Azərbaycan Dövlət Film Fondu yeni sənədlərlə zənginləşdiriləcək. Fonddan Lent.az-a verilən məlumata görə, teatr sənətinin inkişafında, xüsusən gənc tamaşaçıların, məktəb şagirdlərinin, yeniyetmələrin estetik zövqlərinin münbit zəminə düşməsində xidmətlər göstərən xalq artisti Hüseynağa Sadıqovun şəxsi arxiv fondu yaradılacaq. Arxiv materiallarında xalq artistinin müxtəlif illərdə çəkdirdiyi fotolar, onun haqqında maraqlı yazılar və sənədlər var.
Bundan başqa fond tərəfindən xalq artistinin 100 illik yubileyinin keçirilməsi də nəzərdə tutulub.
Əslən Cənubi Azərbaycanlı olan Hüseynağa Sadıqov 21 mart 1914-cü ildə Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə kollektivin aktyor truppasına sınaq müddətinə qəbul olunub. 1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülüb. İlk vaxtlardan ona məsul rollar tapşırılıb. Hüseynağa Sadıqov 1 iyul 1956-cı ildə əməkdar artist, 9 fevral 1979-cu ildə xalq artisti fəxri adları ilə təltiflənib.
Hüseynağa Sadıqov 23 fevral 1983-cü ildə Bakıda vəfat edib.