Bu ilin martında Azərbaycanın böyük sənətkarı Həsənağa Turabovun anadan olmasının 75 ili tamam olacaq. Bu münasibətlə Dövlət Film Fondunun təşkilatçılığı ilə tədbir keçiriləcək. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə mərhum sənətkarın özünəməxsus yaradıcılıq yolundan söz açılacaq və çəkildiyi filmlərdən epizodlar nümayiş olunacaq.
Mərhum sənətkar yaratdığı Gəray bəy, Qaçaq Nəbi rolları ilə əbədi olaraq tamaşaçıların yaddaşlarında yaşayır. Sənətkar 15 il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına rəhbərlik etmiş, ömrünün son günlərinə qədər Teatr Xadimləri İttifaqının sədri olub.
Mənalı ömrünü Azərbaycan milli teatr və kino sənətinin inkişafına həsr etmiş məşhur aktyor öz məktəbini yaradıb. Görkəmli sənətkar 2003-cü il fevralın 23-də dünyasını dəyişib.