiv davrandılar və razılığa gəlmək mümkün olmadı.
Fotoqrafımız gəlib çıxdı. Şahbaz bəy söhbətinə ara verib, fotoqrafımıza faydalı məsləhətlərini də verdi. Hətta rubrikanın foto qismi ilə bağlı iradlarını da bildirdi:
- Rubrikada fotosessiya bölümünü də göstərirsiniz. Amma orada fotosessiya olmur – sadəcə, fərqli kadrlar olur. Eyni fon, oxşar kadrlar...
Gülüb, zarafata salıram:
- Şahbaz bəy, fotosessiya alınmağı üçün biz sizinlə nə etməliyik ki? Deyin, fotosessiya eləyək...
Zarafatımı cavabsız qoymur:
- Sən belə danışırsan, indi mən məcburam yenə könüllü olaraq sənə aldanım...
- Yox, mən hələ o qədər təsirlənməmişəm...
Yeməyimiz gəldi və bayaq yarımçıq qalan söhbətimiz davam elədi:
- Sizə bir irad bildirmək istəyirəm və ümid eləyirəm ki, bu irad iştahamızı küsdürməyəcək. Söhbəti də çox uzatmayacam, çünki sizi bura mübahisəyə deyil, xoş ovqatlı bir söhbətə çağırmışam. Amma bu iradı sizə mütləq tutmalıyam.
- Buyur, əzizim.
- Mən sizin Rasim Qaraca ilə əvvəlki münasibətlərinizi bilirəm. Ona hörmət elədiyinizi, o adamı dəyərləndirdiyinizi bilirdim. Amma aranızda narazılıq başlayan kimi, mətbuata Rasim barədə elə şeylər danışdınız ki, məsələn, mən o söhbətləri özümə yaraşdırmazdım...
- Köhnə söhbətləri təzədən açıb-tökmək istəmirəm, amma mən o sözləri o vaxt dedim ki, Rasim mənim barəmdə böyük bir yazı yazdı. Məni incidən, onlarla səmimi olduğuma görə peşmançılıq çəkməyə məcbur edən şeylər danışdı. Guya onların mənimlə dostluq etmələrinin kökündə konspirativ məqsədlər varmış, guya məndən Maksvel Perkins yaratmaq istəyirmişlər.
- Bunu bilirəm, amma Rasimin “Ən yeni ədəbiyyat” layihəsi ilə eyni adda sayt yaratmağı mübarizə üsulu olmadığı kimi, sizin də ona oxşar və hətta daha betər arqumentlərlə cavab verməyiniz doğru deyildi. Hətta Rasim siz deyən kimi, mətbəədə adınızdan istifadə etmiş olsaydı, münasibətləriniz sırf şəxsi zəmində pozulmuş olsaydı belə, az qala məişət xırdalıqlarına gedib çıxan söhbətləri mətbuata belə təfərrüatlı danışmağınız mütləq lazım idi?
- Haqlısan, əslində o müsahibəni verəndən sonra özüm də bir az peşman oldum. Gərginliyi o həddə gətirib çıxaran məsələləri sənə danışaram, amma bunları sən demiş, mətbuata çıxarmaq lazım deyil. Bilirsən, yazarım, dost da olsaq, biz də vuruşmalıyıq. Amma bizim əlimizdə olan qılınclar taxtadan olmalıdır. Biz vuruşmalıyıq, amma bir-birimizi yaralamamaq şərti ilə. Bizsə çox vaxt bir-birimizi elə vururuq ki, o zərbələr ölümcül olur. Mən belə qəddar olmağın əleyhinəyəm. Siz ədəbiyyat yazırsınız. Ədəbiyyatın məqsədi insanlığı qəddarlıqdan, zəhərdən xilas etməkdir.
- Amma bəzən ədəbiyyat elə qəddarlığın, zəhərin üzərində qurulur. Yazar kimi, bəzən qəddar olmağa məcbursan.
- Mən insanları zəhərləməyin tərəfində deyiləm. İstənilən halda zəhər xilas etmir, öldürür. Ədəbiyyat etirazın üzərində qurula bilər – amma o etiraz insanlığa xidmət etməlidir. İnsanın azadlığı, insanın hüquqları müqəddəsdir. İnsanın öz azadlığını, hüquqlarını dərk etməsi, müdafiə etməsi hesabına qəhrəman insan yaranır. Ədəbiyyatın etiraz etməyi, ədəbiyyatın mübarizə etməyi hesabına isə bütün xalq qəhrəman olur. Bunu isə zəhərin yox, sevginin gücü ilə eləmək olar.
- İndi də mən bərk təsirlənməyə məcburam. Siz elə bil günlərdir bu söhbətə hazırlaşırmışsınız. Söhbətinizdə qəfil çığırılan qonağa xas olmayan axıcılıq, səlislik var...
Gülümsəyib, çayından bir qurtum alır. Siqaret yandırıb, başını bulayır.
- Naşirim, bir neçə dəfə olub ki, söhbət əsnasında uşaqlığınızdan danışmısınz. Həmişə də çox təsirli danışırsınız. Amma yaxın dostlarınızdan biri bir dəfə dedi ki, siz uşaqlığınızdan ona görə danışırsınız ki, məclisdə olan gözəl qadının ürəyinə yol tapasınız...
- Həmin dostum özü bu fənddən çox istifadə etdiyinə görə, mənim barəmdə də belə düşünür. Amma mənim qətiyyən belə məqsədim olmur. Əslində heç uşaqlığından çox danışan adam da deyiləm. Yəqin ki, bir neçə dəfə söz düşüb, nəsə demişəm və təsadüfən hər dəfə də sən də orada olmusan. Nəinki uşaqlığından, mən ümumiyyətlə keçmişdən çox danışan adam deyiləm. Məndən uşaqlığım barədə nəsə soruşsan, təkcə bunu deyə bilərəm ki, çoxuşaqlı ailədə böyümüşəm. Vəssalam. Başqa təsirli, xatırlanası heç nəyim yoxdu.
- Nostaljidən qorxursunuz?
- Yox, amma keçmişdən danışmağı, keçmişə bağlanmağı mənasız bir vaxt itkisi hesab eləyirəm. Əvvəllər, sovet vaxtlarında belə şeylər vardı – kimin evinə qonaq gedirdinsə, sənə ailə albomlarını göstərirdi, köhnə şəkilləri nümayiş etdirirdi. Mən belə şeyləri sevmirəm. Bu, elə bil həyatı süni şəkildə, dartıb uzatmaq cəhdidir. Keçmişdən danışmaq və köhnə şəkillərə baxmaq – bunlar sevmədiyim şeylərdir.
Çayımızı bitirdik, söhbətlərimizin yönünü “Qanun” Nəşrlər Evinin yeni tərcümələrinə döndərdik. Şahbaz bəy yeni kitablardan, tərcümələrdən danışdı. Fürsətdən istifadə eləyib, bu yaxınlarda yazarınızın tərcüməsində oxuculara təqdim olunan “Omon Ra” (Viktor Pelevin) romanına görə məni təriflədi. Tərcümə işindəki yeniliklərdən, dilin problemlərindən danışdı. Zarafatdan başlayıb, iradlara keçən, bəşəri mövzulara köklənib, ədəbiyyata qayıdan söhbətimiz beləcə bitdi. Və sonda, ayağa qalxanda, Şahbaz bəy yaxınlıqdakı divanın üstünə atdığım əlcəkləri götürüb, gülərək mənə uzatdı:
- Qoy, əlcəklərin sənə öz əlimlə verim ki, onları mənə tərəf atmayasan...
Əvvəl çaşsam da, qonağımın nə demək istədiyini anladım:
- Həə, əlcək atmaq duelə çağırış deməkdi axı...
Şahbaz Xuduoğlu: “Mən belə qəddar olmağın əleyhinəyəm” - SÖHBƏT
7844