<b> “Gördüm müəllim yemək yeyir, şoka düşdüm</b>” – SÖHBƏT
07 iyun 2014 14:00 (UTC +04:00)

“Gördüm müəllim yemək yeyir, şoka düşdüm” – SÖHBƏT

O, 1958-ci ildə Neftçalada dünyaya gəlir. Sonradan Şirvana köçürlər. Orta məktəbi də elə orada bitirir. Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur. Sonra...Sonrası məlumdu, əslində. İnilikdə isə Lent.az-ın “Məktəb illəri”nin qonağıdır. Ədliyyə müşaviri, polkovnik-leytenant, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rafael Cəbrayılov.

 

Deyir, 1966-cı ildə Neftçalanın Qırmızıkənd kəndində birinci sinfə gedib. Sovet hakimiyyətindən əvvəl kəndin adı “Xaraba kənd” olub. Sovet hökuməti qurulandan sonra kəndin adı dəyişib.

 

Xarabakənddən Şirvana

 

 

- Atam da, anam da, mən də o kənddə doğulmuşuq. Birinci, ikinci sinfi o kənddə oxumuşam. Üçüncü sinfi isə indiki Şirvan (Əli-Bayramlı) şəhərində.  Bu da atamın iş yerini dəyişməsi ilə əlaqədardır. Atam sürücüydü. Yük maşınını idarə edirdi. İş yerini Şirvana verdilər. Mən kənddə nənəmlə qalırdım. Məni o böyüdüb. Şəxsi keyfiyyətlərimin formalaşmasında rəhmətlik nənəmin böyük rolu olub. Əslində valideynlərim daha əvvəldən Şirvana köçmüşdülər. Mən iki il nənəmlə kənddə qaldım. Heç Şirvana getmək istəmirdim. Elə nənəm də. Amma atam istəyirdi ki, ailə bir yerdə olsun. Axırda köçdük. Üçüncü sinfi Şirvanda 9 saylı orta məktəbdə getdim.

 

 

 

- Məktəbi yaxşı yalnız əla qiymətlərlə oxumuşam. Elə kənddə də, Şirvanda da. Əslində mənə qızıl medal da verəcəkdilər. Attestatımdan dörd qiyməti yoxdur. O vaxt hüquq fakültəsinə iki il stajla qəbul edirdilər. İki il stajı olmayan adamların sənədlərini götürmürdülər. Orta məktəbi bitirəndə açıqca mənə dedilər, hüquq fakültəsinə getmə, onsuz da sənədlərini qəbul etməyəcəklər. Bu da pis səslənəcək ki, məktəbi qızıl medalla bitirdi, universitetə qəbul olmadı. Mən isə birmənalı şəkildə özümü yalnız hüquqşünas kimi görürdüm. Süleyman Rəhimovun “Mehman” əsərində Mehman obrazı vardı. Yaxşı prokuror idi. Hamı özünü ona oxşadırdı. Qərara aldım ki, hüquq fakültəsinə girib, prokuror olum. Həmin ili həqiqətən də mənim sənədlərimi hüquq fakültəsinə qəbul etmədilər. Getdim əsgərliyə. Qayıdandan sonra qəbul oldum. Arzuma çatdım. Universiteti fərqlənmə diplomu ilə bitirdiyimə görə təyinatımı özüm seçdim. Prokurorluq, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və sairə. Mən prokurorluğu seçdim. İlk işimə Sabirabadda baş müstəntiq kimi başladım. Təxminən 20 il prokurorluq orqanlarında işləmişəm, ədliyyə müşaviri rütbəsinə qədər ucaldım. Uğurla işləmişəm. 2005-ci ildə öz ərizəmlə prokurorluq orqanlarından çıxdım. Çünki deputat hüquq mühafizə orqanında çalışa bilməz.

 

 

“Bizim sinifdən kitab yazıblar”

 

 

- Mayın 23-də oxuduğum Şirvan şəhəri 9 saylı orta məktəbin 50 illik yubileyi keçirildi. Mən də iştirak etdim. Sinif yoldaşlarımızla birgə. Müəllimlərimizi gördük. Gözəl bir tədbir keçirdik. Çox mehriban sinfimiz olub. 76-cı ildə məktəbdən məzun olsaq da, bu günə qədər də biz görüşürük. İki-üç adam yox ha, hamımız yığışırıq. Qızlı oğlanlı. Hətta bizim sinif haqqında kitab da yazılıb. “Ömrün unudulmaz anları”. Kitabın müəllifi də sinif yoldaşımızdır. Qızlarımızdan eləsi var başqa rayonlara ərə gedib. Onları belə tapıb. Hər Ramazan ayında bazar günü bütün sinif yoldaşlarım toplaşıb müqəddəs yerləri ziyarət edir, orada qurbanlar kəsirik. Azı 30 nəfər oluruq. Keçən il orucluqda Yardımlıya getdik. Onlarla bir yerdə olanda deputat olduğumu unuduram, uşaqlaşıram.

 

“Dərsdən qaçmamışam”

 

- Bütün müəllimlər məni çox istəyirdi. Çünki hamısının dərsini beşlə oxuyurdum. Kimsə arxayın ola bilər ki, oxudum oxumadım atam məni universitetə qəbul etdirəcək. Amma mənim arxayın ola biləcəyim bir yer, oxumaqdan başqa çıxış yolum yoxuydu. Fəhlənin çörəyi ilə böyümüşəm. Atam yük maşını sürürdü. Çox zəhmətkeş ailəmiz var. Anam bir gün belə işləməyib. Evdar qadın olub. Ailədə doqquz uşaq olmuşuq. Altı bacı, üç qardaş. Mən ilk uşağam. Atam bizi çox yaxşı saxlayıb. O vaxtın sürücülərinin indikilərdən yaxşı qazancı vardı. Evimiz, yeməyimiz, paltarımız. Lakin  heç vaxt ehtiyat pulumuz olmayıb. Bunu da vurğulayım ki, mən çox varlı adamam. Atam da, anam da sağdır.

 Məktəbdə də, universitetdə də beş il birinci partada oturmuşam. Arxa partada oturmağın romantikasını hiss eləməmişəm. Bundan əlavə, dərsdən qaçmağın necə olduğunu da bilmirəm. On il orta məktəbdə, beş il universitetdə sinif nümayəndəsi olmuşam. Dərsdən necə qaçaydım? Əfsuslar olsun, dərsdən qaçmağın da romantikasını dadmamışam. BDU-da oxuyanda qrupda iyirmi beş nəfər idik. Qrupda iyirmi bir oğlan, dörd qız vardı. Uşaqlar qaçırdı. Tapşırırdım ki, qaçırsınızsa, hamınız qaçın. Yarınız qaçıb, yarınız qalmayın. O vaxtda Azərbaycanın bir futbol komandası vardı, o da “Neftçi”. “Neftçi” oynayanda oğlanların hamısı dərsdən qaçırdı.

 

“Direktorun qadın olduğunu görəndə...”

 

- Məktəbə getməmişdən məktəb həyatına hazırıydım. İlk müəllimim rəhmətlik əmim olub. Məktəbə gedəndə artıq qəzet oxuya bilirdim. Düzdü, indiki uşaqlar üçün bu sensasiyalı bir şey deyil. İndi kompüter əsridir. Kompüteri söküb-yığır məktəbə getməmişdən. O dövrün ümumi uşaq romantikası məndə də vardı. Elə bilirdim müəllim çörək yemir. Bir dəfə rəhmətlik nənəmlə getmişdik “zavuç”dan mənə icazə almağa. Bir az soyuqlamışdım. Tezdən idi. Dərs hələ başlamamışdı. Gördüm müəllimin əynində “pejama” səhər yeməyi yeyir. O təəssürat mənim ağlımdan heç cürə çıxmırdı. Heç cürə inana bilmirdim ki, müəllim “pejama” geyinib, yemək yeyir, necə deyərlər şoka düşdüm (Gülür). Birinci sinif müəllimim kişi müəllimi idi. Əfsər müəllim. Şirvana gələndə də müəllimim kişi oldu. Artıq beşinci sinfə keçəndə qadın müəlliməsi dərs keçdi. Mən Şirvana gələndə direktorun qadın müəllim olduğunu görəndə çox təəccüblənmişdim. Yuxarı siniflərdə sinif rəhbərim Tükəzban müəllimə sağ-salamatdır. Təqribən doxsan yaşı olar. Azərbaycan dili və ədəbiyyat dərsi deyərdi. O zamanlar ondan hədən artıq qorxardıq. Bəlkə də bir az qəribə səslənəcək qadından bu qədər qorxmağımız. Amma doğurdan da qorxardıq. Deyim, döyürdü? Yox, döyən deyildi. Sadəcə çox ciddiydi.

 

 

“Adamtutan olmaq istəyirsən?”

 

- Beşinci sinifdə oxuyanda botanika dərsini coğrafiya müəlliməsi dərs demişdi. Ona görə də bu fəndən zəifiydik. Altıncı sinifdə ayrı müəllimə gəldi, bizə nə qədər sual verdisə, cavab verə bilmədik. Dürsədəf müəllimə universiteti təzəcə bitirib gəlmişdi. O, botanikanı bizə necə sevdirdisə, respublika üzrə olimpiadada altıncı sinifdə oxuyanda üçüncü yer, səkkizinci sinifdə isə dördüncü yer tutdum. Hamı elə bilirdi mən həkim olacağam. Dürsədəf müəllimə də. Amma mən özümü həkim görə bilmirdim. Biləndə ki, mən hüquq fakültəsinə getmək istəyirəm, inanın, məni təhqir elədi. “Rüşvətxormu olmaq istəyirsən?  Dələduzmu olmaq istəyirsən? Adam tutanmı olmaq istəyirsən?” Onun ogünkü mimikası hələ də yadımdadır. Əllərimi göstərib, “barmaqlarına bax, əsl həkim barmaqlarıdır!”, dedi. Bəzi müəllimlər olur ondan qorxursan, elələri də var onu sevmək səviyyəsində çox istəyirsən. Dürsədəf müəllimə də elələrindəniydi. Mənəvi keyfiyyəti yüksək idi. Elə indi də elədi. Birmənalı şəkildə onu hamı çox istəyirdi.

Dördüncü sinifdə oxuyanda atam məni qarmona qoymuşdu. Mən də qarmonu yox, kamançanı istəyirdim. Habil Əliyev kamançada toyuq-cücə səsi belə çıxardırdı. Habil yaradıcılığının pik səviyyəsiydi. Kimsə, nəyisə yüksək peşəkarlıqla edəndə, fikirləşirdim bunu mən də bacararam. Çalışaram, edərəm. Sırf buna görə kamançaya getmək istəyirdim. Yoxsa, kamançaya da xüsusi həvəsim yoxuydu. Amma heç vaxt atama, “mən istəmirəm, mən eləmirəm”, deyə bilməzdim. Bu gün də deyə bilmirəm. Bizdə ailədə münasibətlər tamam başqadır. Mən indiyə qədər atamın yanında ayağımı ayağımın üstünə aşırmamışam, yanında uzanmamışam. Atama dedim, bəlkə kamançaya gedim? Dedi, yox qarmon yaxşıdır, “qarmon çala bilən o biri klavişli alətləri də çala biləcək”. Atamın bu sözünün üstündən daha etiraz edə bilmədim. Əlimdə sadəcə bir “kozır”ım vardı, dərslərim. Burnumu salladım, dedim, dərsimə mane olur. Beləcə, getmədim. Artıq Respublika prokurorluğunda işləyirdim. Təvazökarlıqdan kənar olsa da, deyim ki, mən istənilən mövzuda danışa bilirdim. Musiqidən başqa. Solfecionu qoydum qabağıma, başladım oxumağa. İndi mən musiqidən danışanda elə bilirlər mənim çox yaxşı musiqi təhsilim var. Amma bilmirlər ki, mən musiqidən bir not belə bilmirəm. Yalnız musiqi nəzəriyyəsini bilirəm. Müğənninin səsinin tenor, yaxud bariton olduğunu seçə bilirəm. Qadının səsinin soprano, yaxud alt olduğunu bəzi musiqi təhsillilər belə seçə bilmirlər. Bunu da ona görə öyrəndim ki, söhbət edəndə susmayım. Hamı elə deyir ki, Rafael bütün mövzularda danışa bilir. Yalnız o imici saxlamaq üçün musiqi nəzəriyyəsini öyrəndim.

 

***

 

 

- Dövr tamam dəyişib. O vaxt müəllim-şagird münasibəti başqa müstəvilərdə idi. Böyük, kiçik yeri vardı. “Sənin valideynini məktəbə çağıracağam” sözü çox  ciddi iradıydı. Amma bu gün hansı uşağa “sənin valideynini məktəbə çağıracağam”, desəniz, deyəcək “gözüm aydın, çağırın!”. Bu gün şagirdlər müəllimi elə zərurət qarşısında qoyurlar ki, o, məcbur qalıb şagirdə əl qaldırır. Bütün cəmiyyəti nəzərdə tutmuram, dar mənada ailənin iqtisadi durumu əgər bir az zəifdirsə, hökmən mənəvi dəyərlər deqradasiyaya uğrayır. Üstəlik də Azərbaycan keçid dövrü yaşadı, tarixi şəraiti dəyişdi. Bu özü də insanların mənəvi dəyərlərinin aşınmasına gətirib çıxardı. İnternet əsiri, normadan artıq demokratiya, böyük aşkarlıq mənəvi dəyərləri aşındırır. Bu da zamanla müəllim-şagird münasibətlərində özünü göstərir. 

# 4697
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar