Əməkdar artist Ələsgər Məmmədoğlu ölkəmizdə keçirilən III Ümumrespublika Teatr Festivalı barədə fikirlərini bölüşüb. Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin, ASSİTEJ - Azərbaycan Milli Mərkəzinin dəstək verdiyi Festivalın ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Gənclərin Ümumrespublika Teatr Festivalına 120-yə yaxın istedadlı, yaradıcı gənc qoşulub. Festivalın informasiya dəstəyi Lent.az xəbər portalıdır.
- Türkiyə, Gürcüstan, Rusiyanın özündə teatr sahəsində saysız-hesabsız festivallar təşkil olunur. Hər kəs gəlir, iştirak edir, qarşılıqlı mədəniyyət mübadiləsi olur. Mən özüm dəfələrlə o festivallarda iştirak etmişəm. Hər dəfə də ürəyimdən keçib ki, kaş Azərbaycanda da belə festivallar təşkil olunsun. Çünki bu festivallar teatrın inkişafına xidmət edir. Təəssüf ki, bizdə belə festivallar çox azdır. Buna görə mən bu festivalın təşkilatçısı millət vəkili Jalə Əliyevaya təşəkkür etmək istəyirəm. Etiraf edim ki, teatrda gənclər çox azdır. Belə festivallar vasitəsi ilə gəncləri teatra cəlb etmək, onlara dəstək olmaq lazımdır. Elə özümü misal çəkim. Bizim vaxtımızda görkəmli rejissor Lütfi Məmmədbəyovun teatr dərnəyi vardı. Təsəvvür edin, peşəkar teatrlara satılan bilet qiymətinə camaat gəlib bizim tamaşalara baxırdı. Bütün cavanlar, hətta məktəb şagirdləri gəlib o dərnəklərdə özlərini sınayırdılar. İndi teatrlarımızda çalışan məşhur aktyorların çoxu o dərnəklərdən gəlib. Başda rəhmətlik Həsənağa Turabov olmaqla. Təəssüf ki, indi nə xalq teatrları var, nə də dram dərnəkləri. Bəs cavanlar özlərini harada göstərsinlər, necə sübut etsinlər?
- Köhnə nəsil sənətkarlarımızı əvəzləyəcək yeni nəsil sizcə yetişirmi?
- Təəssüf doğuracaq haldır. Bu gün teatr sənətinə maraq çox azdır. Bunu hər kəs bilir. Hətta Mədəniyyət və İncəsənət Universitetinə sənəd verənlərin əksəriyyəti aktyor olmaq həvəsindən çox uzaqdır. Qəbul olunanların da çoxu təsadüfü insanlardır. Amma Rusiyada Teatr institutlarına böyük axın var. Bəlkə də bizim tanınmış aktyorlarımızın keçdiyi həyat yolu, çətinliklər cavanları qorxudur. Bilmirəm. Heç telekanallarda da teatra yer ayrılmır, bir dənə tamaşa göstərilmir. Təzə tamaşaları demirəm, heç olmasa, bizim köhnə tamaşaları göstərsinlər ki, cavan nəsil baxıb görsün nə var, nə yox.
- Sizcə, təbliğatın zəifliyi teatra olan marağı azaldıb?
- Əlbəttə. Yeni nəslin başı qarışıb şouya, ucuz əyləncəyə. Seriallar çəkiblər, bu serialların da keyfiyyətindən danışmağa dəyməz. Amma baxıb görürəm ki, Azərbaycanda musiqi sahəsinə axın böyükdür. Gənc televizoru açıb baxır ki, bütün günü efirlərdə müğənnilər oxuyur, danışır. Hər kəs müğənni olmaq istəyir. Ola bilsin burda maddi maraq da öz sözünü deyir. Müğənni yaxşı pul qazanır, toylara gedir, tanınır. Amma teatr adamları kasıb yaşayır. Baxıb görürəm ki, yaşlı aktyorlar dünyasını dəyişir, amma davamçılar gəlmir. Gəncləri maraqlandırmaq, cəlb etmək, bu sənəti sevdirmək lazımdır. Bax, festivalın özü elə ən böyük təbliğat deməkdir.