Səfirimiz Tacikistan Elmlər Akademiyasının prezidenti ilə görüşüb
30 yanvar 2014 00:52 (UTC +04:00)

Səfirimiz Tacikistan Elmlər Akademiyasının prezidenti ilə görüşüb

Yanvarın 29-da Düşənbədə ölkəmizin Tacikistandakı səfiri Abbasəli Həsənov Tacikistan Elmlər Akademiyasının prezidenti Farhod Rahimovla görüşüb.

 

Azərbaycanın Tacikistandakı səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə tərəflər tələbə mübadiləsi, kadr hazırlığı, elmi-tədqiqat institutları arasında birbaşa əlaqələrin yaradılmasının mühümlüyünü vurğulayıb və birgə elmi tədqiqatların aparılması, birgə elmi layihələr hazırlanması, seminarların, konfransların və simpoziumların keçirilməsinin əhəmiyyətini qeyd edib.

 

Humanitar sahədəki əməkdaşlığa toxunan A.Həsənov bu sahədə perspektivlərin olduğunu vurğulayıb. Diplomat bunun üçün əlyazmalar institutlarının resurslarından qarşılıqlı istifadənin (kataloq və əlyazmaların surətlərinin mübadiləsi, bu sahədə birgə elmi tədqiqatların aparılması)  mümkünlüyünü önə çəkib.

 

Səfir əlavə edib ki, orta əsr əlyazmalarının müasir dilimizə tərcümə edilərək gələcək nəsillərə çatdırılması çox mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Tərəflər qeyd edib ki, sovet dövründə ən güclü şərqşünaslıq məktəblərindən birinciləri Azərbaycan və Tacikistan hesab olunurdu.  

 

Görüşdə həmçinin Ə.Caminin yubileyinə hazırlıq işlərinin görülməsi, X.Şirvani, N.Gəncəvi kimi şairlərin yaradıcılığının birgə tədqiq olunması, Novruz bayramı ilə bağlı birgə elmi tədqiqatların aparılması, iki ölkənin Elmlər Akademiyası, eləcə də Şərqşünaslıq, Əlyazmalar İnstitutları arasında əməkdaşlıq sazişinin imzalanmasının sürətləndirilməsi və s. məsələlərə toxunulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645
avatar

Oxşar yazılar