Qəbələ Mədəniyyət Mərkəzində III beynəlxalq incəsənət sərgisinin açılış mərasimi olub.
APA-nın məlumatına görə, Azərbaycan Mədəniyyət Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə “Portretlərin melodiyası”adı altında təşkil edilən sərgidə dünyanın 23 ölkəsini təmsil edən 158 rəssamın 291 əsəri nümayiş etdirilir. Sərgidə nümayiş olunan rəsmlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsərləri də yer alıb. Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Qəbələ III Beynəlxalq İncəsənət Sərgisinin iştirakçılarına ünvanlanan təbrik məktubu oxunub.
Mərasimdə SEBA-nın sədri Ruhəngiz Heydərova, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Vilayət İsmayılov, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan və Rusiyanın xalq rəssamı, akademik Tahir Salahov, Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Suk-İn çıxış edib. Sərgi iştirakçılarından 24 nəfər müxtəlif nominasiyalar üzrə diplomla təltif olunub. Azərbaycanın zəngin mədəni irsinin və milli-mənəvi dəyərlərinin dünyada tanıdılmasına və “Qəbələ III Beynəlxalq İncəsənət Sərgisi” layihəsinin həyata keçirilməsində göstərdiyi xidmətlərə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin fəxri diplomu ilə təltif olunub. Çıxışlardan sonra sərginin açılışını bildirən qırmızı lent kəsilib və əsərlərə baxış keçirilib.
Mütəxəssislər sərginin peşəkarcasına təşkil olunduğunu qeyd ediblər. Sonra mədəniyyət mərkəzində konsert proqramı təqdim edilib. Beynəlxalq sərgi mayın 19-dək davam edəcək.