“Münsiflər gənclərimizi sözlə sındırırlar”
Əməkdar artist Mehriban Xanlarova Azərbaycanda keçirilən III Ümumrespublika Teatr Festivalını milli teatrımızın inkişafında təkan kimi qiymətləndirib. Lent.az aktrisanın müsahibəsini təqdim edir:
Teatra gələn gənclərin əksəriyyəti telefonla yazışır...
- Mən eşidəndə də ki, belə III Ümumrespublika Teatr Festivalı keçirilir, gənclər bir araya gəlib öz hazırladıqları tamaşaları göstərəcəklər, tanınmış sənətkarlarımız onların yaradıcılıq işini dəyərləndirəcək-buna çox sevindim. Çünki hazırkı dönəmdə gənclərə təkan vermək lazımdır. Açıq söyləyəcəyəm ki, gənclər arasında teatrı sevib, qiymətləndirənlər də var, teatra biganə münasibət göstərənlər də. Mən dəfələrlə fikr vermişəm ki, bu gün teatra tamaşaya baxmaq üçün gələn gənclərin əksəriyyəti əllərindəki bahalı telefonla məşğuldurlar, yazışırlar, internetə daxil olurlar və s. Hansı ki, onlar ən azı telefonu söndürə, yaxud da, kiməsə mesaj yaza bilərlər ki, məni narahat etməyin, tamaşaya baxıram. Amma bunu bütün gənclərə şamil etmək də olmaz. Mən bu etinasızlığın səbəbini heç cürə anlaya bilmirəm. Amma var elə gənclərimiz ki, teatra həvəslə gəlirlər və sona qədər tamaşanı böyük maraqla izləyirlər. Belə gənclər o qədər də çox deyillər.
- Gəncləri teatra gətirmək, teatrı onlara sevdirmək üçün sizcə, hansı vasitələrdən istifadə olunmalıdır?
- Hesab edirəm ki, belə festivalların sayını artırmaq lazımdır. Bu festivallar gəncləri maraqlandıracaq, eyni zamanda ruhlandıracaq. Çünki gəncliyin hər zaman dəstəyə ehtiyacı olub. Amma mənim bir istəyim də budur ki, münsiflər heyətində təmsil olunan sənətkarlarımız gəncləri sındırmasınlar, onlara ürək-dirək versinlər. Çünki bəzən telekanallarımızda yayımlanan yarışmaları izləyəndə jüri tərəfindən gənclərin təzyiqə məruz qaldığını görürük. Gəncləri sözlə sındırırlar. Hətta bəzən onların geyim tərzi. saç düzümünü belə tənqid edirlər. Bu da onları ruhdan salır. Əslində müasir gəncləri buna görə qınamaq olmaz. Müasir gənclər eyni zamanda yeni düşüncə tərzinə də malikdir. Mən arzu edərdim ki, bu festivalda iştirak edən gənclər hansı səviyyədə tamaşa hazırlamalarından asılı olmayaraq ruhlandırılsın. Əslində onları bir araya cəm etmək özü elə bir dəstəkdir. Bu təşəbbüsü yalnız alqışlamaq olar. Mən çox istərdim ki, belə festivallar davamlı olaraq ənənəyə çevrilsin. Çünki gəncliyin yenə də deyirəm dəstəyə böyük ehtiyacı var. Bu festivalın təşkilatçılarına minnətdarlığımı bildirirəm ki, yeni nəslə bu cür diqqət ayırır.
Hər kəs onları barmaqla göstərəcək...
- Teatrı seçən, bu sahədə addımlamaq istəyən gənclərə məsləhətiniz nədir bəs?
- Birinci növbədə onlara məsləhətim budur ki, teatrı sevsinlər. Bu sahəni sevmədən səhnədə oynamaq çox çətindir. Sən heç vaxt təbii oynaya bilməyəcəksən, tamaşaçını özünə cəlb edə bilməyəcəksən. Bəzən bu sənətə şöhrət naminə gəlirlər. Düşünürlər ki, səhnəyə gələcəklər, tez bir zamanda məşhurlaşıb tanınacaqlar. Hər kəs onları barmaqla göstərəcək. Çoxları yalnız buna görə teatrı seçir. Amma yanılırlar. Çox vaxt tanınmış sənətkarlara baxıb aktyor olmaq istəyirlər. İstəsinlər, bu gözəl bir istəkdir. Amma bu sənətin enişi-yoxuşu, çətinlikləri var. Onların çoxu bilmir, amma biz hansı çətinlikləri aşıb bu sənətə gəlmişik, özümüz bilirik axı. Bu sənətə gələndə heç şöhrət barədə düşünmürdük. Bu sənətin fanatları idik. Deyirdik, təki səhnəyə çıxaq, gözəl tamaşalarda oynayaq və özümüzü sevdirək. Məvacib barədə düşünmürdük. Elə indinin özündə də səhnədə canını qoyan sənətkarlarımızı pul-para maraqlandırmayıb.
- Yeni nəslə ümidiniz varmı? Sizcə, gənc nəsil bugünkü aktyor, rejissor nəslinin layiqli davamçıları ola biləcəkmi?
- Niyə də olmasın? Bəzən elə istedadlı gənc görürəm özüm də təəccüb edirəm ki, necə istedadlı gəncdir. Onlara dəstək lazımdır. Bu istedadı parıldadıb üzə çıxarmaq, xalqa tanıtmaq lazımdır. Onlara şərait yaradılmalı, təkan verilməlidir. Düşünürəm ki, gənclər arasında keçirilən festival onlara təkan verəcək və öz istedadlarını nümayiş etdirəcəklər. Mən də böyük məmnuniyyətlə, gəlib onların təqdim etdiyi tamaşalara baxmaq istərdim. Yeni nəsil yeni ideyaları ilə çox güman ki, fərqlənəcəklər. Hər halda, dəvət gözləyəcəm.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin, ASSİTEJ - Azərbaycan Milli Mərkəzinin dəstək verdiyi Festivalın ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Gənclərin Ümumrespublika Teatr Festivalına 120-yə yaxın istedadlı, yaradıcı gənc qoşulub.
Festivalın informasiya dəstəyi Lent.az xəbər portalıdır.