Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktrisası Aydan Həsənova beynəlxalq müsabiqədə ölkəmizi təmsil edəcək. Teatrdan Lent.az-a verilən məlumata görə, o, may ayında Yekaterinburqda keçiriləcək SSRİ xalq artisti Vladimir Kuroçkin adına “Gənc Operetta və Muzikl Artistlərinin VI Beynəlxalq müsabiqəsi”ndə çıxış edəcək. A. Həsənova tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin maddi dəstəyi ilə iştirak edəcək.
Qeyd edək ki, müsabiqə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosasiyası, “Qerard Vasilyev adına operetta janrının qorunub saxlanması və inkişafı fondu” Sverdlovsk Vilayət Mədəniyyət Nazirliyi və Sverdlovsk Vilayət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutacaq. Operetta və muzikl çərçivəsində “Vokal və səhnə sənəti” nominasiyasında keçiriləcək müsabiqədə Rusiyadan və xarici ölkələrdən 35 yaşa qədər olan gənclər iştirak edəcəklər. Müsabiqə 2016-cı il 16-21 may tarixlərində Rusiya Federasiyasının Yekatirinburq şəhərində Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında keçiriləcək. Aydan Həsənova müsabiqədə Ü. Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını, İ. Dunayevskinin “Azad külək” operettasından Pepitanın mahnısını və F. Leqarın “Sirkin şahzadəsi” operettasından Teadoranın ariyasını ifa edəcək.