Muğam simpoziumu ərəfəsində konfrans
29 yanvar 2013 20:44 (UTC +04:00)

Muğam simpoziumu ərəfəsində konfrans

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) III Beynəlxalq muğam simpoziumu ərəfəsində “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” mövzusunda konfrans işə başlayıb. İttifaqın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbiri açıq elan edən İttifaqın sədri, xalq artisti, professor Firəngiz Əlizadə ənənəvi olaraq iki ildən bir ölkəmizdə keçirilən beynəlxalq muğam festivalının böyük maraq doğurduğunu və bu tədbirin milli musiqi irsimizin təbliğindəki mühüm rolunu diqqətə çatdırıb.

 

O,bildirib ki, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və YUNESKO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının “Maqam” Tədqiqat Qrupunun birgə təşkilatçılığı ilə Bakıda keçiriləcək “Muğam aləmi” III Beynəlxalq muğam festivalı martın 11-dən 19-dək davam edəcək.
 

Festival çərçivəsində təşkil ediləcək Beynəlxalq muğam simpoziumunun mövzusu artıq məlumdur. Əsasən musiqi alətləri haqqında elmi məruzələr dinləniləcək. Azərbaycanı təmsil edəcək alimləri müəyyən etmək üçün ABİ-də iki gün ərzində dinləmələr olacaq. Azərbaycanın 25 alimi bu simpoziumda iştirak etmək niyyətindədir. 


Fevralın 21-də keçiriləcək son dinləmələrdən sonra  mötəbər tədbirdə ölkəmizi təmsil edəcək alimlərin adları məlum olacaq. Konfrans yanvarın 30-da öz işini davam etdirəcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710
avatar

Oxşar yazılar