Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru, xalq artisti Cənnət Səlimova və teatrın aktyoru, əməkdar artist Şövqi Hüseynov İranın paytaxtı Tehranda keçirilən 31-ci "Fəcr" Beynəlxalq Teatr Festivalında beynəlxalq münsiflər heyətinin üzvü qismində iştirak ediblər. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvar
ın 21-dən 31-dək davam edən festivaldan qayıdan əməkdar artist Şövqi Hüseynov bildirib ki, bu festival dünyanın ən nüfuzlu teatr festivallarından biridir: “Hər il festivalda yerli teatr truppaları ilə yanaşı, 10-15 xarici ölkə teatrları da təmsil olunur. Birinci hissəsi beynəlxalq, ikincisi yerli və sonuncusu regional olmaqla festival üç mərhələdən ibarət idi. Festivalda 10 gün ərzində 60-70 tamaşa mərhələlər üzrə münsiflər heyəti və tamaşaçıların müzakirəsinə verilirdi. Festivalda Azərbaycandan “Qatarın altına atılan qadın”, Tehrandan “Voyçek”, “Hamlet”, “Ereks”, Macarıstan “Kral Ubyu”, Cənubi Koreyadan “Splendit oteli”, Avstraliyadan “Dezdemona”, İtaliyadan “Tufan”, İran və İtaliyadan “1+1” və digər tamaşalar nümayiş olunub.
Məlumat üçün bildirək ki, əvvəlki illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti sözügedən festivalda U.Şekspirin “Otello” (2011) və P.Filipponun “Don Raffael-trombonçu” (2012) tamaşaları ilə uğurla çıxış edib.