Nizami Kino Mərkəzində tanınmış gürcü rejissoru, SSRİ Xalq Artisti Rezo Çxeidzenin 1965-cü ildə çəkdiyi və 2013-cü ildə müasir texnologiya ilə rəngli bərpa edilmiş “Əsgər atası” bədii filmi nümayiş olunub.
Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Xalq Artisti Şəfiqə Məmmədova və “Space” telekanalının prezidenti, Xalq Artisti, kinorejissor Vaqif Mustafayev Azərbaycan və gürcü xalqı arasında mövcud olan tarixi dostluq əlaqələrindən söz açıblar.
Mərasimin iştirakçılarına minnətdarlığını bildirən Rezo Çxeidze Azərbaycanda mədəniyyətə, incəsənətə göstərilən dövlət qayğısını, xüsusilə də müasir filmlərin çəkilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirib.