Saytımızın 6 avqust sayında “SOS! Azərbaycanlı dahinin varidatı zirzəmidə çürüyür” başlıqlı yazı dərc olunmuşdu. Yazıda dahi Üzeyir Hacıbəylinin ev muzeyinin zirzəmisində yerləşən fondun vəziyyəti barədə yazmışdıq. Qeyd etmişdik ki, muzeyin təmirindən sonra bəstəkarın fondu iki kiçik otaqdan və dəhlizdən ibarət zirzəmiyə köçürülüb. Zirzəmidə fondla yanaşı təsərrüfat otağı, mətbəx və ayaq yolu yerləşir. Fondun döşəməsi parket əvəzinə metlaxla döşənib. Divarlar nəmişlikdən ovulub tökülür. Elmi köməkçi fondda pəncərə əvəzinə iki kiçik nəfəslik var ki, onlar da həyətə açılır. Bu otağa havasızlıqdan, nəm, rütubət iyindən ümumiyyətlə girmək olmur. Ən əsası isə fond dəmir qapı ilə bağlanıb plomblanmalı olduğu halda biz buna rast gəlmədik. Fondun qapısı adi taxtadan hazırlanıb. Pəncərələrdə isə dəmir barmaqlıqlar belə yoxdur. Bir sözlə, xüsusi temperatur rejimində qorunmalı olan əşyalar rütubətli zirzəmidə çürüyür.
Yazı ilə bağlı Üzeyir Hacıbəylinin ev muzeyindən redaksiyamıza cavab məktubu göndərilib. Məktubda deyilir: “Üzeyir Hacıbəylinin ev muzeyi 1975-ci ildə bəstəkarın 90 illik yubileyi münasibəti ilə Heydər Əliyevin sərəncamı və böyük dəstəyi nəticəsində yaradılmışdır. 38 ildir muzey kimi fəaliyyət göstərən bu evdə bəstəkarın həyat və yaradıcılığını əks etdirən müxtəlif memorial əşyalar, sənədlər, fotolar, əlyazmalar və s. qorunub saxlanılır. Bu illər ərzində Üzeyir bəy irsinin tədqiqatçıları, jurnalistlər, fotomüxbirlər, tarixçilər, tələbələr və başqaları diplom işləri, namizədlik işləri, elmi məqalələr yazdıqda materiallar əldə etmək üçün muzeyin fonduna müraciət edirlər. Muzey işçiləri tərəfindən onların burada işləməsi üçün yüksək səviyyədə şərait yaradılır. Bu günlərdə növbəti müraciət Lent.az saytının jurnalisti Xəyalə Muradlı tərəfindən oldu. Jurnalist xanım muzeyin fondu ilə bağlı material hazırlamaq niyyətində olduğunu bildirdi. Onun da fondda işləməsi üçün lazımi şərait yaradıldı. Qeydlərini etdikdən sonra o, fondda olan bəzi eksponatların fotolarını da çəkdi. Lakin jurnalist xanım nəticədə 7.VIII.2013-cü il tarixində Lent.az saytında - “SOS! Azərbaycanlı dahinin varidatı zirzəmidə çürüyür” başlığı altında tamam başqa bir yönümlü yazı ilə çıxış etdi. Yəqin ki, bunu oxuyan hər bir azərbaycanlı təəssüf hissləri keçirmişdir. Halbuki burada yazılanlar heç də həqiqətə uyğun deyildir. Burada informasiyanı özünə sərf edən şəkildə təqdim edərək, ictimaiyyətə “SOS”, “sensasiya” kimi çatdırmaq qərəzi ortaya çıxır. X.Muradlının reportajında həmçinin muzeyin sabiq direktor əvəzi Səadət Qarabağlının da müsahibəsi yer alıb. Görəsən jurnalist niyə məhz 8 il öncə muzeydə direktor əvəzi işləmiş S.Qarabağlıdan müsahibə götürməyi lazım bilmişdir? Bizcə burada da növbəti qərəzçilik özünü büruzə verir. Vaxtilə nazirliyin sərəncamı ilə muzeydən kənarlaşdırılmış S.Qarabağlının dedikləri təəssüf ki, qısqanclıqdan doğan fikirlərdən başqa bir şey deyildir...”
“...8 il öncə dövlət tərəfindən müasir standartlara uyğun ikimərtəbəli bina tikilib muzeyin istifadəsinə verildi. Muzeyin fondu da məhz bu binanın alt qatında yerləşdirilmişdir. Burada temperaturun sabitliyi üçün kombi sistemi, modern kondisionerlər quraşdırılmışdır. Bütün bunlardan başqa fonda yeni mebellər, lazımi avadanlıq, kompüter və s. gətirilmişdir. Bir sözlə, fond tamamilə yeniləşmiş və əşyaların qorunması üçün yararlı hala salınmışdır. Bunu muzeyimizə gələn hər bir tamaşaçı - alim, tədqiqatçı, jurnalist, tələbə və b. təsdiq edə bilər...”
“...Jurnalist Xəyalə xanımın isə fondun pəncərələrində dəmir barmaqlıqlar ola-ola (bəli, bu faktla bağlı muzey rəhbərliyi ilə razıyıq – red.) onu inkar etməsi onun muzeyə xüsusi missiya ilə gəldiyini bir daha sübut edir.
Öz növbəmizdə isə onu deyə bilərik ki, muzey fondunda heç bir əşya xarab olmayıb. Əksinə keçmiş fondda yararsız hala düşmüş hər hansı bir əşya vaxtaşırı Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi bərpa mərkəzinə göndərilir, orada bərpa olunaraq yenidən muzeyə qaytarılır və burada müasir cihazlarla havalandırılmış və işıqlandırılmış otaqlarda mühafizə olunur.
Bütün bunlardan nəticə çaxarmaq olar ki, burada məqsəd Üzeyir bəyin irsini “xilas etmək” deyil, “SOS! Sensasiyon” bir xəbər hazırlamaq və bununla da gündəmə gəlməkdir. Sonda isə onu demək istəyirik ki, heç bir kəsin təəssübkeşliyinə, dırnaqarası cəfakeşliyinə ehtiyac yoxdur. Dövlətimiz də, muzeyin əməkdaşları da Üzeyir bəyin ev muzeyini və onun qoyub getdiyi irsi göz bəbəyi kimi qoruyur.
Üzeyir Hacıbəylinin ev muzeyi”.
Redaksiyadan: Məktubda Səadət Qarabağlı ilə bağlı hissəni ixtisarla verdik. Çünki orda yazılanların reportaja heç bir aidiyyatı yoxdur. Reportajdakı faktlar qalıb bir kənarda, muzeyin keçmiş direktorunun söylədiklərinə münasibət bildirilib.
İkincisi, əməkdaşımızın fonddan reportajında, məktubda qeyd olunan mənada heç bir “xüsusi missiya” olmayıb. Missiyamız dahi Üzeyir bəyin irsinin məhv olmasından yana keçirdiyimiz narahatlığı cəmiyyətə çatdırmaqdır. Bütün hallarda, fondun yerləşdiyi yer, bu tipli müəssisə üçün yararlı görünmür və bizim də istəyimiz bu irsin saxlanması üçün daha yaxşı şərait yaradılmasıdır ki, zənnimizcə, bu istək fond rəhbərliyinin və cəmiyyətimizin də istəyinin eynidir.
Səadət Qarabağlı ilə bağlı yazılan fikirlər istisna olmaqla, məktubu olduğu kimi dərc etdik. Bu cavab məktubu, bu da reportaj və çəkilən şəkillər (http://news.lent.az/news/133882 )