Baş leytenant Azərin: “Mesaj verməyi sevirəm”
17 noyabr 2015 19:19 (UTC +04:00)

Baş leytenant Azərin: “Mesaj verməyi sevirəm”

“Müdafiə Nazirliyinin zabitiyəm, baş leytenantam. Hər ay cəbhə bölgələrində konsertlərim olur. Biz firavan yaşamağımızı vətənin keşiyində dayanan oğullara borcluyuq”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişinin qonağı, xalq artisti Azərin deyib.

 

Xanım sənətçi 9 yaşından böyük səhnədə olduğunu, 1990-cı ildə “Bakı payızı” müsabiqəsində ilk dəfə estrada səhnəsinə çıxdığının xatırladıb. O bildirib ki, sovet dövründə “Cücələrim” ansamblının solisti kimi xarici ölkələrə səfərləri çox olub: “Azərbaycan Dövlət Konservatoriyasını bitirmişəm. Klassik vokal ifaçısıyam. Amma repertuarımda hər üslubda musiqi var. Albomlarında Azərbaycan və dünya klassiklərinin əsərləri ilə yanaşı, estrada mahnıları da yer alır. Vətənpərvərlik mahnılarına üstünlük verməyimin özəl bir səbəbi yoxdur. Bunun başlanğıcı “Çırpınırdı Qara dəniz” mahnısı ilə qoyuldu. Bundan sonra bəstəkarlar, şairlər tərəfindən artıq vətənpərvərlik mövzusunda təkliflər gəlməyə başladı. Ölkədə baş verən proseslər, üstəlik xasiyyətimlə əlaqədar artıq bu yolla getməyə başladım. 2000-ci ildən birgə çalışdığım prodüserim Cavid Abidovla məsləhətləşəndə repertuarda mütləq şəkildə vətənpərvərlik mövzusunda mahnılar olmalıdır deyə plan qurmadıq. Sadəcə mənə xoşdur. Bu xasiyyətdə olduğuma görə heyfslənmirəm. Bir sənətçi kimi pop ilə klassik musiqisinin sintezini sevirəm”.

 

Əsasən Türkiyədə olan Azərin, orada bir çox təkliflər aldığını deyir: “Təkliflər çoxdur. TRT-də proqram apardığım müddətdə çox təkliflər oldu. Türkdilli ölkələrin sənət adamları duet oxumağı təklif etdilər. Amma proqramım canlı olduğu üçün başqa işlərə vaxt ayıra bilmirdim. Yalnız proqram bitdikdən sonra təklifləri dəyərləndirməyə zaman tapdım. Məşhur türk şairi Osman Baş uzun müddət idi ki, sözlərinə mahnı ifa etməyimi arzu edirdi. Hətta mənim haqqımda şeiri də var. O, Azərbaycana könül verən, Qarabağın dərdini özünə dərd edən biridir. Açıq etiraf edək ki, maddi dünyada mənəviyyata əhəmiyyət verən insanlar azdır. Bu səbəbdən də təklifi dəyərləndirməyə çalışdım. Eyni zamanda Osman Başın Türkiyədə “Necəsən, yaxşımısan?”, “Xarı bülbül” kitabları çapdan çıxdı. Bu nəşrlər Türkiyədə böyük tirajla satılır. “Xarı bülbül”ə ön sözü mən yazmışam. Şeirlərin içindən “Xarı bülbül”ü seçdim. Uzun müddətdir ki, əməkdaşlıq etdiyim Məryəm xanım Əlibəylidən bu sözlərə musiqi yazması üçün müraciət etdim. Və beləcə, yeni mahnı yarandı”.

 

Müğənni ifa etdiyi hər bir mahnıda hər hansısa bir ismarıç olduğunu bildirib: “Mesaj verməyi sevirəm. İstəyirəm, insanlar məni dinləyəndə özləri üçün nə isə götürsünlər. Xarı bülbül bizim yaralı yerimizdir. Bəlkə də ona sadəcə bir çiçək kimi baxırıq, amma bu Azərbaycan tarixinə aid bir çiçəkdir, Qarabağda Şuşadan başqa heç yerdə bitmir. Osman Başın bu mövzuya toxunmağı mənə fəxr hissi verdi. Nə yaxşı ki, belə insanlar var. Biz bu mahnını lentə aldıq”.

 

Azərin qeyd edib ki, dövrümüzdə mədəniyyətin siyasətdən daha güclüdür. Türkiyədə “Ürəklərdə bir iz” adlı albomunun işıq üzü gördüyünü əlavə edən ifaçı, albomda “Çırpınırdı Qara dəniz”in yeni aranjemanda yer aldığını deyib: “İllərlə orada çalışmağıma rəğmən, albom hazırlamaq üçün dürüst adam tapa bilmirdim. Bu albomda Rəbiyyə xanımın sözlərinə “Çanakkala türküsü” adlı ilk bəstəm də yer alıb. Eyni zamanda Türkiyənin istiqlal şairi Mehmet Akif Ersoyun ordunun duasına yazdığı şeirə bacım Zümrüd Tağıyeva bir mahnı bəstələyib və həmin mahnı da albomda yer alıb. Tarixi şəxsiyyətlərlə bağlı olan belə bir albomun işıq üzü görməsi mənim çoxdankı arzum idi. Albom Türkiyədə satışa çıxarılıb. Azərbaycanda satışı olmayacaq”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1024
avatar

Oxşar yazılar