Bu gün əməkdar artist Şəfiqə Qasımovanın 90 illik yubileyidir. O, 5 dekabr 1924-cü ildə Bakıda dünyaya gəlib. Balaca yaşlarında valideynlərini itirən Şəfiqə nənəsi tərəfindən böyüdülüb. 14 yaşında Maestro Niyazinin Bədii Rəhbərlik etdiyi və Həbib İsmayılovun baş rejissor olduğu Musiqili Komediya Teatrının Xorunda çalışmağa başlayıb. Gözəl səsə malik olduğundan dahi bəstəkar Üzeyir Hacıbəyov onu yaratdığı Filarmoniyanın xor Kapellasına dəvət edib.
1940-1942-ci illərdə Cahangir Cahangirovun Bədii Rəhbərlik etdiyi Filarmoniyada Salman Dadaşov, Şövkət Məmmədova, Xan Şuşinski, Sara Qədimova, Şövkət Ələkbərova kimi sənətkarlarla birgə işləyib.
İkinci dünya müharibəsi illərində Azərbaycan Konservatoriyasına qəbul olunur və 1951-ci ildən 1949-cu ilə qədər Əfrasiyab Bədəlbəylinin dəvəti ilə Akademik Milli Opera Teatrında çalışıb.
1956-cı ildən yenidən Musiqili Komediya Teatrında işləməyə başlayır. Şəmsi Bədəlbəylinin Bədii Rəhbər olduğu və yenidən açılan teatra ilk gələn aktrisalardan olub. Teatr ilk açılışına məhz Şəfiqə xanımın baş rolu ifa etdiyi “Durna” operettası ilə başlayıb. “Gözün aydın”, “Özümüz bilərik”, “Səndən mənə yar olmaz”, “Qızılaxtaranlar”, “Toy kimindir”, “Boşanib evlənərik”, “Ulduz”, “Qayınana”, “Nazxanım naz eləyir”, “Milyonçunun dilənçi oğlu”, “Hicran”, “Keto və Kote” və s. kimi tamaşalarda iştirak edib.
Uzun illər Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Hacıbala Bağırov, Səyavuş Aslan, Münəvvər Kələntərli, Əzizağa Qasımov, Lütfiyar İmanov kimi korifeylərlə bir səhnəni paylaşıb. 1986-cı ildə təqaüdə çıxıb.
Ş. Qasımova həm də bir çox kinofilmlərə də çəkilib. Rejissor Həbib İsmayılovun “Ögey ana” filmində Zeynəb rolunda, rejissor Tofiq İsmayılovun “Vulkana qarşı” filmində ana rolunda və s.
1994-cü ildən Mədəniyyət Fondunun "Solmayan ulduzlar" kollektivinə dəvət edilib. Səməd Vurğunun "Vaqif" tamaşasında Xuraman, Cəfər Cabbarlının "Solğun çiçəklər"ində Gülnisə obrazlarını yaradıb. Oynadığı Gülnisə roluna görə C. Cabbarlı adına mükafata layiq görülüb. Son illərdə Vaqif Mustafayevin "Manifest", “Milli bomba”, "20 Yanvar", “Yoxlama” və Hüseyn Mehdiyevin “Məkanın melodiyası” filmlərində rol alıb.
1960-cı ildə "Əməkdar artist" fəxri adına layiq görülüb. Şəfiqə Qasımovanın xalq artisti Əşrəf Həsənovla uğursuz evliliyindən sonra aktrisa görkəmli pəhləvan, 4 dəfə SSRİ çempionu, əməkdar idman ustası Musa Babayevlə ailə həyatı qurub. Onun 4 övladdan 8 nəvə və 6 nəticəsi olub. 2002-ci ildən prezidentin fəxri təqaüdünü alan aktrisa, 2008-ci il aprelin 3-də dünyasını dəyişib.