“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi “Yazarlar ilə görüş” adlı layihəsinə başlayıb. Birliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, layihənin ilk qonağı Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc yazar Mirbəhram Əzimbəyli olub. Gəncliyə Yardım Fondunda gerçəkləşən görüşdə gənclər, xaricdə təhsil alan azərbaycanlı tələbələr qatılıb.
“Yeni Üfüq” Gənclər Şöbəsinin rəhbəri Elvin Süleymanov qonaqları salamlayaraq bildirib ki, layihəni həyata keçirməkdə başlıca məqsəd gənc və istedadlı yazarları ictimaiyyətlə daha yaxından tanış etməkdir: “Tədbirdə AYB-nin katibi, “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid çıxış edərək, Mirbəhramın uğurlarından danışıb. Bildirib ki, gənc yazar bu il “Gənclər Mükafatı”na AYB tərəfindən namizəd olaraq irəli sürülüb. Filologiya üzrə fəlsəfə elmləri doktoru Xanım Qasımova isə gənc yazarın yaradıcılıq yolundan söz açıb, şairin şeirlərini səsləndirilib. Qonaqlardan gənc ədib Pərvin xanım həmkarı Mirbəhramın əsərləri ilə bağlı maraqlı fikirlər söyləyib. Görüş boyunca gənc yazar öz sevilən şeirlərindən bəzilərini səsləndirib, çox saylı oxucuların maraqlı suallarını cavablandırıb. Daha sonar Mirbəhram Əzimbəylinin ədəbi uğurlarını əks etdirən video çarx izlənilib.