Nizami Cəfərov: “Qanun hazırlanıb, belə hallara son qoyulmalıdır”
Milli Məclisdə “Kulinariya haqqında” qanun layihəsi hazırlanıb. Bunu Lent.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov deyib. Komitə sədri bildirib ki, qanuna Azərbaycan Kulinariya Mərkəzi tərəfdən milli yeməklərin pasportu hazırlandıqdan sonra ehtiyac yaranıb: “Milli yeməklərin pasportlaşmasından sonra müəyyən qanunvericilik imkanları yaranıb. Bundan başqa, dünya ölkələri Azərbaycan yeməklərini mənimsəyərək öz adlarına çıxarır, özlərinə maddi və mənəvi qazanc əldə edirlər. Qanunvericilik bazası olanda isə bizə istinad etməyə məcbur olacaqlar. Biz də mədəniyyətimizi qorumalıyıq. Bu qanunun qüvvəyə minməsi bizə bu sahədə yeni imkanlar gətirəcək” .
Komitə sədri onu da əlavə edib ki, qanunda ictimai yerlərdə milli xörəklərin hazırlanma qaydaları öz əksini tapacaq: “Xüsusi ilə bir məqama diqqət etməliyik. Milli yeməklərin texnologiyaları var ki, bunlar pozulmamalıdır. Çünki yemək texnologiyalarının xalq yaradıcılığı kimi özünəməxsusluğu var. Hər kəs öz evində yeməyi necə bişirəcəyini özü bilər, amma ictimai yerlərdə yeməklərin dünyaya təqdim edilməsi bir yaradıcılıq hadisəsi kimidir. İctimai iaşə obyektlərində, yeməkxanalarda, restoranlarda xalqın yaradıcılığına dağıdıcı münasibət bəslənir. Bu hallara son qoyulmalıdır. Qanun layihəsi də bu məqsədlə hazırlanıb”.