“Gürcüstanın müstəqillik bayramına həsr olunan 20-27 may Mədəniyyət Günləri” çərçivəsində “Azərbaycan Mədəniyyəti Günü” keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstan hökumətinin və Gürcüstanın Mədəniyyət və Tarixi Abidələrin Mühafizəsi Nazirliyinin dəstəyi və Gürcüstan Maliyyə Nazirliyinin maliyyə dəstəyi, Bolnisi rayon icra hakimiyyətinin və Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Tədbiri çıxış edən Bolnisi rayon icra hakimiyyəti başçısının azərbaycanlı müavini Xələddin İsmayılov Gürcüstan hökumətinin təşəbbüsü ilə ölkənin bütün regionlarında mədəniyyət günlərinin keçirildiyini bildirib: “Bu gün keçirilən gün hər il mayın 24-də ənənəvi bayram kimi qeyd olunacaq. Biz bu görüşü “Gəlin, tanış olaq” adlandırmışıq. Bu gün bizi gürcü xalqından heç nə ayırmır. Biz əsrlərlə bir yerdə qardaş kimi yaşayırıq. Gürcü xalqı Azərbaycan xalqının mədəniyyəti ilə yaxından tanışdır. Biz indi gürcü cəmiyyətinə inteqrasiya yolundayıq. 20 ildir ki, bu salonda oturmayanlar var, amma indən belə bu mədəniyyət evində biz gürcülərlə birgə çox vacib tədbirlər keçirəcəyik. Biz belə tədbirlər üçün darıxmışıq. Bizə dostluğu, qardaşlığı inkişaf etdirmək lazımdır”.
Tədbirdə çıxış edən ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmisi Şövqi Mehdizadə Gürcüstanın 26 may bayramını və Azərbaycanın 28 may-Respublika Günü bayramını təbrik edib. O, çıxışında iki ölkənin talelərinin oxşar olduğunu deyib: “Elə günlərimiz var idi ki, biz təhlükə ilə qarşılaşdıq. Azərbaycanda 20 Yanvar Günü, Gürcüstanda 9 Aprel Günü ən kədərli günlərimizdir. Bizim problemlərimiz və kədərimiz də eynidir. Yeni tarix göstərir ki, biz nə qədər bir-birimizi dəstəkləsək, o qədər güclü olarıq. Nəticədə bizim dövlət və dövlətçiliyimiz möhkəmlənər. Bu günkü tədbir buna nümunədir. ARDNŞ kimi biz sosial-humanitar, mədəni layihələrin həyata keçirilməsinə çalışırıq. İndiyədək biz ölkələrimiz arasında dostluğumuzu daha da dərinləşdirmək üçün 14 layihə həyata keçirmişik, bu layihələr hələ çox davam edəcək”, deyə Ş. Mehdizadə qeyd edib.
Tədbirdə çıxış edən Bolnisi rayin icra hakimiyyətinin başçısı Levan Palavandişvili tədbirin əhəmiyyətindən danışıb və bütün azərbaycanlıları bu gün baş tutan “Azərbaycan Mədəniyyəti Günü” tədbiri münasibətilə təbrik edib. Tədbirdə iştirak edən və ürək sözlərini bildirən çıxışçılar belə tədbirlərin dostluğa xidmət etdiyini vurğulayıblar.
Sonra Azərbaycanlıların Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən “Sarvan” folklor rəqs ansamblının nümayiş etdiyi bütün rəqslər, o cümlədən “Sarı gəlin”, “Odlar Yurdu” rəqsləri tamaşaçıların dəfələrlə alqışlarına səbəb olub. “Azərbaycan Mədəniyyəti Günü” tədbirində aşıqlar da, “Borçalı” ansamblının üzvləri də çıxış ediblər. Tamaşaçılar qarşısında ilk dəfə saz ilə çıxış edərək öz həmkarı Aşıq Nargilə ilə “Ruhani” havasını duet kimi ifa edən Amerikadan gələn qonaq Ben Villerin aşıqlıq məharətini bütün tamaşaçılar diqqətlə və heyranlıqla dinləyiblər.
Sonra Marneulidən, Bolnisidən və Qardabanidən gələn azərbaycanlı məktəblilərin ifasında müxtəlif gürcü və Azərbaycan rəqs havaları, “Çonquri”də və gitarada, eləcə də pianino və kamançada çalınan musiqi nömrələri və mahnılar nümayiş etdirilib. Tədbirdə Hacıyev qardaşlarının da Rəşid Behbudovun repertuarından götürülən “Sənə də qalmaz” mahnısı bəyənilib.
“Azərbaycan Mədəniyyəti Günü” bayramında Borçalıda yaşayan soydaşlarımızın mətbəxi, xalçaçılıq, əl işləri, rəsm nümunələrinin sərgisi də keçirilib. Tədbirdə Gürcüstanda nəşr olunan Azərbaycandilli qəzetlər, Gürcüstanda yazıb-yaradan şair və yazıçıların kitabları nümayiş olunub.
ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərindən gələn və bir ildir ki, Tiflis Konservatoriyasında təhsil alan Ben Viller APA-nın Gürcüstan bürosunun müxbirinə açıqlamasında Azərbaycan folkloru ilə yaxından maraqlandığını bildirib: “Mən bütün Borçalının kəndlərini gəzmişəm. Bu yerlərdə yaşayan əhalinin qonaqpərvərliyinə heyran olmuşam. Azərbaycan xalqı istiqanlı xalqdır. Sizin musiqilərinizi, folklorunuzu çox bəyənirəm və öyrənirəm. Bir neçə saz havasını çala bilirəm. Eşidəndə ki, Gürcüstanda “Azərbaycan Mədəniyyəti Günü” keçirilir, biz Aşıq Nargilə ilə duet kimi “Ruhani” havasını nümayiş etdirdik”, deyə Ben Viller bildirib.