Nizami Gəncəvi məqbərəsinin direktoru: “Bərpa işlərindən sonra yuxarıda fars dilində şeirlər, aşağıda da türk dilində tərcüməsi yazılıb”
İran Azərbaycandan UNESCO-ya şikayət edib. APA-nın İRİB-ə istinadən məlumatına görə, İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Məhəmməd Əli Nəcəfi UNESCO-nun baş direktoru İrina Bokovaya məktub ünvanlayıb.
Məktubda Nizami Gəncəvinin fars dilində şeirlər yazılmış daşların bu görkəmli şairin məqbərəsindən yığışdırılmasına toxunularaq Azərbaycanın farsofobiya siyasətinə etiraz bildirilib. Sənəddə deyilir ki, Azərbaycan dövlətinin farsofobiya siyasəti bir neçə ildir İranın tanınmış şəxsiyyətləri və ədəbiyyatını hədəfə alıb: “Bunun ən son nümunəsi Nizami Gəncəvinin fars dilində olan şeir daşlarının şairin məqbərəsindən götürülməsidir. Bu addım mədəniyyətdən uzaq bir addım olaraq mədəni ortaqlıqların nəzərə alınmaması mənasındadır. Biz UNESCO-dan bu qeyri-mədəni rəftarın dərhal qarşısını almasını və onu əvvəlki vəziyyətinə geri qaytarmasını istəyirik”.
Məsələ ilə bağlı APA-ya açıqlama verən Nizami Gəncəvi məqbərəsinin direktoru Gülnarə İsmayılova bildirib ki, bir müddət əvvəl Nizami Gəncəvinin məqbərəsində təmir işləri aparılıb və məqbərənin içərisində olan dağılmış yazılar Azərbaycan dilində yazılıb: “Bərpa zamanı heç bir yığışdırılma olmayıb. Sadəcə, məqbərənin ətrafında, içərisində kompleks təmir işləri görülüb. Demək olar ki, məqbərə yenidən qurulub. Artıq üçüncü dəfə idi ki, kompleksdə təmir işləri aparılırdı. Gələn ziyarətçilərin çoxu azərbaycanlıdır və onlar Nizami Gəncəvinin yazdığı dildə oxuya bilmədikləri üçün şeirlər Azərbaycan dilinə tərcümə olunub. Məqbərədə aparılan bərpa işlərindən sonra yuxarıda fars dilində şeirlər, aşağıda da türk dilində tərcüməsi yazılıb. Heç bir dəyişiklik olmayıb”.