Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Əsgər atası" filminin rejissoru Rezo Çxeidze və yaradıcı heyəti ilə görüşüb. Bu barədə Lent. az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Görüşdə iki ölkə arasında mədəni əlaqələrdən, o cümlədən kino sahəsində əməkdaşlıqdan söz açılıb. Bu yaxınlarda Gürcüstanda səfərdə olduğunu qeyd edən nazir iki qonşu və dost ölkənin münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.
Görkəmli rejissor Rezo Çxeidze ilə görüşməkdən məmnunluğunu vurğulayan Ə. Qarayev onu müasir kino sənətinin canlı klassiki adlandırıb: "İllər öncə çəkdiyiniz "Əsgər atası" filmi hələ də populyarlığını itirməyib və insanların sevə-sevə izlədiyi ekran əsəridir. Filmdə təsvir olunan hadisələr o zaman əsgər azərbaycanlı ailəsinin, övladı cəbhədə olan atanın başına gələ bilən hadisələrdir. Son illər bizdə də Qarabağ müharibəsinə həsr edilmiş filmlər çəkilir. Biz belə filmlərin sayının daha çox olmasına çalışırıq".
Rezo Çxeidze bildirib ki, "Əsgər atası" filmi 1965-ci ildə Bakıda nümayiş olunub: "Bakı ilə məni çox şey birləşdirir. Sonrakı filmlərimin bir çox epizodlarını məhz burada çəkmişəm. Filmin rəngli variantının ilk təqdimatı Qələbə günü ərəfəsində Moskvada oldu, ikinci təqdimat isə mayın 20-də Bakıda keçirildi".
Rejissor qeyd edib ki, yaşının çox olmasına baxmayaraq, yaradıcılıq axtarışlarını davam etdirir. Bu yaxınlarda yeni film çəkməyə hazırlaşır.
Nazir “Əsgər atası”nın rejissoru ilə görüşdü
1210