Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzusu narkomanlar arasında yayılmış xəstəliklərlə bağlıdır.
Narkotik vasitələr mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan bitki və ya sintetik mənşəli maddələrdir. Toksik maddə olduğundan narkotik vasitələr insanın bütün orqanizminə, onun davranışına, psixi vəziyyətinə, düşüncə səviyyəsinə xüsusi təsir göstərir. Bunun nəticəsində şəxsiyyətin xarakteri dəyişir və əvvəlki sağlam vərdişlər itirilir, həyat tərzi dəyişir.
Maraqlıdır, narkotik maddə istifadəçiləri arasında ən geniş yayılmış xəstəliklər hansılardır?
Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova danışıb:
"Narkotik maddələrdən asılı olan şəxslərdə ən çox müşahidə olunan somatik ağırlaşmalardan aseptik qaydaları və immun sisteminin pozuntuları nəticəsində əmələ gələn müxtəlif infeksiyaları göstərmək olar. Narkotikləri vena daxilinə yeridən xəstələr arasında İnsanın İmmunçatışmazlığı Virusu (İİV), sifilis, hepatit B və C yoluxması çox yüksək dərəcədə müşahidə olunur" - o bildirib.