Ayaqlarda şişkinlik, bel ağrısı, cinsi əlaqə zamanı narahatlıq, yorğunluq, bağırsaq funksiyalarında dəyişikliklər və menstrual dövrün pozulması tez-tez gözardı edilən yumurtalıq xərçəngi əlamətləridir.
Lent.az xarici mediaya istinadla bildirir ki, həkimlərin iddiasına görə, yumurtalıq xərçəngini erkən mərhələdə aşkar etmək çətindir, çünki onun simptomları daha yüngül xəstəliklərlə asanlıqla səhv salına bilər. Adətən qadınlar qarında şişkinlik, çanaq nahiyəsində ağrı, tez doyma və tez-tez sidiyə getmə kimi daha açıq simptomlara fikir verirlər.
Lakin aybaşı dövrünün dəyişməsi və cinsi əlaqə zamanı narahatlıq kimi gizli əlamətlər tez-tez menopauza və hormonal dəyişikliklərlə əlaqələndirilir. Yorğunluq və həzm problemləri də çox vaxt stres və qeyri-sağlam qidalanma ilə izah edilir, buna görə də qadınlar bu əlamətlərə ciddi yanaşmırlar.
Xərçəngin daha gec mərhələlərində isə aşağıdakı simptomlar müşahidə edilə bilər:
Ayaqlarda şişkinlik – Şiş venoz yolları sıxdıqda, qan dövranı pozulur və ayaqlarda ödem yaranır.
Bel ağrısı – Çanaq nahiyəsində yığılan maye və ya toxumalara təzyiq edən şiş səbəbindən meydana gəlir.
Qeyd: Bu əlamətlərin uzun müddət davam etməsi və ya şiddətlənməsi halında dərhal həkimə müraciət etmək vacibdir.