Əməkdar artist Xalidə Quliyeva Azərbaycanda keçirilən III Ümumrespublika Teatr Festivalını yüksək qiymətləndirir. Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin, ASSİTEJ - Azərbaycan Milli Mərkəzinin dəstək verdiyi Festivalın ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Gənclərin Ümumrespublika Teatr Festivalına 120-yə yaxın istedadlı, yaradıcı gənc qoşulub. Festivalın informasiya dəstəyi Lent.az xəbər portalıdır.
- Bizim gəncliklə müqayisədə indiki gənclər tamamən fərqlənirlər. Dünyagörüşləri daha genişdir. İnternet əsrində yaşadığımız üçün onlar müasir texnikadan daha rahat şəkildə istifadə edirlər. Onlar daha məlumatlı və daha informasiyalıdırlar. Əlbəttə belə olduqları üçün də daha sərbəstdirlər. Ümumiyyətlə, insan daxilən sərbəst, azad olanda daha düzgün qərar verə bilir, daha düzgün seçim edir, daha lazım olanı tapa bilir. İndiki gənclər daha sürətli, daha müstəqil düşüncə tərzinə malikdirlər. Bu mənada biz gənclərə ümid edə bilərik. Mən gizlətmirəm, bax, gənclərə olan o ümid bizim nəsli yaşadır.
- Bu mənada, hazırda keçirilən Gənclərin 3-cü ümumrespublika Festivalını necə qiymətləndirirsiniz? Sizcə, bu festival gənclərin düşüncə tərzinə təsir edib, onların teatra olan marağını artıracaqmı?
- Teatr insan mənəviyyatını üzə çıxaran, cəmiyyətə çatdıran bir vasitədir. Bu cür festivalları təşkil etməklə həm də gənclərin məsuliyyətini artırmış oluruq. Hədəf də budur ki, yaradıcı gənclər boş-boş işlərlə məşğul olmasınlar. Sirr deyil ki, sadaladığım müsbət keyfiyyətlərlə birgə, gənclərimizdə bir qədər məsuliyyətsizlik var. Teatr sənəti, eləcə də bu sahə ilə məşğul olan insanlar, istər rejissor olsun, istər aktyorlar insanı formalaşdırır. Bu festival eyni zamanda gənclərin bədii-estetik zövqünü formalaşdıracaq ki, bu da çox əhəmiyyətlidir. Bu mənada incəsənətlə əlaqəli sahələri əhatə edən festivalların, eləcə də, müsabiqələrin sayı artırılmalıdır. Biz teatr adamları bu cür festivallardan çox şey gözləyirik. Üstəgəl, festival çərçivəsində keçiriləcək yaradıcı düşərgələr, ustad dərsləri... Gənclər həmin görüşlərdə iştirak edərək, həm də bir-birlərini dinləməyi, təhlil və sağlam tənqid etməyi öyrənəcəklər. İnsanı dinləmək bacarığı özü bir mədəniyyətdir. Bu düşərgələr gənclərdə bu mədəniyyəti də formalaşdıracaq.
- Bu festivalla bağlı hansı tövsiyələriniz var?
- Çox istərdim ki, bu festival miqyasını, trayektoriyasını daha da genişləndirsin və Avropa, hətta dünya səviyyəsində keçirilsin. Milli dəyərlər sistemi var ki, bu yalnız bizə xasdır. Bizə xas olanı, milli-mənəvi dəyərlərimizi üzə çıxarsaq, səhnələşdirsək, yaxud da ekranlaşdırsaq, məncə bu dünya üçün də, bizim özümüz üçün də tanıtım baxımından çox maraqlı olacaq.