Qızılcanın hansı fəsadları ola bilər? - HƏKİMDƏN XƏBƏRDARLIQ
15 dekabr 2023 15:32 (UTC +04:00)

Qızılcanın hansı fəsadları ola bilər? - HƏKİMDƏN XƏBƏRDARLIQ

Qızılcaya yoluxanlar arasında ən həssas kontingent məktəbəqədər və məktəb yaşlı uşaqlardır. Xəstəliyin törədicisi mühitdə davamsız olduğuna baxmayaraq (təqribən 2 saat ərzində məhv olur), yoluxma hava-damcı yolu ilə baş verir. Təəssüf ki, bəzi valideynlərin müxtəlif səbəblərdən immunlaşmadan imtina etməsi halları qızılca xəstəliyinin artmasına gətirib çıxarır.

Maraqlıdır, qızılcanın hansı fəsadları ola bilər və əhali daha çox nəyə diqqət etməlidir?

Lent.az xəbər verir ki, bu barədə suala Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun infeksionisti Afət Əkbərova cavab verib. 

Onun sözlərinə görə, virus tənəffüs yollarını və mədə-bağırsaq traktını zədələdiyi üçün fəsadlar bu sistemlərə daxil olan orqanlarda özünü büruzə verə bilər:

"Belə ki, seroz meningit, meninqoensefalit, sinusit, laringit, traxeobronxit, otit, yevstaxit, pnevmoniya və s. ağırlaşmaların yaranmasında ikincili bakterial infeksiyanın qoşulması da öz rolunu göstərir. Bu fəsadların rast gəlmə faizi risk qrupuna aid olan şəxslərdə xüsusilə yüksəkdir.

Özünüzdə və ya yaxınlarınızda xəstəliyin hər hansı bir simptomlarını müşahidə etdiyiniz təqdirdə, digərlərindən təcrid olunmaq, gigiyena qaydalarına, düzgün qidalanmaya, yataq rejiminə riayət etmək və həkim nəzarəti altında olmaq tövsiyə edilir. Qızılca xəstəsi ilə təmasda olduqda isə, 72 saat ərzində peyvənd və ya təmasın 5-ci günündən gec olmayaraq insan immunoqlobulinin yeridilməsi məsləhət olunur.

Qeyd edim ki, qızılca peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəliklərdən biridir. Aktiv immunizasiya yolu ilə bu xəstəlikdən, eləcə də onun fəsadlarından qorunmaq mümkündür".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8226
avatar

Fidan İlqar

Oxşar yazılar