Fevralın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında üç dövlətin – Türkiyə, Belorus və Azərbaycanın opera sənəti ulduzlarının ifasında tamaşa olacaq. Teatrdan Lent.az-a verilən məlumata görə, həmin gün görkəmli italyan bəstəkarı Cakomo Puççininin “Toska” operasının tamaşası keçiriləcək.
Tamaşada “Toska” partiyasını Türkiyə KİV-nin “Türk operasının divası”, “Qızıl səsli soprano” adlandırdıqları, Vokalçıların Bülbül adına VI beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatçısı, İstanbul Opera və Balet Teatrının aparıcı solisti Dəniz Yetim, “Kavaradossi” rolunu isə Türkiyənin məşhur və istedadlı tenoru, Ankara Opera və Balet Teatrının aparıcı solisti və eyni zamanda bu teatrın direktoru vəzifəsində çalışan Aykurt Çinar ifa edəcək.
Teatrın rəhbərliyi tamaşasında əsas partiyalardan biri olan “Skarpiadanı” Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belorusun Xalq Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromovu dəvət edib. Tamaşada həmçinin Azərbaycanın xalq artisti Əli Əsgərov, əməkdar artist Əkrəm Poladov və gənc solist Cahangir Qurbanov çıxış edəcək. Drijor xalq artisti, Dövlət Mükafatı laureatı, professor Rauf Abdullayevdir.