Əkrəm Əylislinin 10 ildir işıq üzü görməyən şeirləri
14 fevral 2013 12:41 (UTC +04:00)

Əkrəm Əylislinin 10 ildir işıq üzü görməyən şeirləri

Yazıçı Əkrəm Əylislinin 2003-cü ildə Bakıdakı Mərkəzi Klinik Xəstəxanada müalicə olunarkən hazırladığı, amma çap olunmayan kollaj-yazısı yayılıb. Azadlıq Radiosunun yaydığı həmin yazını Lent.az-ın oxucularına təqdim edirik:
 

KÖHNƏ HİSSİYYAT, TƏZƏ TƏƏSSÜRAT...

"... Və o sözləri Əjdərin şeirlə yazmağına Sərvər qətiyyən təəccüblənmədi, çünki haçansa - məktəbdə oxuyanda o özü də bir qıza şeirlə məktub yazmışdı və o vaxtdan bilirdi ki, dünyada elə sözlər var, onları yalnız şeirlə demək olur".
                                           

                                                                 "Ürək yaman şeydir" (1972)
                                                                 hekayəsindən

 

Bir məyusluq

Getsəm, çətin bir də dönəm mən bura,
Bir də, inanmıram, qayıda biləm.
Qayıdıb kimsəni ağıllandıram,
Kimsəni yuxudan oyada biləm.

Yox, düz başlamadım mən bu nağılı:
Axı yatan yoxdur, hamı oyaqdır.
Bunların hamısı - məndən ağıllı,
Bunların hamısı - məndən ayıqdır.

Qarışıb dünyanın tülkü-təkəsi,
Daha bir kimsəni tanımaq olmur.
Heç bir naxələfi, heç bir nakəsi
Hakəsliyə görə qınamaq olmur.

Üzlərdə - təbəssüm, ürəklərdə - şər:
Bu necə məzhəbdi, bu necə dindi!
Ömründə bir dəfə risk etməyənlər
Riskdən, cəsarətdən danışır indi.

Deyirdim, bəlkə də məndədir günah,
Bəlkə mən çaşmışam - haqdan dönmüşəm...
İndi lap arxayın oldum ki, Allah,
Bir haqlı varmışsa, o da mənmişəm.

Gəldim, öz “səhvimi-suçumu” qandım,
Bir də seyr eləyib yaxını, yadı.
İnandım, axır ki, mən də inandım,
Bildim ki, bu dünya köhnə dünyadı.

Boş bir əfsanəymiş həya da, haqq da!
Göz də gördüyündən usanmış, Allah.
Lap qarışqanı da tapdalamaqdan
Haqqı tapdalamaq asanmış, Allah!..

Hərə bir daş tapıb, çırpdı başıma,
Haçan sağalacaq bu yara, Tanrım!
Bitmiş ömürləri bir də yaşamaq
Nə yaman xoş gəldi bunlara, Tanrım!

 

Bir arzu

Ölüm, tələsmə görək,
Hələ çox işim qalır.
Kənddə, arx qırağında
Üç-dörd bənövşəm qalır.

Bir az səbr elə, ölüm:
Qoy bir də bu dünyadan
Gilənar çiçəyinin
Ağappaq səsi gəlsin.
Otların, çəmənlərin,
Salxım yasəmənlərin
İlk məhəbbət qoxulu
Həzin nəfəsi gəlsin...

Ölüm, aman ver bir az,
Hələ çox işim qalır.
Yerdə gecikmiş yazım,
Göydə günəşim qalır.

 

 

... Və yenə oradan - "Ürək yaman şeydir" hekayəsindən:

"Ay işığı idi, Ay göyün tən ortasında dayanmışdı və onun gur işığında dəniz soyuq-soyuq alışıb-yanırdı.
 

- Deyən, sözüm bərk dəydi sənə... Bağışla, mən elə demək istəmirdim. - Bunu Sərvər az qala ağlaya-ağlaya dedi.
 

- Əjdər soyuq havanı həris-həris ciyərinə çəkdi:
 

- Yox, əşi, o nə sözdü ki. Mən ayrı şey fikirləşirəm.
 

- Nə fikirləşirsən?
 

- Bu gün bazarda bir qəribə şey görmüşəm, səhərdən beynimdən çıxmır. Bir xırdaca ev köpəyi bir yekə küçə itini qabağına qatıb qovurdu... Özü də, görəydin, necə qovurdu!.. Camaat da baxıb hırıldaşırdı.
 

Sərvər:
 

- Sən piyansan, - dedi, - sayıqlayırsan.
 

 

Əjdər dedi:
 

- Bilirsən, o it niyə qaçırdı?
 

Sərvər dedi:
 

- Bilmirəm, gəl çıxaq gedək.
 

- Hara gedək?
 

- Hara deyirsən...
 

Əjdər dedi:
 

- Onda vağzal tərəfə gedəcəyik.
 

Onlar baş alıb vağzal səmtə yollandılar və bir az gedəndən sonra yenə Əjdər it barədəki o söhbətin üstünə qayıtdı:
 

- Mən o itin qaçmağına təəccüb eləmirəm, - dedi. - Mən başqa şeyə təəccüb eləyirəm: O qədər adamın içində heç kəs bilmirdi ki, o yekəlikdə it o siçovula oxşayan tüllabın qabağından niyə qaçır...
 

- Sən bilirdin?
 

- Bilirdim, həlbəttə bilirdim! O it gözəl başa düşürdü ki, camaatın hamısı o siçovul tüllabınan əlbirdir... Ona görə də qaçırdı…”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5182
avatar

Oxşar yazılar