“Çox istərdim ki, solo konsertimə gəlsinlər, çünki həqiqətən də həmin gün çox maraqlı olacaq”.
Əməkdar artist, Opera və Balet Teatrının solisti Fidan Hacıyevanın aprelin 19-da Heydər Əliyev Sarayında solo konserti olacaq. O, Lent.az-a bildirib ki, ciddi-cəhdlə konsertə hazırlaşır. Heydər Əliyev Sarayındakı konsertin fərqli üslubda olacağını vurğulayan sənətçi bildirib ki, onu teatrın simfonik orkestri müşayiət edəcək: “Konsert operanın sintezi və pop-caz üslubunda olacaq. Bu opera üslubunda ilk belə sintezdir. Konsertin birinci hissəsində müxtəlif əsərlər səslənəcək, ikinci hissədə isə sırf romanslar olacaq. Konsertin baş dirijoru teatrın baş dirijoru Cavanşir Cəfərovdur. Konsert üçün Amerikada təhsil almış aranjemançı Allahyar Rzayev yeni partituralar yazır”.
Klassik musiqinin öz tamaşaçısı olduğunu bildirən F.Hacıyeva izləyicilərin konsertə gələcəklərinə inanır: “Düşünürəm ki, hər bir musiqi janrının öz həvəskarları var. Biz heç bir tamaşaçını məcburi şəkildə konsertə gətirə bilmərik. Amma dünyanın istənilən ölkəsində analar övladlarını lap körpə yaşlarından klassik konsertlərə aparırlar. Çox təəssüf ki, bizdə buna fərqli yanaşılır. Çox istərdim ki, solo konsertimə gəlsinlər, çünki həqiqətən də həmin gün çox maraqlı olacaq. Həmin gün bu illər ərzində qazandığım təcrübəni nümayiş etdirmək arzusundayam”.
Sənətçi gecədə geyinəcəyi libaslardan da söz açıb: “Mənə elə gəlir ki, konsert boyu hər obrazın öz geyimi olacaq. Hər bir mahnıya ayrı-ayrı video-çarxlar çəkiləcək. Bu video-çarxların hər biri klip şəklində olacaq. Bir sirri də açıqlamaq istəyirəm, qızım modayla çox yaxından maraqlanır və bu sahəyə həvəsi böyükdür. Qızım konsertimə bir paltar dizayn etmək istəyini dedi. Düşünürəm ki, yaxşı olsa həmin gün qızımın bir libasını da geyinəcəm”.
Qeyd edək ki, konsertin biletlərinin qiyməti 15-80 manatdır.
Konsertin informasiya dəstəkçisi “APA Holding”dir.