Opera və Balet Teatrının solisti Vüsalə Musayeva Qazaxıstanın Astana şəhərində keçirilən “Astana keştəri” (“Astana axşamları” ) festivalında iştirak edib. Festivaldan qayıdan ifaçı təəssüratlarını Lent.az-a bölüşüb: ““Astana keştəri” festivalını Qəbələ şəhərində baş tutan festivala bənzətdim. Biz festivala fəxri qonaq kimi dəvət olunmuşduq. Çıxışımız Qazaxıstanın modern üslubda olan Opera və Balet Teatrında oldu. Əvvəlcə mən, Elnur Zeynalov və Məryəm Şabanova birlikdə “Bayatı-Şiraz” dəsgahını təqdim etdik. Sonra ayrı-ayrılıqda öz solo ifamızı səsləndirdik. İfama “Şur” təsnifi ilə başladım, muğamla davam etdim. Korifey sənətkarımız Rübabə Muradovanın repertuarından olan “Heydər babaya salam” mahnısını da ifa etdim. Çıxışımız alqışlarla və rəğbətlə qarşılandı”.
Onu da əlavə edək ki, ifaçı V.Musayevanı əməkdar artist Elşən Mansurov və Malik Mansurovun rəhbərlik etdiyi ansambl müşayiət edib.
Qeyd edək ki, artıq ikinci dəfədir keçirilən festivala dünyanın bir çox ölkələrindən olan məşhur musiqiçilər qatılıb.