Rəşid Behbudov adına Mahnı Teatrında xalq artisti Şəfiqə Axundova ilə vida mərasimi keçirilib.
APA-nın məlumatına görə, mərasimi giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev qeyd edib ki, Ş.Axundovanın vəfatı Azərbaycan musiqi sənəti üçün böyük bir itkidir: «Şəfiqə Axundova ustad bəstəkar, yenilikçi musiqiçi olub. O, Üzeyir bəyin tələbəsi olub və həmişə bununla qürur duyub. Şəfiqə xanım bir pedaqoq kimi ömrünün böyük hissəsini Mədəniyyət və İncəsənət Universitetində keçirib və özünü bütün musiqi sahələrində sınayıb. Lakin onun qəlbi vokal musiqisinə bağlı olub. O, 600-dən çox musiqi bəstələyib. Ölkəmiz, dövlətimiz onun sənətini həmişə yüksək qiymətləndirib».
Mərasimdə iştirak edən Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov bildirib ki, Ş.Axundovanı itirməklə böyük epoxa başa çatıb: «Şəfiqə xanım xoşbəxt sənətkar idi. O, ömrünün sonuna qədər müəllim adına, müəllim amalına sadiq olub. Şəfiqə xanım təkcə bəstəkar yox, həm də gənc bəstəkarlar üçün ideal olub. Onun yaradıcılığının şah damarı mahnı janrı idi. Bu mahnılar Azərbaycandan kənar da sevilib, dinlənilib. Şəfiqə xanım böyük, şərəfli ömür yaşayıb və o, heç vaxt unudulmayacaq».
Ailə, Qadın və Uşaq Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Ş.Axundovanı tarix yazan qadın kimi qiymətləndirib: «Azərbaycanın qadın tarixi çox zəngindir. Biz bu tarixlə həmişə fəxr etmişik. Bu gün qadın tariximizi yazan insanlardan biri ilə vidalaşırıq. Şəfiqə xanım gözəl insan, gözəl ana idi və onun kimi yaşamağa dəyərdi».
Xalq artisti Canəli Əkbərov isə Üzeyir bəyin sonbeşiyi olan Şəfiqə xanımın hər cür ehtirama və hörmətə layiq olduğunu vurğulayıb: «Onun yaradıcılığı Azərbaycan musiqisini gülüstana çevirdi. Mən sevinirəm ki, onun operasının baş qəhrəmanı olmuşam».
Ombudsman Elmira Süleymanova bəstəkar haqqında xatirələrini bölüşməklə yanaşı, Ş.Axundovanın xidmətləri haqqında da söz açıb: «Bu gün Azərbaycan xalqı böyük ürək ağrısı ilə özünün nəğməkar qızını, böyük bəstəkar xanımını itirdi. O, Üzeyir bəydən təkcə musiqini öyrənmədi. Öz müəllimindən insanpərvərliyi, gözəl insani keyfiyyətləri öyrəndi. Şəfiqə xanım bütün Azərbaycanı sevirdi, bütün azərbaycanlılara min könüllə bağlanmışdı. Bu böyük bəstəkarın həyatı keşməkeşli, çətin olub. Şəfiqə xanım həyatda nəyə nail olubsa, öz zəhməti və istedadı hesabına qazanıb».
Vida mərasimi başa çatandan sonra xalq artisti Ş.Axundova II Fəxri Xiyabanda dəfn olunub.