Bu gün Azərbaycanın xalq artisti, milli operalarımızda əsas rolların ifaçısı Gülxar Həsənovanın doğum günüdür. Lent.az kino.org.az saytına istinadən məlumatına görə, Gülxar İbrahim qızı Həsənova 1918-ci il dekabrın 10-da Bakıda anadan olub. 1936 -1942-ci illərdə Gənc Tamaşaçılar Teatrının solisti olub. Səhnədə yaratdığı obrazlarla diqqəti cəlb edən G. Həsənova dahi Üzeyir bəyin də gözündən yayınmayıb.
Tamaşaların birində gənc aktrisanın çıxışını diqqətlə izləyən Üzeyir bəy onun məlahətli səsini yüksək qiymətləndirərək Opera və Balet Teatrında çalışmasını tövsiyə edir. Beləliklə G. Həsənovanın sonrakı səhnə fəaliyyəti Opera və Balet Teatrında davam edir. Onun ifasında Əsli, Xanəndə qız (“Əsli və Kərəm”, “Koroğlu”, Ü. Hacıbəyov), Şahsənəm (“Aşıq Qərib” Z. Hacıbəyov), Təravət xanım (“Bahadur və Sona”, S.Ələsgərov), Ana (“Gəlin qayası”, Ş. Axundova) və digər partiyalar böyük professionallığı, özünəməxsusluğu ilə seçilir. Onun yaradıcılığının zirvəsi Müslüm Maqomayevin “Şah İsmayıl” operasında yaratdığı güclü cəsarətli Ərəbzəngi və Ü. Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, Leylinin anası partiyalarıdır.
Səhnə fəaliyyətini bitirən xalq artisti milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədib. Operada yaratdığı rollarla yanaşı o, “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Gecə qatarında”, “Xoşbəxtlik qayğıları”, “Məkanın melodiyası”, “Zirzəmi” bədii filmlərində, “Min birinci söz”, “Yollar görüşəndə bədii televiziya filmlərində, ”Son tamaşa” (Debüt studiyası) qısametrajlı sənədli filmində də çəkilib.
Şöhrət ordenli sənətçimiz 2005-ci ildə vəfat edib.