Rusiya paytaxtında tarixçi-alim, türkoloq Yunus Oğuzun fateh Əmir Teymurdan bəhs edən "Əmir Teymur – Dünya hökmdarı" (“Tamerlan- Vlastelin mira”) tarixi romanının təqdimat mərasimi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, N. V. Qoqolun Ev Muzeyində keçirilən təqdimat mərasimində Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı ziyalılar, ictimai təşkilatların rəhbərləri və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən Yunus Oğuz Əmir Teymurun təkcə türk ölkələrində deyil, bütün Avropada və Rusiyada böyük marağa səbəb olan bir tarixi şəxsiyyət olduğunu söyləyib: “Bu artıq ikinci kitabdır ki, Rusiyada çap olunur. Keçən il Moskvada “Əmir Teymur-Zirvəyə doğru” kitabını oxuculara təqdim elədik. Ümumilikdə isə Əmir Teymur haqqında rus dilində mənim üç kitabım çap olunub. Onlardan biri Ukraynada rus dilində çap edilib. Əmir Teymur haqqında Ukraynada çap olunan kitab elmi, Rusiyada çap olunanlar isə bədii kitablardır. Müəllif kimi tarixi romanlarımda Əmir Teymurun şəxsiyyətini oxuculara açıb göstərmək istəmişəm. Onun şəxsiyyəti haqqında ətraflı müzakirələr bu gün də davam edir. İnanıram ki, Əmir Teymurun tarixi şəxsiyyəti yeni bir təqdimatda Rusiya oxucuları üçün maraqlı olacaq”.
Y. Oğuz bildirib ki, Əmir Teymur rus dilində olduğu kimi yox, sovet dövründə istənilən kimi göstərilib, bu əsərdə isə o, olduğu kimi təqdim olunub: “Əmir Teymur – Dünya hökmdarı" romanında bütün tarixi faktlar olduğu kimi göstərilib. Əlbəttə ki, yazıçının bədii təxəyyülünə də yer verilib. Amma göstərilən və istinad edilən mənbələrin hamısı tarixi faktlardır. Romanda Əmir Teymurun dövründə qələmə alınmış Şərafəddin Əlyəzdinin “Zəfərnamə” əsəri mənbə kimi göstərirlib”.
Qeyd edək ki, Əmir Teymur – Dünya hökmdarı" tarixi romanını rus dilinə Əli Səidov tərcümə edib, kitabın redaktoru isə Oksana Bulanovadır.