Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası olub. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda Əbülfəs Qarayev qeyd edib ki, bu forum hər iki ildən bir Azərbaycanda keçiriləcək.
Nazir bildirib ki, forum YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, İSESKO və Avropa Şurasının birgə tərəfdaşlığı ilə təşkil edilib. Forumda 800-1000 nəfər xarici qonağın iştirakı nəzərdə tutulur. Forum çərçivəsində 10-dan çox tədbir keçiriləcək.
Yekunda Əbülfəs Qarayev təşkilat komitəsi və işçi qrupların vəzifələrinin müəyyən edilməsi barədə tapşırıqlar verib.
Forum bu il mayın 29-dan iyunun 1-dək davam edəcək.