Gürcüstanın baş naziri Bidzina İvanişvili dekabrın 27-də İçərişəhərə gəlib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qonağı salamlayan idarənin rəisi Mikayıl Cabbarov prezident İlham Əliyevin İçəri Şəhərə göstərdiyi diqqət və qayğısı barədə məlumat verib, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın İçəri Şəhərin qorunmasında rolu barədə danışıb.
İvanişviliyə Bakının orta əsrlər tarixinə aid ticarət əlaqələrindən xəbər verən Buxara və Multanı karvansaraları barədə də informasiya verilib. Gəzinti elektromobillərlə davam etdirilib. Kiçik Qala küçəsində baş nazir Azərbaycan milli mətbəxinin ləziz nümunəsi olan təndir çörəyinin dadına baxıb.
Gəzintisi Kiçik Qala küçəsi ilə davam edən gürcü baş nazir Qala divarlarının bərpa və konservasiya olunmuş hissəsi ilə tanış olub. Daha sonra qonaq Şirvanşahlar Sarayı Kompleksində davam etdirilib. Saray binasının taxt-tac zalında yerləşən İçərişəhərin maketi İvanişvilinin xüsusi diqqətini cəlb edib.
Qeyd edək ki, ənənəvi olaraq əsas ticarət küçələrindən biri olan Asəf Zeynallı küçəsi ilə davam edən gəzintinin sonunda Gürcüstanın baş naziri İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini yazıb.