Uzun illər İçveçrədə, sonralar Fransada yaşayan həmyerlimiz, rəssam, istedadlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Nadir Əliyev uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, Nadir Əliyev Fransanın Annemas şəhərindəki qəbiristanlıqlarının birində dəfn olunub. Vida mərasimində Azərbaycanın İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı, Annemas şəhər meriyasının üzvləri, mərhumun doğmaları və yaxınları iştirak ediblər. Qeyd edək ki, faciəvi hadisə nəticəsində iki il komada olan həmyerlimiz ikinci həyatına musiqiçi deyil, bir rəssam kimi qayıdıb. Bunun nəticəsi olaraq o bir-birindən rəngarəng sənət əsərləri yaradıb. Son illər Nadir Əliyevin Avropada daha çox rəssam kimi tanınması da bu səbəbdəndir. Rəssamın Parisdə, Cenevrədə, Kurşaveldə, San-Tropedə, Brüsseldə, Valettdə təşkil olunan fərdi sərgiləri nəinki sənətsevərlərin, hətta məşhur sənətşünasların, kolleksionerlərin diqqətini cəlb edib. Təsadüfi deyil ki, rəssamın əsərlərinin böyük qismi İsveçrə bankı, həmçinin Maltanın Milli bədii muzeyi tərəfindən alınıb.
1232