Gürcüstandakı İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetində Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, yazıçı Kamal Abdullanın gürcü dilinə tərcümə olunmuş “Yarımçıq əlyazma” adlı kitabının təqdimatı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, təqdimat mərasimində Cavaxişvili adına Tiflis Dövlət Universitetinin professor və müəllim heyəti, eyni zamanda müxtəlif fakültələrdə təhsil alan gürcü və azərbaycanlı və universitetin Slavyan fakültəsinin rusdilli tələbələri, Azərbaycan səfirliyinin birinci katibi Elçin Məmmədov iştirak ediblər. Kitabı gürcü dilinə universitetin professorlarından David Qoçeridze və Revaz Canelidze tərəfindən tərcümə edilib. Tədbirdə çıxış edən hər iki tərcüməçi kitabın məziyyətləri barədə ətraflı məlumat veriblər. Sonra universitetin Humanitar fakültəsinin dekanı Nana Qaprindaşvili və digər müəllimlər çıxış ediblər.
Tədbirdə çıxış edən yazıçı Kamal Abdulla gürcü dilində nəşr olunan kitabın tərcüməçilərinə təşəkkür edib. Sonda o, kitab haqqında və onun məzmunu haqqında fikirlərini bildirib: “Kitab ”Kitabi-Dədə Qorqud” boylarından və Oğuz elində yaşayan xalqın içindəki xainlərin vətənə, torpağa nankorcasına yanaşdıqlarından bəhs edir”.
Sonra K. Abdulla Azərbaycanda multikulturalizmin inkişafından və Gürcüstanda da multikulturalizmin fənn kimi tədris olunduğundan söhbət açıb.
K. Abdulla universitetin azərbaycanlı tələbələri ilə də görüşərək, onların təhsili ilə maraqlanıb.
"Yarımçıq əlyazma" romanı ingilis, fransız, italyan, türk, rus, polyak, ərəb, portuqal, alman və qazax dillərində nəşr olunub.
“Yarımçıq əlyazma” kitabının tərcüməçisi, filologiya elmləri doktoru, profesor David Qoçeridze APA-ya açıqlamasında kitabın 384 səhifədən ibarət olduğunu bildirib. O, sabah yazıçı Kamal Abdullanın universitetin gürcü və azərbaycanlı tələbələri qarşısında mühazirə oxuyacağını da bildirib.