<span style="color:red;">Xalq artisti:  “Onlar elə “mənəm-mənəm” deməyi bilir” - <span style="color:red;">MÜSAHİBƏ
19 dekabr 2014 11:22 (UTC +04:00)

Xalq artisti: “Onlar elə “mənəm-mənəm” deməyi bilir” - MÜSAHİBƏ

0

 

Xalq artisti Nəzakət Teymurova III Ümumrespublika Teatr Festivalında iştirak edən gənclərin gələcəyin böyük rejissor və aktyorlarına çevriləcəyinə əmindir. Lent.az ifaçının müsahibəsini təqdim edir:

 

- Bu gün teatr sahəsində yeni nəsil ciddi aktyorların yeri görünür. Baxırsan ki, aktyorlar şitləşib, hazırladıqları tamaşalar bayağıdır. Tamaşaçını zorla güldürməyə çalışırlar. Adamın gülmək əvəzinə, onların halına ağlamağı gəlir. Süni gülüş naminə  özlərini elə hala salırlar ki, adamın yazığı gəlir. Çox istərdim ki, Siyavuş Aslan, Yaşar Nuri kimi sənətkarlarımızın yerini tuta bilməsələr də, heç olmasa onların səviyyəsinə yaxın gənc nəsil yetişsin və boşluqları doldursunlar. Təəssüflə qeyd etməliyik ki, hazırda belə nəsil hələ də yoxdur. Bax, hazırda bilirəm ki, Gənclərin Ümumrespublika Teatr Festivalı start götürüb, ona  ümidim böyükdür. İnanıram ki, gəncliyə dəstək verən, onu ruhlandıran bu festival Azərbaycan teatrına öz töhfəsini verəcək.

- Teatrı seçən yeni nəsildən nə gözləyirsiniz?

- Vallah gənclik gözəllikdir, deyirlər, amma nədənsə gənclərimiz bu gözəlliyi TAM tapa bilmirlər. Əyləncə, ucuz şou arxasınca qaçırlar. Ciddi sənətin məsuliyyətini o qədər də dərk etmirlər. Təkcə teatr sahəsində deyil, bütün sahələrdə məsuliyyət hissi bir qədər azalıb. Mənim elə dərs dediyim tələbələr arasında da bunu görürəm. Buna görə də gənclərə məsləhətim budur ki, korifey sənətkarlarımızın keçdiyi həyat yoluna nəzər salsınlar. Görsünlər ki, onların həyatı və yaradıcılıq yolu o qədər də hamar olmayıb. Amma hansı çətinliklər hesabına gəlib zirvəyə çatıblar. Etiraf edək ki, indi  bəzi gənclərimiz bu sahənin ağırlığına dözə bilmirlər, istər maddi, istərsə də fiziki ağırlığına. Amma keç kim də birdən-birə gəlib zirvəyə çatmır. O pillələri min bir əziyyətlə qalxmışıq. Bax, mən Gənclərin Ümumrespublika Teatr Festivalını bir də ona görə alqışlayıram ki,  festival çərçivəsində olacaq ustad dərslərində  gənclər çox şey öyrənəcəklər. Ustadların sənətə baxışı, təcrübəsi, qazandığı uğurlar, sənətin incəlikləri... Gənclər başa düşəcəklər ki, səhnənin tozunu udmadan onun əziyyətini anlamaq çətindir. Mənəm-mənəmliyi içində boğmalısan! Bugünkü gənclərin çoxu elə “mənəm-mənəm” deməyi bilir. Onlara elə gəlir ki, heç kimin məsləhətinə ehtiyacları yoxdur. Əslində isə belə deyil. Odur ki, millət vəkili Jalə Əliyevaya xüsusi minnətdarlıq edirəm. Ona görə ki, gənclərimizə həm öyrənmək, həm də bacarıqlarını ortaya qoymaq üçün belə şərait yaradır.

Sizcə, bu festivalda iştirak edən gənclər arasından gələcəyin hansısa məşhur aktyor, rejissorları çıxacaqmı?

- Əlbəttə pozitiv düşünmək lazımdır. Özü də, yaxşı haldır ki, bu festivalda bölgə gəncləri də iştirak edir. Bölgələrimizdə istedadlı gənclər həddən artıq çoxdur. Təsadüfü deyil ki, bizim böyük sənətkarlarımızın da əksəriyyəti rayonlarımızdan gəlib. Gənclərin paytaxta dəvət olunması, istedadlarını nümayiş etdirmək üçün fürsət verilməsi olduqca təqdirəlayiqdir.

 

Qeyd edək ki, AR Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin, ASSİTEJ  - Azərbaycan Milli Mərkəzinin dəstək verdiyi Festivalın ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Gənclərin Ümumrespublika Teatr Festivalına 120-yə yaxın istedadlı, yaradıcı gənc qoşulub.

 Festivalın informasiya dəstəyi Lent.az xəbər portalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 243

Oxşar yazılar