Sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi tanınmış türkiyəli bəstəkar Emre Dündara aid "Bir sən, bir İstanbul" mahnısının klipi çəkilib. Lent.az-ın məlumatına görə, klip İstanbulun bir sıra tarixi və məşhur yerlərində çəkilib. Tədbirdə çıxış edən Q. Paşayeva əsəri və klipi bəyəndiyini deyib, əsərin bəstəkarı Emre Dündara, ifaçısı Oya Ergünə və klipin çəkilişində əməyi keçən hər kəsə təşəkkür edib.
Türkiyənin tanınmış vokalçısı Oya Ergün bu mahnı və klipin Azərbaycan və Türkiyədəki dinləyicilər tərəfindən bəyəniləcəyinə və seviləcəyinə inandığını deyib: “Bu klip Azərbaycan və Türkiyə telekanallarında yayımlanacaq və nümayiş olunacaq”.
Təqdimat mərasimində iştirak edənTürkiyə səfirliyinin mədəniyyət müşaviri Seyid Ahmet Arslan, TRT-nin Bakı ofisinin rəhbəri Yüksel Değercan, Azərbaycanın bir sıra ictimai-siyasi və sənət insanları, KİV nümayəndələri əsəri və klipi çox bəyəndiklərini və tamaşaçıların da onu bəyənəcəklərinə ümidvar olduqlarını deyiblər.
Qeyd edək ki, Oya Ergün tərəfindən ifa edilən "Bir sən, bir İstanbul" mahnısı ifaçının yeni çıxan "Ruhum" adlı albomuna daxildir. Sənətçi bu albomdan gələn gəliri şəhid ailələrinə bağışlayıb.