Dilimlənmiş çörək rahatlığı ilə seçilir və hər gün milyonlarla insan tərəfindən alınır. Lakin mütəxəssislər bildirirlər ki, bu rahatlığın görünməyən mənfi tərəfləri də var. İstehsalçıların çox vaxt açıqlamadığı bəzi məqamlar alıcılar üçün vacib ola bilər.
Lent.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, çörəyin dilimlənməsi onun hava ilə təmas səthini artırır.
Hər bir kəsik hissə çörəyin daha tez qurumasına, kif əmələ gəlməsinə və aromasını itirməsinə səbəb olur. Bütöv çörək isə daxildəki rütubəti daha uzun müddət saxlayır və təzəliyini iki dəfə artıq qoruyur. Bundan əlavə, kütləvi istehsal zamanı istifadə olunan bıçaqlar müxtəlif növ çörəklərlə təmasda olur ki, bu da əlavə çirklənmə riski yarada bilər.
Qablaşdırmada kif üçün əlverişli mühit yaranır
Dilimlənmiş çörək çox vaxt kəsildikdən dərhal sonra qablaşdırılır və nəfəs almağa imkan verilmir. Bu zaman paket daxilində rütubətli buxar yaranır ki, bu da kif üçün əlverişli mühit hesab olunur. İstehsalçılar konservantlardan istifadə etsələr də, paket daxilində baş verən mikroskopik dəyişikliklərin qarşısını tam almaq mümkün olmur.
Tərkibində daha çox əlavə maddə olur
Mütəxəssislər bildirirlər ki, dilimlənmiş çörəyin dağılmaması, ovulmaması və yumşaq qalması üçün struktur yaxşılaşdırıcılar, stabilizatorlar, ətir gücləndiricilər və ferment qarışıqları istifadə olunur. Bu isə məhsulun təbii tərkibinə təsir göstərə bilər.
Bakterial çirklənmə riski artır
İstehsalat xətlərində bıçaqlar dəqiqədə onlarla çörəyi kəsir. Onlar dezinfeksiya olunsa da, tam steril mühit yaratmaq mümkün deyil. Bıçaqların səthində və mikroçatlarında maya göbələkləri, sporlar və bakteriyalar qala bilər. Bütöv çörəkdə isə bu risk daha aşağı qiymətləndirilir.
Qiymət daha yüksək olur
Dilimləmə və qablaşdırma xərcləri məhsulun son qiymətinə əlavə edilir. Üstəlik, tez xarab olduğu üçün istehlakçılar çörəyin bir hissəsini atmağa məcbur qalır və daha tez-tez yenisini alır. Nəticədə rahatlıq əlavə xərcə çevrilə bilər.
Əsl dad və aroma azalır
Mütəxəssislər qeyd edirlər ki, təzə bişmiş çörəyin sevilən ətri mexaniki dilimləmədən bir neçə saat sonra zəifləyir. Açıq məsamələr aromatik maddələri daha tez itirir və nəticədə çörəyin özünəməxsus dadı və qoxusu azalır.