İlham Əliyev Milli İncəsənət Muzeyinin açılında iştirak edib
07 iyun 2013 22:07 (UTC +04:00)

İlham Əliyev Milli İncəsənət Muzeyinin açılında iştirak edib

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Milli İncəsənət Muzeyinin yeni keçid korpusunun açılışında iştirak ediblər.

 

Tədbirdə Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına muzeyin yeni korpusu barədə ətraflı məlumat verib. Qeyd edilib ki, yeni korpus Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə orijinal layihə əsasında inşa olunub. Əsaslı vəsait qoyuluşu hesabına tikinti işlərinə 2009-cu ildə başlanıb. İnşaat zamanı milli memarlıq ənənələri ilə müasir üslubun bir-birini üzvi şəkildə tamamlamasına xüsusi diqqət yetirilmişdir. Birinci mərtəbədəki fotostenddə tikintinin gedişi və inşaat işlərindən sonrakı vəziyyəti əks etdirən fotolar yerləşdirilib.

 

Yeni korpusun ikinci mərtəbəsində heykəltəraşlar Ömər Eldarov, Kamal Ələkbərov və Cəlal Qaryağdının bir sıra maraqlı əsərləri nümayiş etdirilir. Sərgi salonundakı eksponatlar da yüksək peşəkarlıq nümunələridir. Tanınmış heykəltəraşlar Fuad Əbdürrəhmanov, Mirəli Mirqasımov, Ömər Eldarov, Cəlal Qaryağdı, Tokay Məmmədov və Sobsay Pinxosun portret və digər janrlarda əsərləri tamaşaçıda dərin təəssürat yaradır. Korpusun tavanı təkrarsız görkəmi ilə diqqəti cəlb edir. Yeni korpusda təbii işıqlandırma sistemi yaradılmışdır. 70-80 nəfərlik akt salonunda da istənilən tədbirin keçirilməsi üçün hərtərəfli şərait vardır. Burada ən müasir proyeksiya avadanlığı da quraşdırılıb.

 

Dövlət başçısı və xanımına muzeyin ekspozisiyasının müxtəlif bölmələrində yerləşən eksponatlar barədə məlumat verilib. Muzeydə dünya bədii irsində görkəmli yerlərdən birini tutan Azərbaycan incəsənəti zəngin kolleksiya ilə təmsil olunub. Buradakı daş kitabələrin hər biri qədim tariximizin öyrənilməsi baxımından tutarlı mənbədir. Muzeydə bədii tikmələr, ağac üzərində oymalar, zərgərlik nümunələri, misgərlərin döymə, həndəsi və nəbati naxışlarla bəzədikləri metal məmulatları və digər çoxsaylı dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilir. Azərbaycanın müxtəlif regionlarına aid tikmələrlə bəzədilən geyimlərə də muzeyin ekspozisiyasında geniş yer verilib. Azərbaycan döyüşçülərinin geyimləri də böyük maraq doğurur. Burada təsviri sənət nümunələri də geniş yer alıb.

 

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Səttar Bəhlulzadə, Tağı Tağıyev, Nadir Əbdürrəhmanov, Xalidə Səfərova, Baba Əliyev, Toğrul Nərimanbəyov, Oqtay Sadıqzadə, Tahir Salahov və digər görkəmli rəssamların kətan üzərində yağlı boya ilə çəkdikləri rəsm əsərlərinə baxıblar. Muzeyin ekspozisiyasının buradakı bölmələrində Azərbaycan ilə yanaşı, Qərbi Avropa və Rusiyanın tanınmış rəssam və heykəltəraşlarının müxtəlif əsərləri də yer alıb.

 

Yeni korpusla tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1125
avatar

Oxşar yazılar