Rusiya paytaxtının məşhur “Multimedia Art Muzey”ində Heydər Əliyev Fondunun və “Baku” jurnalının birgə təşkilatçılığı ilə “Bakıya uçuş” (“Fly to Baku”) adlı müasir Azərbaycan incəsənət sərgisinin açılış mərasimi keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva “Bakıya uçuş” sərgisi haqqında qonaqlara məlumat verib. Fondun vitse-prezidenti bildirib ki, indiyədək bu sərgi dünyanın müxtəlif paytaxtlarında, o cümlədən Londonda Parisdə və Berlində keçirilib və böyük maraqla qarşılanıb: “Biz burda sərgilənən əsərlər vasitəsi ilə Azərbaycanın bu gününü və sabahını göstərmək istəyirik”.
Leyla Əliyeva bu gün bütün dünyanı sürətli inkişafı və çiçəklənməsi ilə heyran qoyan Azərbaycanın qədim və zəngin tarixə malik ölkə olduğunu bildirib. O, azərbaycanlıların bütün müsəlman Şərqində ilk demokratik respublika qurduqlarını, Şərqdə ilk baleti, operanı yaratdıqlarını və bu cür bir sıra böyük nailiyyətlərə imza atdıqlarını söyləyib. L. Əliyeva Azərbaycanı tanıtmaq üçün Heydər Əliyev Fondunun və “Baku” jurnalının mühüm işlər gördüyünü bildirib: “Azərbaycan elə bir ölkədir ki, burada müxtəlif mədəniyyətlər, millətlər və dinlər sülh şəraitində vahid bir ailə kimi yaşayırlar. Biz bu faktdan çox qürur duyuruq. Şübhəsiz ki, incəsənət Azərbaycan həyatının və mədəniyyətinin əhəmiyyətli bir hissəsidir. Sizin hər birinizi Azərbaycana dəvət edirəm. Gəlin ölkəmizi özünüz üçün kəşf edin”.
L. Əliyeva “Fly to Baku” sərgisinin növbəti dəfə Roma şəhərində keçiriləcəyini də söyləyib: “Bu gün biz həm də “Baku” jurnalının 5 illik yubileyini də qeyd edirik”.
“Multimedia Art Muzey”in direktoru Olqa Sviblova və sərginin kuratoru Erve Mikaeloff çıxış edərək ekspozisiyanın əhəmiyyətindən, nümayiş olunan əsərlərin bədii-estetik məziyyətlərindən danışıblar. E. Mikaeloff indiyədək London, Berlin və Parisdə nümayiş etdirilən sərginin Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində uğurlu fəaliyyətinin davamı olduğunu söyləyib.
Sərgi Rusiya paytaxtında da xüsusi maraqla qarşılanıb. Sərgidə rəngkarlıq, heykəltəraşlıq, installyasiya, video-art, performans və foto janrlarında işləyən 21 Azərbaycan rəssamının 107 əsəri nümayiş etdirilir. Əsərlərin əksəriyyəti məxsusi olaraq sərgi üçün yaradılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan nağıllarına çəkdiyi illüstrasiyaları, “Kəpənək”, “Bizim keçmişimiz”, “Biri var idi, biri yox idi”, “Yalan”, “Tənhalıq” və digər əsərləri sərgiyə gələnlərin xüsusi marağına səbəb olub.
Tanınmış rəssam Altay Sadıqzadənin heykəltəraşlıq, rəngkarlıq və qrafika əsərləri, Aida Mahmudovanın şəhər mənzərələri, Faiq Əhmədin alüminium və plastik kütlədən hazırladığı ornamentləri, Rəşad Ələkbərovun və Elyar Əlimirzəyevin tətbiqi incəsənət janrında işləri tamaşaçıları heyran qoyub.
Sərgidə ziyarətçilərə Heydər Əliyev Fondunun hazırladığı rəssamların əsərləri əks olunan açıqcalar və kitabçalar paylanıb. Səginin açılış mərasimində Rusiya mədəniyyətinin ünlü simaları-Gennadi Xazanov, Yuli Qusman və digərləri iştirak ediblər.
Qeyd edək ki, “Bakıya uçuş” sərgisi fevralın 24-dək davam edəcək.