Cülyettanın Romeoluğu
27 iyun 2014 11:45 (UTC +04:00)

Cülyettanın Romeoluğu

Axır ki, dostumuz Ceyhun Musaoğlunun ardıcıl təkidindən sonra bir hekayəm ingilis dilinə tərcümə olundu və mən də daxil 18 müəllifin topalandığı “Hekayələrimiz sizin dilinizdə” kitabının təqdimatını keçirdik. Mənim hekayəmin adı “Anaxanım”dır. Aranın tozlu düzəngahlardakı yeraltı damda məskunlaşmış tənha və yaşlı bir qadının həyat hekayətidir. Qısadır. Cümlələri sadədir. Kövrəkdir bir az da. Açığını deyim, bu cür hekayələr mənə şöhrət gətirəndə xəcalət çəkirəm. Kiminsə faciəsi ilə özümü reklam edirəm sanki. Amma, inanın, belə deyil. Bu səpkili yazılarımın hamısını bu insanları sevdiyim və dərdlərinə ortaq olduğum üçün yazıram.

 

 

“Anaxanım”ı ingiliscə görəndə gic bir gülmək tutdu məni. Səbəbini izah edə bilmirəm. Məncə, elə hekayənin başlığı idi ən ciddi səbəb: “Anakhanum”   

 

 

Təqdimat mərasimində təsadüfən yanaşı oturduğumuz tərcüməçi Sevil Gültənə bu barədə heç nə demədim. O, “Anaxanım”ı xeyli təriflədi. Amma bir az da tərcümədə qarşıya çıxan problemlərdən danışdı. İnanmazdım! Sadə dili var, dedim. Dedi, məsələ sadəlikdə deyil. Anaxanımın həyat tərzi, istifadə elədiyi əşyalar, bəzi milli situasiyalar tərcüməni zorlaşdırmış! Bilmədim sevinəm, yoxsa kədərlənəm. Sevil xanım onu da dedi ki, ən çətin mətn Fəxri Uğurlunun “Leylinin Məcnunluğu” idi. Avropalı Füzulinin nə tanıyır ki, əsərinin dekonstruksiyasını başa düşsün. Mən də zarafatla bildirdim ki, gərək onu “Cülyettanın Romeoluğu” kimi tərcümə edəydin.

 

 

Tərcümə yaralı yerimizdi. Birinci problem Azərbaycan dilinə, ikinci, ən ağırı isə, Azərbaycandan xarici dillərə... Məsələn, Türkiyədə bu məsələlərlə böyük bir təşkilat məşğul olur. Bizim Tərcümə Mərkəzinin isə indiyədək ciddi fəaliyyət göstərmək imkanı yox idi. Nəhayət, məlum sərəncamla NK yanında müvafiq qurum yarandı. Görək...

 

Avropada və Türkiyədə çap olunan bəzi kitablar Azərbaycan ədəbiyyatının vəziyyətini ifadə etmir. Bu kitabların heç biri, burax Avropanı, heç Türkiyə oxucusunun marağına səbəb olmur. Necə deyərlər, pul-paran var, nə istəyirsən elə. Amma bu o demək deyil ki, çap edildiyin ölkənin ədəbi mühitindəsən.

 

 “Hekayələrimiz sizin dilinizdə” kitabı da öz qüssəli tirajıyla (500 nüsxə) dediklərimin təsdiqidir. Harada yayılacaq bu kitab, kim oxuyacaq? Ancaq bütün hallarda nəcib ideyadır və alqışlanmağa layiqdir.

 

 

Bir həqiqəti də deyim: xarici dillərə tərcümə olunmaq həvəsim yoxdur. Ceyhun bəyə də bu hekayəni ideyaya dəstək üçün verdim. Ümumiyyətlə isə, almanaxlardan zəhləm gedir. Çünki, bilirəm ki, Azərbaycan ədəbiyyatı öz içində coşub-daşıb dünyaya çıxmaq, sıçramaq iqtidarında deyil. Fərdi təşəbbüslər özünü aldatmadır.

 

 

İndiyədək gələn təkliflərin hamısını əlimin arxası ilə itələmişəm. İllah da məlum olanda ki, tərcümə pulunu mən ödəməliyəm. Hətta bir dəfə Türkiyədə ünlü bir nəşriyyat üçün İmdat Avşarla söhbətləşdik. Mənimçün o qədər də ucuz olmayan qiymət əslində xeyli münasib sayılmalı idi. Sonra İmdat bəydən xahiş etdim ki, bir hekayəmi çevirsin və onun üslubuna baxım. Bu, türk qardaşımızın xətrinə dəydi. Guya mən səhv edirmişəm bununla... Mən də dedim, sağ ol, əfəndim, səninki səndə, mənimki məndə! Xeyir ola, həm nəsr yaz, həm də onun tərcüməsi üçün pul axtar. Qardaş mən məşhur olmaq istəmirəm. Dünyanın məni tanıyıb-tanımaması vecimə deyil. Səmimi deyirəm. Məni maraqlandıran ürəyim istəyən mətnləri yazmaqdır.

 

Ədəbiyyatımız o zaman inkişaf edib dünya ədəbiyyatının bir hissəsinə çevriləcək ki, hərə öz işi ilə məşğul olsun. Yazıçı yazsın, nəşriyyat çap eləsin, tərcüməçi tərcüməyə başlasın və s.

 

Amma ümidsiz deyiləm...         

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1040

Oxşar yazılar