İştirak edirlər:
Qonaq – Nigar Köçərli
Qarşılayan – Günel Mövlud
Bu dəfə səhər yeməyinə qadın qonaq dəvət etmək az qala prinsipial məsələyə çevrilmişdi. İstənilən layihəyə kimisə dəvət etmək lazım gələndə kişi adları ilə dolu vərəqələri ələk-vələk eləməkdən adam bezir. Ay camaat, ölkədə nə qədər kişi olar?! Hansı sahəyə burnunu soxursan: kişi, kişi, kişi, kişi… barı xalqın bir dərdinə-oduna yarayalar, yenə təhəri olardı. Adama ağır gəlir e, hanı bu ölkənin qadını?
Ölkədə bir-iki ictimailəşmiş qadın xeylağı var, onlar da ki, Allaha şükür, «xəncərli xalalar»dı, yüz metrliyindən o yana yaxınlaşammazsan. Əsəbi, hikkəli, qaraqabaq…
Bu «xəncərli xalalar»ın fonunda gənc, yaraşıqlı, üstəlik də üzügülər bir neçə qadın var ki, onlardan biri də «Əli və Nino» kitab dükanları şəbəkəsinin sahibi, Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərlidir. Düzdü, təsis elədiyi müsabiqə ilə bağlı onunla aramızda soyuq müharibə başlayıb, amma kim deyir ki, düşmənlə səhər yeməyi yemək olmaz?
Allahdan, elə Nigar xanım da mənim kimi düşünürmüş: təklifimi o dəqiqə qəbul elədi, iki gün sonra tələsə-tələsə təşrif buyurdu onu gözlədiyim «Travelers Koffe»yə.
Salamlaşan kimi, Nigar xanım ofisiantı çağırıb, həvəs və iştahla bir yığın şey sifariş elədi. Belə arıq və incə xanımın bu qədər yemək yeyəcəyini gözləməyən gülərüz və ucaboy ofisiant (bu dəfə başqası idi, bunların da hamısını elə bil bircə-bircə seçirlər) bir-iki dəqiqə duruxandan sonra çıxıb getdi. O gedən kimi qonağım həmişəki kimi çılğınca əl-qolunu ata-ata, hündür səslə:
- Ay Günel, mənə elə gəlir, sən yazını artıq yazıb gəlmisən…
- Yoox, niyə elə fikirləşirsiz ki?
- Tanıyıram da, səni. Nu u tebya yazık: «Nigar xanımın müalicəvi əhəmiyyətli tüpürcəyi»…(gülə-gülə) ay qız, nə istəyirsən məndən?!
- Mənim sizinlə bir problemim yoxdu… həm də bu məsələyə bir azdan qayıdacağıq. Əvvəlcə bir şeyi bilmək istəyirəm. Sizin barənizdə danışanda mənə həmişə bir sualı verirlər, o sualın da cavabını verə bilmirəm. Siz Köçərlilər nəslindənsiniz?
- Bəli, Firudin bəy Köçərlinin və Tofiq bəy Köçərlinin nəslindən. Biz əslən Gədəbəyliyik. Amma anam Şəmkirlidi. Uşaqlığımız bu iki rayonda keçirdi. O yerləri indi də çox sevirəm. Çox isti uşaqlıq xatirələrim var oralarla bağlı. Uşaq vaxtı demək olar ki, bütün yayı Şəmkirdə, ana nənəmin yanında qalırdıq. İndi də o yerlərə həvəslə, sevgi ilə gedirəm. Sən də uşaqlığının keçdiyi yerlərə belə bağlısan?
- Açığı, keçmişimin məkanlarına daha qayıtmaq istəmirəm. Böyüdüyüm çadır şəhərciyini, yeniyetməliyimin üç ilini bircə kibrit dənəsi ilə yandırdılar və o şəhərcikdən bir ovuc kül qaldı. O vaxtdan ciddi mənəvi zədə almışam. Doğulduğum kəndi bu gün ermənilərdən geri ala bilsək, yəqin ki, ora getmək üçün bir neçə il özümü hazırlayaram…
Söhbətimiz o dəqiqə alınmışdı. Amma Nigar xanıma hər beş dəqiqədən bir gələn telefon zəngləri söhbətin tez-tez dəyişməyini səbəb olurdu. Bir neçə iri çaplı mövzudan sonra qonağımı uşaqlığına qaytara bilmişdim. Bəzilərinin ciddi-ciddi, bəzilərinin kinayə, bəzilərinin həsədlə «qlamur» təyinatı yapışdırdıqları Nigar xanım olduqca sadə, kövrək xatirələrini danışırdı :
- Atamgil çox kasıb idi. Nənəm çalışırdı ki, bizə kömək eləsin, amma birbaşa pul vermək yaxşı düşmürdü. Odu ki, mənə və bacı-qardaşıma iş tapşırırdı. Məsələn, deyirdi bu hovuzu boyasanız, hərənizə altmış manat pul verəcəm. Çalışırdı ailəmizə bu yolla kömək eləsin.
- Pul qazanmağı uşaqlıqdan öyrənmisiniz demək…
- Hə, görürdüm ki, iş görüb, əvəzində zəhmət haqqı almaq çox gözəl hissdir. Bilirsən, pulsuzluqdan, kasıblıqdan gözüm çox qorxub. O qədər kasıb olmuşuq ki, bir də o vəziyyətə düşməkdən qorxuram. Uşaqlığım, yeniyetməliyim ehtiyac içində keçib. Kasıblıqdan anam 14 il bir paltoda gəzdi. Palto elə vəziyyətə düşmüşdü ki, mən artıq o paltoya nifrət eləyirdim. O vaxt keçirdiyim ağrıları azaltmaq üçün indi anama çoxlu paltarlar alıram. Tez-tez gedib onun paltar dolabını açıram, paltarlarına baxıram, görəndə ki, çoxlu, bahalı paltarları var, heç nəyə ehtiyacı yoxdu, ürəyim açılır…
Ortaq xatirələrimiz başladı… qonağıma çadır şəhərciyində keçirdiyim illərdən danışdım. Mənim də uşaqlığım, yeniyetməliyim belə keçmişdi. Kasıb, ev-eşiksiz… Mən də uşaqlıqdan ailəmə kömək eləyə bilmək üçün pul qazanmağın yollarını axtarmışdım. Bircə fərqimiz var ki, mən qorxmuram o günlərə qayıtmaqdan. Əksinə, kasıblığın, ehtiyacın, zəhmətin gözümü qorxutmayacağı bir təcrübə verdiyinə görə, həmin illəri qürur və minnətdarlıq hissi ilə xatırlayıram…
Bayaq duruxub gedən ofisiant sifarişlərimizi gətirmişdi, özü də az qala qışqıra-qışqıra danışan iki xanımın yanından uzaqlaşmaq fikrində deyildi, elə yaxınımızdaca masalardan birinə dirsəklənib, qalmışdı. Gülümsəyə-gülümsəyə söhbətimizə qulaq verirdi. Qonağımın söhbətinə ara vermədən, tələsə-tələsə yeməyi eynimi açmışdı. Bunu özünə deyəndə, güldü, əlini yeməkdən soyutmadan:
- Tələsə-tələsə yeməyə də uşaqlıqdan vərdiş eləmişəm. O vaxt anam da, atam da işləyirdilər. Biz məktəbdən gələndə rahat olsun deyə, anam bişirdiyi yeməyi ya ədyala, ya yorğana büküb, qoyurdu. Biz də evə girəndə, tələm-tələsik bükülünü açıb, elə qazandanca yeməyə başlayırdıq. Hamımız tələsə-tələsə yeyirdik ki, o birindən çox yeyə bilək. Həm də axıra qalan yığışdırıb, qazanı yumalı idi, ona görə də hamımız tez doyub, çəkilmək istəyirdik. O vaxtdan bu vərdiş məndə qalıb, açığı heç tərgitmək də istəmirəm. Yemək insanın doğrudan böyük həzz aldığı nadir şeylərdəndir.
- Nigar xanım, iki ildi ki, söhbət və müzakirə mövzusu olan bir iş görürsünüz. İş bir yana, özünüz barədə də, pis çıxmasın, çoxlu söhbətlər gəzir. Guya kitab mağazalarını sizə həyat yoldaşınız bağışlayıb, əriniz böyük iş adamıdır, iri çaplı məmurlarla işləyir.
- Əzizim, sən mənə deyə bilərsən ki, niyə axı bu ölkədə heç kim inanmır ki, qadın özü bir iş görə bilər? Mən hara gedirəmsə, hansı şirkətə layihə təqdim edirəmsə, məndən birinci bunu soruşurlar: xozeyin kimdi? Deyirəm, otuz beş yaşlı bir qadın var sizin qarşınızda, sizə də ciddi iş təklif edirəm, niyə mənim arxamda mütləq kimsə dayanmalıdı? Hələ yaxşıdı ki, biznesimi həyat yoldaşımın adı ilə bağlayırlar. Halbuki, biz evlənəndə, İsmayıl cəmi 400 dollar maaş alırdı. Elə indi də biznesə deyil, ədəbiyyata yaxın adamdı. Bu biznesi özüm, maaşımı qəpik-qəpik yığaraq başlamışam. İlkin büdcəm və gətirdiyim kitab partiyası hələ də yadımdadı. Doqquz il əvvəl, 600 dollar pul yığmışdım. Bir neçə xanıma birlikdə iş qurmaq qərarına gəldim və kitab biznesini seçdim. Onda nə dükanım, nə də kitabları satacaq yerim vardı. Müxtəlif kitab dükanlarına gedib, utana-utana təklif edirdim ki, bir neçə kitab gətirim, satılanda pulunu verərlər. Dükanı ancaq yeddi il əvvəl aça bildim. Bu yaxınlarda məni bir verilişə dəvət etmişdilər. Bir neçə qadın var idi, dedilər ki, bu xanımlar biznesə başlamaq istəyirlər, onlara bəzi məsləhətlər verə bilərsiniz. Xanımlardan soruşdum ki, özünüzü hansı biznesdə görürsünüz? Hamısı ya kafe, ya da gözəllik salonu açmaq istədiyini dedi. Mənə maraqlı gəlir ki, necə ola bilər ki, iş adamı olmaq istəyən qadının ağlına kafedən ya da gözəllik salonundan başqa heç nə gəlməsin?
- Ona görə ki, burada gəlir dəqiqdir: potensial müştəri hazırdır. Qadınlar mütləq salona gedir, şəhərdəki iş-güclü adamlar boş vaxt tapan kimi, kafe-restoranlara axışır… bunlar riski çox az olan biznesdi. Amma kitab dükanının müştərisi ölkədə demək olar ki, yoxdu. Məncə, siz də dükanların yanındakı eyniadlı kafeləri elə oranın müştərilərinə kitab satmaq üçün açırsınız…
- Əslində belə düşünərək açmışdım kafeləri. Amma sonra müşahidə elədim ki, kafenin müştəriləri başqadı, dükanların müştəriləri ayrı. Yəni kafeyə girən kitab almır, kitab alan kafeyə düşmür. Buna görə də fikirləşirəm ki, gələcəkdə kafeləri sırf «kitab kafe»lərinə çevirim. Yeməkləri ləğv edim, ancaq çay, qəhvə, bir də yüngülvari sendviç-zad olsun. Kitabın yanında yeməyin olmağı heç məni açmır.
İkimiz də yeyib, danışıb, doyandan, çay dəsgahına keçəndən sonra Nigar xanım çoxmənalı-çoxmənalı gülümsəyərək, dedi:
- Olar mən də sənə sual verim?
- Əlbəttə, mən sizi elə ona görə dəvət etmişəm ki, söhbət edək. Buyurun.
- Əzizim, mənim müsabiqəmi niyə boykot eləmisən?
- Bilirdim, elə bunu soruşacaqsınız. Mən o müsabiqənin ədalətli keçdiyinə inanmıram.
- Niyə?
- Səbəbini mətbuata da, sizin qonağı olduğunuz radio proqramında da demişəm. Müsabiqədə elə yazarlar iştirak edirdi ki, onların əsərləri olan yerdə Qaraqanın romanı qalib gələ bilməzdi. Üstəlik, sizin münsiflər heyətinə seçdiyiniz adamların da nə ədəbi zövqünə, nə də ədalətli qərarlar verməyinə inanmıram.
- Səncə Çingiz Abdullayevin ədəbi zövqü yoxdu?
- Ədəbi zövqü olan adam elə kitablar yazmaz. Həm də söhbət təkcə Çingiz Abdullayevdən getmir. Münsiflər heyətinə seçilən adamların demək olar ki, hamısı oxşar siyasi baxışları olan adamlardı. Seçimin ədalətli olduğuna o vaxt inana bilərdim ki, heyətdə həm iqtidara, həm müxalifətə yaxın, həm də siyasətə qarışmayan yaradıcı adamlar olardı.
- Sən demək istəyirsən ki, mən bu müsabiqədə saxtakarlıq, ya da ədalətsizlik olduğuna göz yummuşam, ya da konkret olaraq, hansısa quruma işləyirəm?
- Yox, mən belə düşünmürəm. Siz təsisçisiniz. Kitabları ekspertlər seçəndən sonra münsiflərə təqdim etmisiniz. Onlar da özlərinə sərf edən qalib seçiblər.
- Onda sən belə düşünürsən ki, mən sadəlövh, məsum Qırmızıpapağam, münsiflər heyətindəki canavarlar da məni yola verib, istədiklərini eləyiblər, mən də heç nə başa düşməmişəm, hə?
- Alternativ variantdansa, mən bu varianta inanmaq istəyirəm.
- Sən və dostların deyirsiniz ki, Rafiq Tağı, Həmid Herisçi olan yerdə Qaraqan qalib gələ bilməzdi. Axı Nəsimi Milli Ədəbiyyat Müsabiqəsində də Həmid Herisçi və Rafiq Tağı vardı, amma Kamal Abdullanın kitabı 10 ilin kitabı seçildi. Niyə bu münasibəti həmin mükafatın da təsisçilərinə bəsləmədiniz?
- Əvvəla, bu mükafata heç birimiz kitab təqdim etməmişik, təsisçilər özləri seçilər iştirak edəcək əsərləri. İkincisi də, bu mükafatın MKM qədər nüfuzu olsaydı, bu qədər mükafat məbləği olsaydı, elə birinci mən etiraz edərdim. Təkcə Kamal Abdullanın qalib seçilməyinə deyil, Aqşinin şeirlər kitabı ola-ola mənim kitabımın “İlin şeir kitabı” seçilməyinə görə.
- Mən bu işə başlayanda, müxtəlif çevrələrdən olan dostlarımla məsləhətləşdim. Çalışdım ki, münsiflər heyətində təkcə ədəbiyyat adamları deyil, müxtəlif sahələrdə özlərini təsdiq etmiş, tanınmış adamlar olsun. Bu il də əlavə olunan adamlar müxtəlif yerlərdə mənə məsləhət görülmüş şəxslər idi. Buyurun, siz də öz fikrinizi deyin: siz bu müsabiqəni necə görürsünüz? Səncə orada təkcə müxalifətçilər olmalıdı?
- Niyə ki? Məncə həm müxalifətdən, həm iqtidardan olan, eyni zamanda siyasətə qarışmayan, ədəbi zövqə malik, obyektivliyinə inandığımız adamlardan ibarət bir siyahı tərtib etmək olar. Bu siyahını üç yüz respontentə göndərmək olar. Onlardan da yüz nəfəri Yazıçılar Birliyinin üzvu, yüz nəfəri müxtəlif ədəbi və ictimai qurumların üzvü, yüz nəfəri isə heç bir qurumun üzvü olmayan, amma ədəbiyyata və mətbuata yaxın adamlardan ibarət olsun. Və səslərin çoxluğu ilə 10 nəfər ya da daha çox münsif seçmək olar.
- Belə olsa, siz iştirak edəcəksiniz?
- Şəxsən mən iştirak edərəm. Nəinki iştirak etmək, həm təşkilatı, həm piar baımından da dəstəyimi əsirgəmərəm.
- Bax, danışdıq haaaa, (gülür) vur əlini!
Biz əl tutuşuruq və qonağım çay içə-içə MKM-in ötən ilki macəralarından danışır:
- Çox maraqlı şeylərlə rastlaşdım keçən ilki prosesdə. Əyalətlərə gedirdik, müsabiqə barədə məlumat verirdik, obyektivlikdən danışırdıq, hamı ürəklə alqışlayırdı. Sonra bir də görürdün, kimsə kənara çəkib deyir: «Nigar xanım, əgər bizim rayondan bir müəllif qalib gəlsə, biz xəcalətinizdən çıxacağıq». Sonra bilirdim ki, o rayondan iki müəllif əsər təqdim edib və seçilməli olan müəllifi də təxmin edirdim. Əsər təqdim edən müəlliflər özləri də mənə ən müxtəlif hədiyyələr göndərirdilər. Kişi ətirləri, nanəli bərk konfetlər, vaxtı keçmiş şokoladlar, pendir... Mənə həsr elədikləri, işimi gözəlliyimi vəsf elədikləri şeirlərini göndərirdilər. Verilişlərə çıxırdım, bölgələrə görüşlərə gedirdim, hamı da deyirdi ki, Nigar Köçərli deputat olmaq istəyir. Mənə maraqlıdı ki, bəyəm adamın mədəniyyətə, ictimaiyyətə xeyirli olan bir iş görməsi üçün, deputat olmaq istəyinin olması vacibdir? Yəni doğrudanmı bu ölkədə insan üçün ən yaxşı şey deputat olmaqdı? Ən ali məqsəd elə budu? Amma müsabiqənin qalibi elan olunandan sonra oldum «xalq düşməni». O şeir yazanlar, hədiyyə göndərənlər, mədhiyyə oxuyanlar yoxa çıxdı…
Biz səhər yeməyinə gəlmişdik, amma söhbətimiz o qədər uzandı ki, az qala günorta naharını da burada eləyəcəkdik. Qonağım danışa-danışa, arada «bağışla, çox danışdım, bilirəm» deyib, təzədən söhbətə davam edə-edə saatını yerə saldı, özünü unudanda əlini ora-bura vurdu. Arada «tələsmirsən ki, mən hələ indi başlayıram» deyə-deyə kitab dükanlarından, müsabiqədən, öz həyatından, yazar dostlarımdan danışdı.
Mübahisələrimizin bir qismini həll edəndən, düşmənçiliyimizi ara-sıra dondurub, birlikdə bir-iki aksiya planlaşdırandan və nəhayət, doyandan sonra söhbətimizi bitirdik. Nigar xanım bizdən uzaqlaşmayan ofisianta baxıb:
- Bir də qadın qonaq dəvət eləmə, hamısı mənim kimi çoxyeyən, çoxdanışan olsa, sən bu kafeni müflis eləyəcəksən – dedi.
Nigar Köçərli: “Hara gedirəmsə, soruşurlar ki, xozeyin kimdi?...” - SÖHBƏT
10543