Niyazi Mehdi: “Ermənilərlə toqquşduq, güllələr açıldı...” - SÖHBƏT
21 may 2013 13:37 (UTC +04:00)

Niyazi Mehdi: “Ermənilərlə toqquşduq, güllələr açıldı...” - SÖHBƏT

İllər öncə bir oxucudan məktub almışdım, professor Niyazi Mehdidən müsahibə götürməyimi istəyirdi. Onda Niyazi bəyi tanımırdım. Həmin vaxtdan tanımağa başladım... Nəhayət, bu günlərdə “Ayrı adam” layihəsinə dəvət elədim.  

 

- Sizcə, oxucu niyə sizdən müsahibə götürməyimi istəyib?

 

- Bu məsələdə ikimizə də kompliment var. Oxucu sizin müsahibə metodunuzu bəyəndiyi üçün deyir ki, noolar bu şəkildə Niyazi Mehdini də danışdırın. Mənə isə kompliment odu ki, nəsə ağıllı şeylər deyəcəyimə ümid edir.

 

Ancaq sizin oxucunun başqa amacı da ola bilərdi. Məsələn, bu Niyazi Mehdi özündən çox deyir, bir danışdırın, görək qabında nə var. Və ya sizə belə sataşmaq olar: Niyazi Mehdini danışdırın, görəcəksiniz ki, müsahibi danışdırmaq asan iş deyil. Gərək elə danışdırasan ki, alüminium qab kimi danqıldamasın, kilsə zəngi kimi cingildəsin…   

 

- Bizdə hansı olacaq?

 

- Dostum Şahbaz Xuduoğlu bir jurnalistə müsahibə verəndən sonra məni danladı ki, nəyə görə hər adama razılıq verirsiniz?! Jurnalist gərək ciddi hazırlaşsın, kitablarınıza baxıb suallar hazırlasın, bioqrafiyanızda biabırçılıq varsa onlarla bağlı nəsə soruşsun. İndi Şahbazın sözünə mən bir əlavə etmək istərdim. Qonaq da həmsöhbətinin o biri müsahibələri ilə tanış olmalıdı ki, keyfiyyətli cavablar verə bilsin.

Məncə, bizdə heç-heçə olacaq. Mən sadəcə eşitmişəm ki, Aysel Əlizadənin yaxşı müsahibələri olur, istedadlı şairədir və s. Ancaq konkret heç nə bilmirəm. Siz də.

 

- Professor, müsahibi tanıyıb tanımamaq, oxuyub oxumamaq məsələsinə qalanda öz adımdan deyim, sizin yazılarınızı oxuyuram. Yadınızdadısa, sizə "Boxça" adlı silsilə yazı da ithaf etmişdim. Düzdü, bizdə belə ithaf təcrübəsi  yoxdu. Adətən ithaf deyəndə mütləq yazının içində adamı tərənnüm edəcək şeylər yazılır. Sonra başa düşdüm ki, yazının niyə sizə ithaf olunmasını bilmirsiz. Özünüz dediz ki, yazı xoşuma gəldi, amma mənə nə dəxli vardı, anlamadım. İstəyirəm, indi fürsət düşmüşkən bunu sizə açıqlayım. "Boxça" ideyası sizin baş örtüyü-türbanla bağlı yazınızı oxuyandan sonra yarandı deyə mən yazını sizə ithaf elədim.

 

- Əziz Aysel, yazın yadımdadı. İthafının incəliyini tutmamışdım, bağışla.

 

- Müsahibə verməklə bağlı ciddi narahatlığınız olduğunu hiss eləyirəm.

 

- Azərbaycanda gülməli bir hal var. Hamımız az və ya çox yalan danışırıq, ikiüzlülük yapırıq. Nəinki yalan danışırıq, hətta məsələn, dostumuzun qadını ilə problemi olanda ona yalanın tekstini veririk. «Deyərsən ki…» konstruksiyası ilə. Ancaq yalançılıqla bir də görürsən “yerində saxtakarlığın” düşməni oluruq. Aysel xanım, mən düdüləyə-düdüləyə özümü, sizi peşmançılıq təhlükəsinə salıram. Ürəyinizdə düşünə bilərsiniz ki, peşman olduq bir söz soruşduq, nə qədər danışdı… Ancaq soruşdunuz, ürəyim doldu, deməsəm partlayar. Deməli, bizim jurnalistlər sanki psixoanalitikdilər. Xəstələrinə deyirlər, ağlına nə gəlirsə onları mənə de, sonra bütün sözlərini analiz edib nevrozunun nələrdən qaynaqlandığını tapacam. Heç nəyə qabaqcadan ciddi hazırlaşmırlar.  

 

- Qəşəng, işıqlı eviniz var, ay Niyazi bəy.

 

- Hə, çox sağ olun. İstəyirsiz evi gəzdirim sizə?

 

- Yox, kitabxananızla tanış edin.

 

- Əlbəttə, gəlin... (Kitabxana lap yaxında idi) - Bax bu mənim kitabxanamın bir hissəsidi. Qalanı bağdadı. Burda sevdiyim kitabları bir yerə yığmışam.

 

- Nə oxumağı sevirsiz?

 

- Çoxdandı heç oxumuram, ancaq yazıram. Bizdə Kamal Abdullanın “Gizli Dədə Qorqud” kitabını sevirəm. Şeir oxumağı sevmirəm. Amma Vaqif Səmədoğlunun 60-cı illərdə yazdığı şeirlər xoşuma gəldi. Lotmanın mənə həmişə təsiri olub. (Yuriy Lotman 1922-1993, ədəbiyyatçı, kulturoloq, semiotik)

 

- Necə əylənirsiz?

 

- Yeyib-içirəm. Yaşıma uyğun normal kişiyə layiq olan bütün əyləncələrə maraqlıyam.

 

- Şakiranı bəyənirsiz?

 

- Yox, mənimçün maraqlı deyil. Klassik musiqiyə hövsələm çatanda qulaq asıram. Köhnə, retro mahnıları dinləyirəm. Bizimkiləri sevməmişəm. Heç Bülbülü də dinləməmişəm. Xanımım Şövkət Ələkbərovadan ötrü ölürdü, amma mən heç onu da sevməmişəm. Elvis Persilini məsələn, o vaxt biz hamımız dinləyirdik. Bitlzı dəhşətli dərəcədə sevmişəm. Azərbaycan muğamlarını sevməmişəm. Ağdamda muğamı dinləyəndə ürəyim parçalanırdı. O nisgil, ağlaşma ürəyimi sıxırdı. Bakıya gələndən sonra Bakıda orta məktəbdə oxuyanda estrada musiqisi, məsələn, Rəşid Behbudov mənim üçün maraqlı oldu. Ancaq institutun ilk illərində birdən-birə Qədir Rüstəmovu eşitdim, mənə çox təsir etdi. Qədiri eşidəndən sonra muğamatı duymağa başladım. Çay gətirim?

 

- Əziyyət çəkməyin...

 

- Yox, qoy oğlumu çağırım çay gətirsin bizə. Toğrul...

(Toğrul bizi çaya qonaq elədi.)

 

- Üç oğlunuz var. Qız istəmisiz?

 

- Çoox...

 

- Mühafizəkar atasız?

 

- Yox... Toğrul, mən mühafizəkaram?

 

Toğrul:

 

- Mühafizəkar deməzdim, amma danışandı. Hər şeyə danışır.

 

- Atanızın sevdiyiniz cəhəti nədi, Toğrul?

 

Toğrul:

 

- Zarafatcıldı. Çox zarafat eləmir, amma edəndə çox gülürük.

 

Biz orda olanda Niyazi bəyin Almaniyada yaşayan oğlu Bakıda onlarda idi. Stefanla tanış olduq. Şəkil də çəkdirdik, baxmayaraq ki, görünməyi heç sevmir.

 

- Alman qadından oğlunuz olduğunu gizlətmədiz. Adamlar var, həyatlarının bu cür həqiqətlərini gizlədirlər.

 

- Niyə gizlədirlər?

 

- Bilmirəm. Sizcə, niyə gizlədirlər?

 

- Partiya işçisi olsaydım, yəqin mən də gizlədərdim. Mənim üçün gizlədib-gizlətməmək söz konusu ola bilməz. Bircə xanımımla (“həyat yoldaşım” sözündən zəhləm gedir) problem ola bilərdi, o da yoxdu, çünki evlənməmişdən qabaq ona demişdim. Özü də Dilarə xanım Stefanı mənim oğlum kimi yox, övladlarının qardaşı kimi sevir.

 

- Həyatınızın ən ağır günü yadınızdadı?

 

- O vaxt institutdan sonra Bankə qəsəbəsində hərbi toplanış keçirdik. Buna “sbor” deyirdik. Orda ermənilərlə aramızda vuruşma oldu. Oarovulçular güllə atdılar. Orda mən aktivistlərdən biri idim. Kamal Abdulla da xüsusi fəallardan idi. Bizi hədələdilər ki, güllə açıldığı üçün yoxlama gələcək, sizi tutacaqlar. Onda bir az həyəcan keçirdim. Sonra...anamın ölümü mənim üçün gözlənilməz oldu, ağır keçirdim. Yaşlı adamların ölümündə ümumiyyətlə bir ağırlıq var. Qocalığın özündə nəsə bir ağrı var. Pulsuz vaxtlarımız yəqin ki, ağır dönəmlər sayıla bilər. Hərçənd mən yoxsul deyiləm, amma ailə ehtiyac çəkəndə kişi bunu ağır yaşayır.

 

- Azərbaycanda qiymətli adam kimdi sizin üçün?

 

- ...Əslində çox maraqlı məsələdi. İnsan hansı insan qalereyasında özünü yaxşı hiss edir, tapır?.. Bu haqda düşünməyə dəyər. Misal üçün, Kamal, Rəhim Əliyev, həyatımda çox böyük rolu olan Zeynal Məmmədli mənim üçün qiymətlidi. Zeynalla Moskvada bir yerdə oxumasaq da yataqxanada bir yerdə qalmışıq. Bakıya gələndən sonra o məni Anarla tanış elədi. Anar Rəhman Bədəlovla tanış elədi, Rəhman Vaqif İbrahimoğlu ilə. Vaqif İbrahimoğlu Əli Abbasovla... beləliklə bir çevrə yarandı. Estafet prinsipi ilə getdi, getdi Gündüz Sarıyev də həyatıma gəldi. Çox maraqlı düşüncə məclislərimiz olurdu. Yüksək səviyyəli, yəqin ki, dünya intellektuallığı səviyyəsində söhbətlərimiz olurdu. Orda Vaqif İbrahimoğlu çox parlaq idi. İndiki zamanda Şahbaz Xuduoğlu, Qulu Məhərrəmli ilə münasibətlərimiz yaxşıdı. Bunlar hamısı mənim dünyamdı. Bunların hamısının qarşısında özümü borclu sayıram. İstəyirəm adları dövriyyədə olsun. Çünki qiymətli adamlardı.

 

- Yazılar yazırsız, hansı ehtiyacdan yaranır?

 

- Mənim indi gözümü yaşardan musiqi, qəlbimi titrədən yazı nadir hallarda olur. Fəlsəfi yazılarda da tekstin özü yox içində olan diskurslar məni çəkir. Şeirdə də əslində baxsan əsas məsələ misralardı. İçimi boşaldıram yəqin ki...

 

- Kimi oxuyursuz bizim şairlərdən?

 

- Dediyim kimi şeiri o qədər də sevmirəm. Əvvəl Ramiz Rövşəni oxuyardım. İndi Salam Sarvan mənə maraqlı gəlir. Şeirlərində diskurslar çoxdu. 

 

- Ənənəvi sualım var sizə də verəcəm.

 

- Buyur, əzizim.

 

- Sevgi nədi sizin üçün?

 

- Sevgi vəhdətdi. Ortaçağın povesti var - “Bəxtiyarnamə” - orda da var bu fikir. Vəhdət deyəndə iki nəfərin özünü bir nəfər kimi hiss eləməsini nəzərdə tuturam. Düzdü, qarşılıqsız sevgilər də olur. Amma yenə də sevən adam özünü sevdiyi ilə vəhdətdə hiss edir. Kiminlə özünü vəhdətdə hiss edirsənsə onu sevirsən. Sevgi ilə bağlı əlavələrim də olubdu. Sevginin ciddi problemi odu ki, insan sevdiyini korlayır. Ata-ana uşağını korlayır, qadın-kişi bir-birini korlayır. Əsl sevgi azad adamlarda olur. Sevginin prinsipi ruh  prinsipidi. Məsələn, Allah-Təala varsa, o hər yerdə var. Ancaq azad adamlar gerçəkdən sevə bilir. Əsl sevgi görməmiş olmayanların sevgisidi.

 

- Azərbaycan qadınları kişilərdən nəylə fərqlənirlər?

 

- Bizim qızlar oğlanlardan ağıllıdılar. Bizim qızlar yəhudi kimidilər. Necə ki, böyük millətin içində olan xalq istedadlı, bacarıqlı olmağa məcbur olur, eləcə də bizim kimi cəmiyyətlərdə qadınlar daha ağıllı olurlar. Qərb qadınları şərq qadınlarından daha passivdilər bu mənada. Çünki onlar ayaqda qalmaq, əzilməmək üçün heç bir çaba göstərməli olmurlar. Onların bütün hüquqları qorunur. Onlar azaddılar. Şərq qadını isə çox aşağılanır, basılır, alçaldılır, qınanır, çox haqsızlığa məruz qalır, ona görə də özünü qorumaq üçün vasitələr düşünməyə məcbur olur.

 

Bu dəm bizi diqqətlə dinləyən oğlu Toğrula baxıb soruşur:

 

- Razı deyilsən?

 

Toğrul:

 

- Yox.

 

Niyazi bəy:

 

- Nəylə razı deyilsən?

 

Toğrul:

 

- Sevgi ilə bağlı dediklərinlə.

 

Niyazi Mehdi:

 

- Arqumentini de.

 

Toğrul:

 

- Məncə sevgi sevincdə bir də kədərdə özünü biruzə verir. Ata ananın da sevgisi belədi, qadın-kişi sevgisi də. Hətta Allaha da sevgi kədərli və sevincli anlarda üzə çıxır.

 

Niyazi Mehdi:

 

- Maraqlı yanaşmadı. Mən də məsələn, həmişə fikirləşmişəm ki, niyə Quran oxuyanlar ağlamsınırlar? Quranda Allahın sözləri yazılıbsa belə çıxır ki, Allah da ağlaya-ağlaya göndərib o sözləri? Məntiqlə düz gəlmir axı. Demək adamlar o qədər səhvə yol veriblər ki, Allah adını belə qorxa-qorxa, kədərli formada çəkirlər.

 

- Kiməsə sualınız var, Niyazi bəy?

 

- Konkret kiməsə yox, amma istəyərdim danışanda ayaqlarının altında yer titrəyən ictimai xadimlərdən soruşasız. İlk dəfə nəyi o edib? Neynəyib?

Məsələn, mənə maraqlı olardı qadın haqları ilə bağlı birinci təşkilatı kim yaradıb ölkədə? Qarabağla bağlı birinci sözü kim deyib. Birinci kim hansı ideyanı verib.

 

- Siz nə demisiz ilk dəfə?

 

- Misal üçün, xalqın müqavimət gücü haqda birinci dəfə mən danışmışam. Qarabağla bağlı çoxlu fikirlər var ki, birinci demişəm. Məsələn, Qarabağla bağlı demişəm ki, əbədi həll olunacaq bir problemdi. Bizdə elə bilirlər problemin həlli - açarı qıfıla salıb qapını açmaq kimi bir şeydi. Amma elə problemlər var ki, sonu yoxdu, onlar həmişə həll olunmalıdı... Etnik azlıqların problemi məsələn. Bizdə bir qüsur da var. Heç kim kiminsə fikrini deyəndə müəllifin adını çəkmir. İnsan özünü o vaxt önəmli, nəsə eləmiş sayır ki, onun haqqını yemirlər, əməyini dəyərləndirirlər. Heç olmasa adını çəkirlər. Elə bilin sizin şeirinizi kimsə öz adına çıxardır. Bu nə qədər haqsızlıq olar? Müəllifə hörmət etməmək Azərbaycan mədəniyyətinə ciddi ziyan vurur.

 

- Sizcə, Qarabağ problemi həll olunacaq?

 

- Ermənilər onu bizdən ala bilməyəcəklər. Biz də dünyada baş verən hansısa bir təbii, ya qeyri-təbii prosesdən istifadə edib geri ala bilərik. Məsələn, zəlzələ olsa və s. Normal vəziyyətdə biz heç vaxt formal baxımdan verməyəcəyik Qarabağı. Əlbəttə, Azərbaycanın iqtisadi cəhətdən güclənməsi də şərtdi.

 

- Azərbaycanla bağlı sizi narahat edən nədi?

 

- Yeni nəslin Azərbaycandan, Azərbaycan ideyasından uzaqlaşması məni narahat edir. Mən modernistəm. Əxlaqda liberalam. Mentalitetdən yapışan adam da deyiləm. Amma ki... modernizmi Azərbaycançılıqda yaratmaq lazım olduğunu düşünürəm. Vaxt var idi Azərbaycanlı qızı zənciyə, ya başqa millətdən olan birinə ərə getsəydi bunu heç cür həzm eləyə bilməzdim. İndi başqa cür düşünürəm. Deyirəm ki, kimə və hara gedir getsin, ora Azərbaycanı aparsın. Azərbaycan qadını heç vaxt başqa millətə ərə gedəndə özü ilə Azərbaycanı aparmır.

 

- Milli mənsubiyyət insanın nəyinə gərəkdi, sizcə?

 

- Bir insanın “nə üçün yaşayıram?” sualına qazancdan, karyeradan başqa övladım və ya sevdiklərim üçün yaşayıram cavabı da varsa, mənən özünü dolu, tox, gərəkli hiss edir. Əks halda boşluğa düşür. Hər şeyin olsa da, bunları paylaşacağın bir kimsən yoxdursa özünü necə kimsəsiz, boş və anlamsız hiss edərsənsə milli mənsubiyyətin də olmasa beləcə yetim, lazımsız, heç yerə və heç nəyə aid olmayan birinə çevrilərsən.

 

- Fəlsəfəçi ilə filosofun fərqi nədi, Niyazi bəy?

 

- Bu fərqləndirmə bayağı təvazödən doğur. Baxın, bir var əla pinəçi, bir də var çoxlu adi pinəçilər. Əgər adi pinəçilər belə təvazö etsələr ki, yox biz pinəçi deyilik, ayaqqabı düzəldənlərik, gülməkdən ölmərikmi?! Gülərik, bir az ətimiz də tökülər.

 

«Filosof» nə sözdü? Hikməti sevən. Hikməti sevmək nə böyük şeydi ki, fəlsəfə müəllimləri bu sözü öz üstlərinə götürməyi yekəbaşlıq sayırlar. Eləcə də yazıçılar var ki, özlərinə yazıçı deməyə utanırlar. Onlara görə Balzakdan, Markesdən, Pamukdan sonra özünə yazıçı demək ayıbdı.

 

Hegeldən, Sartrdan fərqlənmək, iddiasız görünmək istəyən özünə filosof yox, fəlsəfəçi deyə bilər. Əslində çox təvazökar olmaq istəyirlərsə, «dəmirçi» düzəltmə söz prinsipində elə siz dediyiniz kimi fəlsəfəçi desələr daha düz olar. Kimsə lap təvazökar olmaq istəyirsə, özünə fəlsəfəçi deməkdənsə elə danışsın ki, tonundan, ədasından yekəbaşlıq yağmasın. Hərçənd, niyə də yağmasın?! Bəyəm, mən sizin sorulara ağzımı büzə-büzə cavab verirəm?

 

- Yox, kifayət qədər iddialı cavab verirsiz.

 

- Özüm də hiss eləyirəm ki, danışığımdan yekəbaşlıq yağır. Deməli, əsas məsələ yalançı təvazö və ya yekəbaşlıq deyil. Dilin olanda dilçəyin də olur. Təki düşüncəli, mübahisəli diskurslar deyəsən, təki ağıllı nəsnələr söyləyəsən, bunları ədabaz formada deyirsənsə, eybi yox. Ən «yekəbaş» filosof Niççe idi. «Ecce home» da məsələn, özündən və oxucusundan soruşurdu, mən niyə belə müdrikəm, niyə belə gözəl kitablar yazıram? Bizdə 2000-ci ildən Niççe ruhunda «mən niyə belə dahiyəm» pafosunda müsahibə verən, yazı yazan gənclər peyda olub. Onların dilçəyi də olduğu üçün yekəbaşlıq estetikasıyla oynamalarını sakit qarşılamaq olur. Ancaq eləsi də var  dili olsa da dilçəyi yoxdu. Onun yekəbaşlığı başından böyük qələt eləməkdi. Yaxşı yerinə düşdü, Aysel xanım, «dili» bildik, bəs «dilçək» nədi?    

 

- Özünüz bayaqdan dilçəkdən danışırsız. Heç mən dil və dilçəklə bağlı sual –zad vermədim. İstəyirsiz internetdə baxım görüm bunun elmi izahı nədi)))

 

- Baxsaz yaxşı  olar. Bilək də nədən danışırıq. ))))

 

- Yazılıb: Dilçək-ağız boşluğunda üst damağın dal tərəfində konusşəkilli çıxıntıdı.

 

(Gülürük)

 

Niyazi bəy, təklif edərdim biz elə bu atalar misalını - “dil və dilçək” məsələsini belə yozaq: dil deyəndə danışıq dili, dilçək deyəndə ağızda olan dil elə konuslu-zadlı nəzərdə tutulsun. Belə daha rahat olar.

 

- Bəlkə belə yozaq: dilçək dili çəkəndi (dil-çək) və dili uzun adam deyirsə ki, dilçəyim də var, deməli dili geri çəkir.

 

Hiss elədim ki, professor müsahibədən mühazirəyə keçmək istəyir tez mövzunu dəyişdim.

 

- Niyazi bəy, bu “fəlsəfi ümumiləşdirmə” nəmənə şeydi?

 

- Mən hüquqçuların dilindən «konkret danış» eşidəndə, müəllimlərin dilindən fəlsəfi ümumiləşdirmə eşidəndə çox sinirlənirəm. «Konkret» yaxşı sözdü, ancaq bu sözü sevən xeyli hüquqçunun düşüncə manerası göstərir ki, əslində, «konkret»likdən xəbəri yoxdu. Söz xətrinə işlədir. «Konkret»in ilkin anlamı «sıx» deməkdi. Yəni fikri sıxıb mümkün qədər qısaldılmış şəklə salmaq. Hansı qanunda, məhkəmə dinləməsində bu konkretlik mədəniyyəti var? Qanun deyir, rüşvətxor tutulmalıdı. Ancaq, rüşvətin sayı, motivləri, ziyanları arasında fərqlər var. «Avtomobildən qorun» filmində Detoçkin maşınları oğurlayıb pulunu bağçalara köçürür. Bunu necə o biri maşın oğurluğu ilə eyniləşdirmək və bununla bağlı konkret qərar çıxarmaq olar?

 

- Ədəbiyyatda necə?

 

- Ədəbiyyatda şəxsən mən çoxdandı fəlsəfi ümumiləşdirməni nə axtarıram, nə sevirəm. Sevirəm, məni toruna salıb fırladan, çabaladan, çıxmağa qoymayan əsərləri.

 

- Klassik Azərbaycan ədəbiyyatındakı fəlsəfi iddiadan danışaq. Nədə boşluq var?

 

- Klassik ədəbiyyatda doğrudan da fəlsəfi iddia vardı. Məsələn, Nizamidə əski yunan filosofemləri vardı. Filosofemlər başlıca fəlsəfi bəndlərdi, tutalım, dünyanın dörd ünsürü, qut (ruh) və s. Nizamidə Əflatun ideyaları da var, Ərəstun, Plotin ideyaları da var. Nizamidə təsəvvüf də var. Ancaq heç biri  yeni düşüncə müstəvisinə çıxmayıb. Təkcə Nizamidə yox, heç Şekspirdə də yoxdu bu. Borxesdə var? Bilmirəm, bəlkə nəsə var. Qötedə də elə. Bilirsiniz, görünür, ədəbiyyat fəlsəfi ideya yarada bilmir. Ədəbiyyat fəlsəfi ideyanı gülməli, ağlamalı edə bilir. Ya da bir fəlsəfi ideyadan o birisinə işıq şüası sala bilir.

Əttar (Firədəddin ibn Məhəmməd Əttar  1136-1221, Orta əsr fars şairi , Sufizm nəzərəiyyəçisi) “həryerdəliyi”, “hərnəsnəliyi” Məhəmməd peyğəmbərin meracı (merac gecəsi İslam tarixində Cəbrayılın Peyğəmbəri o biri dünyada gəzdirib cənnətlə, cəhənnəmlə tanış elədiyi gecə sayılır) ilə bağlayır. Eyn-əl Quzatın, Nəsiminin «ən əl-Həqq» deyimi fəlsəfəyə heç nə vermir, ancaq ekstatik situasiya yaradır.

 

- Niyazi bəy, demək olar bütün filosoflar özlərindən əvvəlki ideyanı dediyiniz kimi yeni müstəviyə çıxarmağa çalışıblar. Pis ya daha yaxşı, daha məntiqli və daha inandırıcı yorumlar, variantlar təklif ediblər. Amma ədəbiyyat bir az fərqli məsələdi axı. Burda meyarlar da ayrıdı. Burda ideya fəlsəfi olmaya da bilər. Məsələn  barışa səsləyə bilər. Və ya insanı düşündürən, rahatsız edən bütün sualların məntiqdə, dolayısıyla özündə - içində gizləndiyini, olduğunu ifadə edə bilər. Bu mənada Nəsimi insanı daha çox içəri dartır, amma Nizami çölə itələyir sanki.  Fizuli içlə çöl arasında harmoniya yaratmaq istəyir, amma yenə üstünlüyü qutsallıq tutur. Füzuli insanı səmaya, metafizikaya, dolayısıyla Tanrıya doğru çəkməyə çalışır. Dediyiniz kimi, bunlar fəlsəfi iddialardı. Yeni müstəviyə çıxa bilir, ya yox bu ayrı mövzudu. Maraqlandığım budu- sizcə filo- sofizmlə, litera-sofizm arasında sərhəd olmalıdı?

 

- Bu məsələdə universal kural, qayda yoxdu. Kimlərsə fəlsəfi bilgəliyi, sizin terminlə desək, filo-sofizmi ədəbi-sofizmlə polifonikləşdirib tekst yapır və dünyada örnəyə çevrilir. Rumi belə olub, Əttar da, Qöte də. Onlar sərhədi itirməklə ad qazanıblar. Heqel, Marks, Popper isə Niççedən, Sartrdan fərqli olaraq fəlsəfəni ədəbi düşüncədən qoparmaq sonucunda sistem qura bilib. Bizdə Fərabi, Tusi belə filosoflar olub.    

 

- Əgər Allah – Tanrı ideyası varsa yazıçı bunu niyə təkrar edir? Bu dinin işi deyilmi? İdeyadan yararlanırsa yazıçı mütləq dediyiniz kimi ideyanı yeni məntiqə, baxışa çevirməli deyil?

Əks halda bu bir az kobud desək yamsılama olmur? Və ya “hazıra nazir”...

Bəlkə bizim ədəbiyyat və ya bütünlükdə şərq ədəbiyyatı ona görə dünyada hələ düz əməlli uğur qazana billməyib, çünki təkrarçılıqla məşğul olub?

Elə bil hamısı dolayısıyla eyni şeydən danışır. Nəsimi isə məncə şərq fəlsəfəsində Nitççelik eləmişdi artıq. Və ya Niççe Avropada Nəsimilik elədi. Buna münasibətinizi istəyirəm. “Ən-əl-həqq” "Tanrı ölüb" ideyasına yaxın deyil?

 

- Əzizim Aysel, Niççenin sözlərini Azərbaycanda hamı yanlış deyir. Niççedə əsas «Tanrı ölüb» deyil, «Tanrını öldürmüşük»dü. Alman filosofu bununla Avropa humanizminin mahiyyətini açır: dünya humanizmdə Allah arxa plana keçir, insan önə çıxır. Bu mənada Nizaminin humanizmindən sevə-sevə danışan və bununla Doğuda da İntibahın, Dirçəlişin olmasını deyən gözəl-gözəl alimlər bir nəsnədə yanılıblar. Bizim humanistlərin fərqi ondadı ki, onların dünyasında insan Allahın yerini tutmayıb, önə keçməyib. Nizaminin, Füzulinin dibaçələrində Allah haqqında öygülər dəhşətli dərəcədə gözəl və ağıllıdı. O ki qaldı sualınızı əsaslandırmaq üçün söylədiklərinizə, mənə çox uğurlu və düşüncəli göründü.

  

- “Çağdaş Azərbaycan fəlsəfəsi Niyazi Mehdidən başlayır”. Bunu Ağalar Məmmədov deyib. Sizcə kimdən başlayır?

 

- Hər bir ağıllı və axmaq fəlsəfə yapan çağdaş fəlsəfənin ondan başlamasını istərdi. Bu sözləri Ağalar Məmmədov kimi parlaq fəlsəfə adamının mənim haqqımda deməsi isə məni lap əridir. Ancaq həməncə insafın səsi deyir ki, şişmə! Rəhman Bədəlov var, Əli Abbasov var, Həsən Quliyev vardı.

 

- Yazılarınızın birində təxminən belə bir fikir vardı ki, biz Nizamidən Füzulidən kənara çıxıb ortaçağ kulturasını, dilini, düşüncəsini çox az araşdırmışıq. Belə çıxır, bizim ortaçağ düşüncəsi haqda əslində ciddi bilgimiz yoxdu?

 

- Yox, ayrı-ayrı adamların araşdırmalarında bəzi bilgilərimiz var. Kamal Abdullanın «Gizli Dədə Qorqud»u elmi tekst kimi, «Yarımçıq əlyazması» elmi-bədii mətn kimi Ortaçağla ilgili parlaq hermenevtikalardı. Aydın Talıbzadənin gözəl yazıları var. Bəndəniz 1985-də çap etdiyi «Orta əsrlər Azərbaycan estetik mədəniyyəti» kitabında o zamankı dinə, ədəbiyyata, fəlsəfəyə davranışların semiotikasından baxmışdı. Bu o deməkdi ki, mən mədəniyyəti necə yeriyirdilər, necə yeyirdilər, necə geyinirdilər, necə oynayırdılar, necə təəccüb edirdilər situasiyalar sistemində müşahidə etmişəm. İndi mədəniyyəti adi halların partiturasında öyrənmək ciddi işə çevrilib. O vaxt bunu rusların və Qərbin çox az ünlülərindən təsirlənib etmişdim. İndi isə davranışların dilində mədəniyyət araşdırmaq öyrəncəli bir məşğulata çevrilib.

 

- Bəs sizin əsas rolunuz?..

 

- Bəlkə belə deyək, Haydeqasayağı sözlərə qulaq tutub fəlsəfə yapmaqda mənim rolum olub. Azərbaycan semiotikasında da rolum var. Ancaq daha sonra Ağaların da, gənc intellektual Nicat Məmmədovun da, əzizim Aydın Talıbzadənin də rolu oldu. Bir də sözü dindirib-danışdırmaqla bağlı Kamal Abdulladan tutmuş Nizami Cəfərovacan, Rüstəm Kamaldan tutmuş, Rahid Uluseləcən bu qədər gözəl düşüncə adamları elə sıx pleyada yaradırlar ki, orada özünü birinci bilmək ləzzəti xeyli itir.

 

- Sizi hansı cəmiyyətin fəlsəfi mühiti heyran edir?

 

- Məni fransız fəlsəfi mühiti yaman heyran edir, Aysel xanım. Bütün fransız intellektuallarının fəlsəfi yazılarının başlıca sitat qaynaqları, personoloji simvolları fransızlardı. Səhnənin əsas fiqurları özləridi. Bu, hətta yəhudi kökənli Derridaya da aiddi. Oxşar effekt yəhudilərdə də var. İntellektual səhnədə söyüləni də, söyəni də yəhudidi. Sovetlərdə anti-şionist yazarların çoxu yəhudilər idi. Ancaq onlar ağıllı yazdıqları üçün satqınlar kateqoriyasına düşmürdülər. Bizlər isə Sovet dönəmində yazılarımıza intellektual şarm vermək üçün Çernışevskilərlə, Belinskilərlə oynayırdıq. Sonrakı nəsillər  Froyd, Sartr kimilərin ulduzlarından özlərinə düşüncə kəhkəşanı  qurmağa çalışırdı. Bunda bəndənizin də suçu az deyil.

«Bizim Nizamilər, Füzulilər var…» tipində söhbətlər dediyim tendensiyaya qarşı milli qüruru qoymaqdı sanki. Ancaq Nizamilərə, Fizulilərə dayaz heyranlıq məsələni həll eləmir.

Nizamilərlə, Füzulilərlə möhtəşəm düşüncə savaşı, daramalar,  konflikt və barışlar daha çox effekt verə bilər. Froydların ən güclü tənqidçiləri yəhudilərin özü olub həmişə. Buna görə də Mirzə Fətəliylə, Mirzə Cəlillə, Sabirlə, Səməd Vurğunla bağlı düşən qoparıqdan əsəbiləşmirəm, hərçənd onların arqumentləri ilə razı deyiləm.

 

- Azərbaycanın düşüncə qatında daha kimin zəhməti var?

 

- Tehran Əlışanoğlu Azərbaycan düşüncə kosmosunu yaratmaqda əvəzolunmaz yazardı. Bəlkə də 20 ildi o, ağıllılarımızın ismləri ilə naxışlar vura-vura  Azərbaycanı böyük fikir məkanına çevirmək istəyir. Eşq olsun ona!         

 

- “İntellektual fırıldaqçı” fikriniz yaman xoşuma gəmişdi.

 

- Bu deyimi bir yaxın dostumun gözəl kitabı ilə bağlı işlətmişdim. Əslində «intellektual blef» demək daha düz olar. Azərbaycanda yaltaqlığın saxta sevgi qiyafəsi, sevgini devalvasiya edib. Ona görə də mən sevgimi, heyranlığımı «intellektual fırıldaq», «hətərən-pətərən estetikası» kimi həyasız formalarda bildirməli oluram. «İntellektual blef» həm də Aristotelin həqiqət öyrətisinə qarşı qoyduğum diskursdu. Mənim üçün bütün gözəl düşüncələr, ideyalar gerçəkdi, həqiqətdi.

 

- Sizin üçün bu mənada ən böyük fırıldaqçı kimdi? 

 

- Mən tez-tez özümü belə blef edən adam kimi duyuram. Ən böyük intellektual fırıldaqçı ayamasını isə güman ki, Osvald Şpenqler alar. Çünki onun “Avropanın batışı” kitabı akademik araşdırma deyil, intellektual oyunlardı, səpələntilərdi.

 

- Sinergetik effektin xaos nəzəriyyəsinə, və ya əksinə keçməsi ki deyirsiz, sizcə bizim müsahibəmiz daha çox hansına uyğundu?

 

- Bilsəydiniz mənə necə xoşdur «Çətin və dolaşıq durumlar» kitabımda xaos və sinergetika üzrə söylədiklərimlə allüziyalar qurmanız. Bizim bu söhbətimizdə hər ikisinin elementləri oldu. Sinergetikada bifurkasiya əsasında səbəbsiz, təsadüf proseslər var, bizdə də oldu. Xaos nəzəriyyəsi deyir ki, dağınıqlığı, qarmaqarışıqlığı mədəniyyətdən, tekstdən qovmaq düz deyil. Sizin hesabınıza («sayəniz» sözündən zəhləsi gedir) mən də dağınıq-impressionist danışdım.    

 

- Ölüm haqqında nə düşünürsüz?

 

- Mənim işim-gücüm ölüm qorxusu ilə savaşdı. 20-30 il qabağa baxanda ölümün xofu azalıb. Ancaq arxayın deyiləm ki, qəfildən qarşıma çıxanda möhkəm olacam, ya yox. Nə yaxşı ki, Allahın varlığına inamım olur və bu zaman ölümün xofu azalır. Ancaq bir də görürsən bütün ruhumu Onun varlığına şübhə bürüyür. O zaman nəinki ölümdən, özümdən də qorxuram.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4283
avatar

Aysel Əlizadə

Oxşar yazılar