Əməkdar artist, Opera və Balet Teatrının solisti Fidan Hacıyeva aprelin 19-da Heydər Əliyev Sarayında verəcəyi solo konsert öncəsi mətbuat konfransı keçirib. Beynəlxalq Mətbuat Mərkəzində jurnalistləri başına cəm edən ifaçı tədbir bitəndən sonra Lent.az-a danışıb: “Aprelin 19-da konsertimə gələn hər bir kəsi maraqlı gecə gözləyir. İlk dəfə olaraq konsertim fərqli üslubda olacaq. Həmin gün simfonik orkestr məni müşayiət edəcək. Konsert operanın sintezi və pop-caz üslubunda olacaq. Bu, opera üslubunda ilk sintezdir. Konsertimin ilk yarısında müxtəlif əsərlər səslənəcək, ikinci hissədə isə sırf romanslar olacaq. Gecənin baş dirijoru teatrın baş dirijoru Cavanşir Cəfərovdur. Onu da əlavə edim ki, konsert üçün Amerikada təhsil almış aranjemançı Allahyar Rzayev yeni partituralar yazır. Gecənin aparıcısı isə ictimai televiziyanın aparıcısı Saleh Bağırov olacaq. Müğənni Çingiz Mustafayevin də çıxışı gözlənilir”.
F. Hacıyeva konsertinə təşrif buyuracaq insanlardan da söz açdı: “Hər bir janr kimi, mənim də ifa etdiyim janrın öz həvəskarları var. Hər təbəqədən və ya hər bir yaşdan olan insanlar konsertimə gələ bilərlər. Konsertimdə uşaq evindən himayəyə ehtiyacı olan uşaqlar da iştirak edəcək. Bundan savayı, uşaqlarımın sinif yoldaşlarını da gecəyə dəvət etmişəm. Düşünürəm ki, bir uşağın musiqi zövqünü elə uşaq yaşlarından formalaşdırmaq lazımdır”.
İfaçı konsertində olacaq sürprizlərdən də danışdı: “Onu deyim ki, konsertimdə ifa etdiyim hər bir obrazın öz geyimi olacaq. Bir sürpriz də açıqlayım ki, gecədə geyinəcəyim bir geyim məhz qızıma məxsusdur. Onun əl işidir. O libasla səhnəyə çıxacam”.
Qeyd edək ki, konsertin biletlərinin qiyməti 15-80 manatdır. Gecənin informasiya dəstəkçisi “APA Holding”dir.