Yatmazdan 1,5 saat əvvəl qadcet və televizordan UZAQ DURUN
16 iyun 2023 09:42 (UTC +04:00)

Yatmazdan 1,5 saat əvvəl qadcet və televizordan UZAQ DURUN

Keyfiyyətli gecə yuxusu insan sağlamlığı üçün çox vacibdir. Statistikaya görə, yuxusuzluğa (insomnia) 30 faiz kişilərdə, 37 faiz qadınlarda rast gəlinir.

Lent.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-nevroloqu Aydan Sultanova deyib.

Həkim bildirib ki, yuxu norması 18 yaşdan 64 yaşadək şəxslərdə 7-9 saat, 65 yaşdan yuxarı şəxslərdə isə 7-8 saatdır: "Yeniyetmələr, yəni 14-17 yaş arası şəxslərdə isə bu, 8-10 saat təşkil edir. Orqanizmin tam bərpası üçün ən azı 7 saat lazımdır. "Çox qısa yuxu" adlandırılan yuxu 6 saatdan az davam edən yuxudur".

Həkimin sözlərinə görə, yuxusuzluğun orqanizmə bir sıra mənfi təsirləri var: “Onlara beyin fəaliyyətinin (diqqətin, yaddaşın, qavramanın) enməsi, immunitetin aşağı düşməsi (tədqiqatlara görə, kəskin respirator xəstəliklərə yoluxma riski 3 dəfə artır), insultun, ürək-damar xəstəlikləri riskinin artması, insulin dirənci, şəkərli diabet riskinin artması, artıq çəkinin yaranması, depressiv halların, suisidial fikirlərin artması kimi problemlər aiddir”.

A.Sultanova yuxusuzluğun bir neçə səbəbinin olduğunu deyib: “Bunlara misal olaraq, güclü stress, əsəbilik, depressiya, psixi pozuntular, alkoqolun, narkotik, psixotrop dərmanların qəbulu, müxtəlif lokalizasiyalı xroniki ağrılar, somatogen xəstəliklər (aritmiyalar, mədə-bağırsaq xəstəlikləri, endokrinoloji xəstəliklər və s.), vaxt və zonaların dəyişdirilməsi, səyahət, iş rejimi (gecə növbələri) kimi halları göstərmək olar. Həmçinin elektron cihazların çox istifadəsi beyni çox stimulyasiya edir. Narahat şərait - çox isti, çox soyuq hava, səs-küy, çox işıqlı məkan, çox yumşaq və ya sərt döşək, hamiləliyin son trimestri kimi hallar da yuxusuzluğun ortaya çıxmasına səbəb ola bilər”.

Həkimin normal yuxunun bərpası üçün məsləhəti isə belə olub:

“Emosional gərginlikdən uzaq durmaq, son qida qəbulunun yuxudan 3 saat əvvəl olmasına diqqət etmək, axşamlar qəhvədən, tünd çaydan, alkoqoldan imtina etmək lazımdır. Temperatur, rütubət, sakitlik, qaranlıq kimi halları nəzərə alaraq komfort şərait yaratmaq effektlidir. Rəqəmsal detoks, yəni yuxuya getməzdən 1.5 saat əvvəl bütün qadcetlərden, televizordan uzaq durmaq lazımdır. Yuxu ritualını duş qəbulu, pijama, yüngül masaj rejiminə uyğunaşdırmaq olar. Yuxusuzluğun müalicə metodları çoxdur, lakin peşəkar yanaşma olmasa, effektivliyi və keyfiyyəti az olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1767
avatar

Fidan İlqar

Oxşar yazılar