Sağ qalmaq üçün doğru bildiyimiz YANLIŞLAR
30 aprel 2022 19:16 (UTC +04:00)

Sağ qalmaq üçün doğru bildiyimiz YANLIŞLAR

Sağ qalmaq üçün bəzi doğru bildiyimiz şeylər var ki, əslində onlar yanlışdır. 

Lent.az bununla bağlı həkim-nevroloq Qalib Əsədovun araşdırmasını təqdim edir:

"Elektrik cərəyanı vurmuş şəxsi torpağa basdırmaq lazımdır” 

Bu fikir səhvdir. Çünki əgər elektrikvurma zamanı ürək-damar sisteminin fəaliyyəti pozulubsa, torpağa basdırılma sadəcə vaxt itkisidir. Eyni zamanda ürək-damar sisteminə yüklənməni bir qədər də artıracaq və faktiki olaraq xəstənin erkən qəbrə qoyulmasına səbəb olacaq. Xəstənin elektrik cərəyanı ilə əlaqəsi kəsildikdən sonra mütləq uzanıqlı vəziyyətdə kardioloqun müayinəsinə göndərliməli, ağır hallarda isə yerindəcə ürək-ağciyər reanimasiyası aparılmalıdır.


"İlanvurma zamanı turna qoymaq və yarada kəsik aparmaq lazımdır” 

Bütün bunlar yaranın ağır infeksiyalaşmasına, toxumalarda ciddi dəyişikliklərə səbəb olur və beləliklə xeyrinin olmaması bir yana qalsın, həm də birmənalı olaraq zərərli nəticələrə gətirib çıxarır. Əgər zəhərli ilan dişləməsi varsa, ağır hallarda yalnız zərdab kömək edə bilər. Nisbətən yüngül hallarda medikamentoz müalicəsi də bəs edə bilir. Nəzərə almaq lazımdır ki, ilanvurmaların təxminən 50%-i zəhərsiz dişləmələrdir.

"Angina(kəskin tonzillit) zamanı lüqol məhlulu ilə damaq badamcılqlarının silinməsi yaxşı effect verir”

 Təəssüf ki, ağına-bozuna baxmadan bunu edənlər anlamaq istəmir ki, tonzillitlərin təxminən yarısından çoxu virus mənşəlidir və onların sağalması belə bir prosedurdan asılı deyildir. Lakin bakterial (irinli) tonzillitlərdə isə damaq badamcıqlarının sıxılması irinli prosesin boyun toxumalarına keçməsinə və hətta beyindaxili infeksiyaya səbəb ola bilər. Düzdür, demirəm ki, bunun ehtimalı çox böyükdür. Lakin həyatla risk etməyə dəyərmi?


"Turşu və ya qələvi reaksiyalı kimyəvi maddələrlə yanıqlar zamanı neytrallaşdırıcı kimi onun əksi olan kimyəvi maddələr istifadə olunmalıdır” 

Məsələn, gözlərin və ya mədə-bağırsaq traktının turşu ilə kimyəvi yanıqlarında soda, qələvi məhlullarla yanıqlarında isə zəif bor turşusu məhlulu ilə neytrallaşdırmaq məsləhət görülürdü. 

Problem ondadır ki, söhbət canlı toxumadan gedir və artıq kimyəvi təsirə məruz qalmış toxuma üzərinə bir daha aktiv kimyəvi maddə əlavə edilməsi yenidən kimyəvi reaksiyalara səbəb olur. Nəticədə toxumalar daha çox zədələnir. Çıxış yolu ilk yardım kimi, sərin su ilə kifayət qədər yumaq və dəstəkləyici müalicə etməkdən ibarətdir.


"Uşağın udduğu kiçik və iti olmayan əşyaların hamısı təhlükəsizdir və təbii yolla - defekasiya aktı ilə çıxacaq" 

O biri yanlışlıqlara baxdıqda bu fikir, necə deyərlər, toya gediləsidir. Lakin ciddi bir istisna var: əgər uşağın udduğu yad cisim kiçik ölçülü batareyalardırsa, bu zaman mütləq endoskopik yolla çıxarılmalıdır. Çünki əks təqdirdə mədə-bağırsaq traktında fermentlərin təsirinə məruz qalan bu düymə şəkilli batareyalardan axan qələvi maddə yanıq və həyati qorxulu perforasiyaya səbəb ola bilər.


"Seftriakson və ya biseptol soyuqdəyməni bədəndən çıxarır”

"Soyuqdəymə" xəstəliklərinin böyük əksəriyyəti virus mənşəlidir və heç bir antibiotik və ya antibaketerial preparat viruslara təsir etmir. Virus mənşəli infeksiyada xəstəyə seftriakson və ya digər bir antibiotik vurulursa və xəstə sağalırsa bu antibiotikin effektli olması demək deyil. Sağalmağa imkan yaradan orqanizmin müdafiə qabiliyyətidir. Antibiotiklər isə belə şəraitdə ən yaxşı halda rezistent ştammların yaranmasını sürətləndirir. Ən pis hallarda isə allergik təsirlər də daxil olmaqla ciddi kənar təsirlərə səbəb ola bilir.


"Qıcolma və ya bayılma zamanı mütləq xəstənin ağzını hansısa alətlə açıb dilini çıxartmaq lazımdır”

Uzun müddətli bayılma və ya digər huş itirmə zamanı tonusun enməsi hesabına dilin və ya dilaltı sümüyün tənəffüs yollarının qapaması və boğulmaya səbəb ola bilməsi bir həqiqətdir. Lakin qaş qaraltdığı yerdə vurub göz çıxartmağa, yəni dişləri metal qaşıqla və ya burulğacla sındırıb ağızı açmağa və dili dartıb yerindən çıxartmağa da heç bir gərək yoxdur. Bu zaman uzanıqlı vəziyyətdə başı arxaya bükmək və alt çənəni qaldırmaq (head tilt-chin lift) və yaxud alt çənəni irəli itələmə (jaw thrust) prosedurlarını etmək kifayətdir. Vazo-vaqal və ya ortostatik bayılma zamanı isə xəstənin aşağı ətraflarının ən azı 45 dərəcə qaldırılması xəstənin huşunun yaxşılaşmasına səbəb ola bilir. 

Qıcolma zamanı xəstənin kəskin əşyalardan qorunmasını təmin etmək, başının altına yumşaq material qoymaq, üst paltarlarını, xüsusilə boyun nahiyəsini boşaltmaq və tənəffüs yollarına təhlükə yarandıqda (ağzı çox köpüklü və s.) xəstəni yana çevirməyə cəhd etmək lazımdır. Böyük əksər hallarda qıcolmalar 2-3 dəqiqədən az davam edir. Ona görə də zamana diqqət vermək lazımdır.


"Miokard infarktı və ya insult olmuş xəstəni tərpətmək olmaz” 

Əgər maddi vəziyyət imkan verirsə, bu xəstəyə oluna biləcək ən böyük yaxşılıq məhz onun yerindən "tərpədilməsi" - xəstənin uzanıqlı vəziyyətdə yüksək ixtisaslı müalicə müəssisəsinə tezliklə evakuasiya edilməsidir. Bu zaman xəstənin həyatını xilas etmək və onu əlil olmaqdan qurtarmaq mümkün ola bilər. Lakin istənilən halda miokard infarktı və ya insult olmuş xəstəyə ən böyük pislik onun evdə müalicə almasıdır. Çünki xəstə yüngül halda müalicəsiz də sağ qalacaq, ağır halda isə heç bir şansı yoxdur. Komada olan, sərbəst tənəffüs etməyən xəstənin həyatını ev şəraitində xilas etmək sadəcə mümkün deyil.

Qalib Əsədovun sözlərinə görə, bu miflərin yaranmasında və davam olunmasında təəssüf ki, bəzi tibb işçiləri də böyük rol oynayırlar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2325
avatar

Aytəkin Cəlali

Oxşar yazılar