Fəlakətlə yıxılan qədim Dördevlər - TƏQDİMAT
28 iyul 2013 07:50 (UTC +04:00)

Fəlakətlə yıxılan qədim Dördevlər - TƏQDİMAT

 



Lent.az Güney Azərbaycandakı yurdlarımız barədə yazıları davam etdirir. Bu dəfə Ərdəbil əyalətinin Givi (Dördevlər) mahalı haqda söz açacağıq.

 

1245 kvadrat kilometr ərazisi olan Givi (Küyü) mahalı dəniz səviyyəsindən 1500 metr yüksəklikdə, Ərdəbil əyalətinin mərkəzi Ərdəbil şəhərinin 85 kilometrliyində yerləşir. Küyü mahalı şimaldan Ərdəbil, şərqdən Xalxal, qərb və cənubdan Nir və Miyana mahalları ilə əhatə olunub. 

 

Son statistikaya görə, 30 min nəfər civarında əhalisi olan Givi mahalı iki bölgə, 4 kənd rayonu və 121 kənddən ibarətdir. Əhalinin böyük şəhərlərə köçü nəticəsində hazırda mahalın 18 kəndində yaşayış yoxdur. 1896-cı ildə burada baş verən güclü zəlzələ zamanı mahalın bir çox kəndləri bütünlüklə dağılıb, mahal əhalisinin bir çoxu həyatını itirib.

 

Mahal əhalisi milli mənsubiyyətinə görə türklərdən ibarətdir. Burada danışılan dildə türkcədir. Bir neçə kənddə sünni tatlar yaşayırlar.

 

1996-cı ildə Xalxaldan ayrılaraq ayrıca mahal statusu alan Givi mahalı Mərkəzi və Firuz adlı iki bölgədən, Şimali Səncbəd, Qərbi Səncbəd, Zaracabad, Cənubi Səncbad adında dörd kənd rayonundan və Givi şəhərindən ibarətdir.

 

Mahalın mərkəzi olan Givinin tarixi adı Dördevlər olub. Sonradan bir çox yerlər kimi buranında adı dəyişdirilərək Givi, daha sonra isə Kövsər qoyulub. Mahalla bağlı tarixi qaynaqların hamısında bura Dördevlər kimi göstərilib. Yazılanlara görə, əskidən indiki şəhər yerində dörd ailədən ibarət dörd ev olduğu üçün buranı Dördevlər adlandırıblar. Sonradan həmin dörd evin olduğu yerdə başqa evlər tikilib, əhali çoxalaraq kəndə, sonra isə şəhərə çevrilib.

 

Givi mahalı da iqtisadi cəhətdən daha çox əl işləri sənayesi, əkinçilik və heyvandarlığa bağlıdır. Burada da iri sənaye müəssisələri demək olar ki, yox səviyyəsindədir. Burada buğda, arpa, dənli bitkilər, mərci, noxud və bostan məhsulları əhalinin əsas məşğuliyyətlərindəndir. Eyni halda alma, gilas, gilənar, alça, ərik, qoz, fındıq, heyva, badam, tut, armud və sair bu kimi bağçılıq məhsulları da mahalın əsas gəlir mənbələrindən hesab edilir. Mahalın üzümü məşhur və keyfiyyətli olduğundan başqa əyalətlərdən buna tələbat daha çoxdur.

 

Givi mahalı geniş və zəngin otlaqlar və yaylaqlara malik olduğu üçün burada heyvandarlıqda ətraf mahallarda olduğu kimi inkişaf edib. Mahal 100 min hektar zəngin otlaqlara malikdir. Mahalda son illər dəvəquşu yetişdirmək üçün bir neçə ferma yaradılıb və ətraf əyalətlərin bu ətə olan tələbatını ödəyir. Xalxal mahalında olduğu kimi, Gividə də arıçılıq geniş inkişaf edib. Əldə olunan məhsul ölkənin bir çox yerlərinə ixrac edilir.

 

Givi mahalında mövcud olan əl işləri sənayesi qonşu mahallarla demək olar eynidir. Burada cecim və kilim toxumaq daha çox yayqındır. Bununla yanaşı gültikmə, naxış salma, səbət toxuma, oyma işləri, ənənəvi naxışlı corabların toxunması mahal qadın-qızlarının əsas məşğuliyyətlərindən sayılır.

 

Mahalda bir sıra tarixi və turistik yerlər mövcuddur. Yerli əhalinin maddi gəlirlərinin bir hissəsi də ölkənin müxtəlif yerlərindən bura gələn turistlərin və mahalda mövcud olan turizm mərkəzlərinin payına düşür.

 

Dördevlər mahalının Məşkül kəndinin məscidində mövcud olan və 6-cı əsrdə düzəldilmiş minbər nadir tarixi irslərdən biri sayılır. 184 sm uzunu, 110 sm eni və 226 sm hündürlüyü olan ağac minbər 510 oymalı, bəzəkli hissədən ibarətdir. Minbəri təşkil edən yüzlərlə hissənin birləşdirilməsində heç bir başqa vasitədən, maddədən istifadə edilməyib. Bu minbər quruluş tərzinə, üzərində olan incə naxış və oyma işlərinə görə ölkənin ən nadir tarixi əl işlərindən biri sayılır.

 

Dördevlər mahalının başqa maraqlı tarixi, təbii yerlərindən biri Daş Hamamdır. Bu hamamın düzəldilmə tarixi haqqında dəqiq bilgi olmasa da onun eradan öncə düzəldilməsi haqqında fikirlər mövcuddur. Bu hamam bağlarla əhatə olunan qayanın içində tamamilə təbii və ibtidai vasitələrlə düzəldilib. Qayanın oyulması ilə onun sinəsində inşa edilən hamamın isti və soyuq suyu yanaşı olan iki bulaqdan təmin olunur. Həmin bulaqların birinin suyu isti, biri isə soyuqdur. Yerli əhali və başqa yerlərdən gələn qonaqlar buradan həm adi hamam kimi, həmdə böyrək xəstəliklərinin müalicəsi üçün istifadə edirlər.

 

Bunlardan başqa mahalda olan İstisu, Dəlikli daş, Daşbulaq, Rüstəm daşı, Dərbənd, İstisu, Bozluq, Firuz Abad körpüsü, Pardis körpüsü və s. Tarixi təbii yerlər və abidələr mahalın görməli yerlərindən sayılır.

 

Sonda Dördevlər mahalının hələ adları dəyişdirilməmiş bir sıra kəndlərinin adını aşağıda göstəririk:

 

Qara Qışlaq, Gül Qışlaq, Gəlin Qışlağı, Yengicə Qışlaq, Ağca Qışlaq, Ağbaş, Qozlu, Üçbulaq, Pirbudaq, Pirağac, Bağçacıq, Qalın Qaya, Sofulu, İlxıçı, Kül Təpə, Qara Bulaq, Qalacıq, Sülüklü Göl, Havaşan, Daş Gəzir, Çay Gəzir, Afşar, Türk, Ağamirli, Şahsavarlı, Düşmanlı, Çərəlli, Alov, Gəlincan və b.

Orta Doğu Araşdırmalar Mərkəzi (ODAM)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1099
avatar

Oxşar yazılar