Dirijorumuz Sergey Raxmaninovun yubiley musiqi festivalda iştirak edib
10 iyul 2013 01:45 (UTC +04:00)

Dirijorumuz Sergey Raxmaninovun yubiley musiqi festivalda iştirak edib

Azərbaycanlı dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev Rusiyada keçirilən rus bəstəkarı Sergey Raxmaninovun 140-lik yubileyinə həsr olunmuş beynəlxalq musiqi festivalda iştirak edib. Bu barədəAPA-ya Əyyub Quliyev özü məlumat verib. Onun sözlərinə görə, festivalın aşılış mərasimi iyulun 6-da V.Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının Skryabin adına böyük zalında baş tutub.

 

Tədbirdən öncə beynəlxalq festivalın iştirakçıları Azərbaycan Akademik Opera və Balet teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, London Kral Musiqi Akademiyasının məzunu, İspaniyada pianoçularun müsabiqəsinin qalibi İlya Maksimov, Stavropol bölgəsinin mədəniyyət naziri Tatyana Lixaçeva, Kislovodsk şəhərinin meri Natalya Lusenko və Safonov adına Federal Filarmoniyanın direktoru, professor Svetlana Berejnaya kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirib: “Görüşdə Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin inkişafı, festivalda ifa olunacaq əsərlərin dünya şöhrətli ifaçıların, eyni zamanda tanınmış gənc musiqiçilər tərəfindən təqdimatının əhəmiyyəti geniş müzakirə olundu. Mətbuat konfransından sonra gerçəkləşən konsertdə rus bəstəkarı Sergey Raxmaninovun nadir hallarda səslənən lakin böyük sənət əsərlərindən biri kimi qiymətləndirilən xor, solistlər və orkestr üçün “ Zəng səsləri” (“Kolokola”) poeması dinləyicilərə təqdim olundu. 4 hissədən ibarət olan poemanın ifasında S.Raxmaninov adına vokalçıların beynəlxalq müsabiqəsinin qalibləri Sergey Maydanov, Yelena Filimonova, İvan Maksimeyko, Akademik Filarmonik xor və simfonik orkestr iştirak etdi”.

 

Ə. Quliyev qeyd edib ki, onun rəhbərliyi ilə ifa olunan möhtəşəm əsər dinləyicilər tərəfindən uzun müddət ərzində alqışlanıb: “700 nəfərlik böyük zalda yer tapa bilməyən və salonun pilləkənlərində əyləşməyə məcbur olan musiqi sevərlər əsəri sonda ayaqüstə qarşıladılar. Proqramın ikinci bölməsində isə Sergey Raxmaninovun yaratdığı ilk instrumental əsərlərdən biri olan fortepiano və orkestr üçün bir saylı konsert Qəbələ beynəlxalq müsabiqəsinin qalibi İlya Maksimov tərəfindən məharətlə ifa olundu”. 

 

Ə.Quliyev qeyd edib ki, Raxmaninov beynəlxalq musiqi festivalı iyulun 28-dək dəvam edəcək: “Festivalın digər konsertlərində görkəmli musiqiçilər professor Andrey Diev, Aleksandr Taraseviç-Nikolaev, dirijorlar Georgiy Çiçinadze, Stanislav Koçanovskiy və digər tanınmış ifaçılar iştirak edirlər. İyulun 19-da isə bəstəkarın “Aleko” operasının yeni quruluşda premyerasının təqdimatı nəzərdə tutulub”.

 

Qeyd edək ki, Əyyub Quliyev Raxmaninov beynəlxalq musiqi festivalında iştirak edən ilk azərbaycanlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1004
avatar

Oxşar yazılar