APA-nın Gürcüstan bürosunun məlumatına görə, guşənin açılış mərasimində Gürcüstan Parlamentinin Milli Kitabxanasının direktoru Georgi Kekelidze çıxış edərək bildirib ki, belə bir guşənin açılması gürcü və Azərbaycan dostluğunu daha da inkişaf etdirilməsinə xidmət edəcək: “İnanıram ki, Azərbaycan şair və yazıçıların Azərbaycan, rus və digər xarici dillərdə olacaq əsərləri və Azərbaycan haqqında məlumatlar kitabxanamıza gələn oxucularımızı maraqlandıracaq, biz belə bir kitab guşəsini Bakıda da yaradacağıq”.
Guşənin açılmasına dəstək verən “Dialoq və İnkişaf Fondu”nun rəhbəri Ramilya Əliyeva APA-ya açıqlamasında Gürcüstan Parlamentinin Milli Kitabxanasında “Azərbaycan Kitabı Guşəsi”nin yaradılmasının təşəbbüskarının kitabxananın direktoru Georgi Kekelidze olduğunu bildirib: “Biz bu təşəbbüsə qoşulduq və kitablar topladıq. Kitabxanada Yaponiya, Hindistan və İranın kitab guşələri var. Bu gündən sonra burada Azərbaycan guşəsi də fəaliyyət göstərəcək. Bu guşədə Azərbaycan yazıçılarının və yerli yazarların kitabları da yer alır. Biz istərdik ki, burada Azərbaycan haqqında ingilis dilində kitablar daha çox olsun və buraya gələn əcnəbilər Azərbaycan haqqında ətraflı məlumatlar alsınlar. Biz sentyabr ayından bu guşədə Azərbaycan alim və yazıçıların, akademiklərin mühazirələrini dinləməyi planlaşdırırıq. Düşünürəm ki, bu kitabxanada Azərbaycan haqqında məlumat bazası yaradaraq, gürcü cəmiyyətinə mükəmməl və ətraflı məlumat verəcəyik. Sentyabrda biz daha bir layihə həyata keçirəcəyik. Kitabxanada “Azərbaycanlı Tələbələr Klubu” yaradacağıq. Bu, azərbaycanlı tələbələrimizin gürcü ictimai həyatında fəal iştirak etməyə yardımçı olacaq.”
Qeyd edək ki, “Azərbaycan Kitabı Güşəsi”nin açılmasına həsr olunmuş mətbuat konfransı da keçirilib.